Məktəblərdə din tədris edilsə, vəziyyət daha da qəlizləşəcək - EKSPERT


Qafqaz Müsəlmanları İdarəsinin məktəblərdə dinin tədrisi ilə bağlı təklifi birmənalı qarşılanmayıb.


AFN.az xəbər verir ki, QMİ bunun yeniyetmələr arasında dini radikalizmin yayılmasını əngəlləyəcəyini düşünür. Bildirilir ki, orta məktəblərdə dinin tədrisi yeniyetmələrdə din haqda obyektiv fikrin formalaşmasına səbəb olacaq. Bir sıra mütəxəssislər isə hesab edirlər ki, hazırkı situasiyada məktəblərdə dinin tədrisinə yol vermək olmaz. Rəylərə görə, hazırda məktəblərdə digər fənlərin, riyaziyyat, ana dili, tarix kimi elementar dərslərin doğru-düzgün tədrisi aparılmır. Belə olan halda isə din kimi həssas bir mövzunun tədrisinə cəhd vəziyyəti daha da qəlizləşdirə bilər.
Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi AFN.az-a mövzunu şərh edərkən bildirdi ki, ölkə Konstitusiyasına əsasən din dövlətdən ayrıdır, eləcə də dinlə təhsili, elmi yanaşı qoymaq yanlışlıqdır: "Din hər hansı bir şəxsin inancıdır, etiqadıdır, həmin şəxs onu özü müəyyən yaş dövründən asılı olaraq seçə bilər. Bir qayda olaraq, bu qərarın verilməsi 18 yaşdan sonra baş verir, insan özü formalaşır, baxışları formalaşır. Dinin orta məktəblərdə tədrisinə gəlincə, bu doğru deyil. Biz dini radikalizmin qarşısını almaq istəyiriksə, müxtəlif qurumlar, aidiyyatı orqanlar məşğul olur bununla. Bunun üçün mütləq din tədris etmək lazım deyil, əksinə, şagirdlərə, dəqiq elmləri, humanitar fənləri yaxşı öyrətməliyik. Şagird 16-17 yaşına çatanda ola bilər ki, ümumiyyətlə heç bir dini qəbul etməsin. Biz son dövrlər bunu çox müşahidə edirik ki, insanlar təhsillərini artırdıqca, din bir növ arxa plana keçir. Dinlə bağlı zatən həyat bilgisi fənnində, digər bəzi fənlərdə müəyyən məlumatlar verilir. Nəzərə alsaq ki, bu gün Azərbaycanda 4440-dan çox təhsil müəssisəsi fəaliyyət göstərir, burada 1,6 milyondan çox şagird təhsil alır, onların hansının dinə bağlı olduğunu, hansı dinə qulluq etdiyini necə müəyyənləşdirəcəyik? Valideynlərin təsiri altında çox cüzi hissəsi aşağı yaşlardan dinlə maraqlanırlar. Qalanları fəqrlidir, onların psixologiyaları fərqlidir. Məncə, biz dini onlara tədris, dolayısı ilə də təbliğ etməklə, vəziyyəti daha da qəlizləşdirə bilərik. Müasir dövrün tələbləri, prioriteti din deyil, təhsildir, elmdir. Yaxşı olar ki, bu qurumlar təhsilin inkişafı ilə bağlı təkliflər irəli sürsünlər, dinlə bağlı deyil. Eyni zamanda, müvafiq qurumlara dini radikalizmin qarşısını almaq üçün tutarlı təkliflər hazırlayıb təqdim etsinlər".

FAMİL



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu