Valideynlərdən təmir pulu adı altında vəsait toplanması qanun pozuntusudur - EKSPERT


Son günlər bəzi məktəblərdə pul yığılması məsələsi yenə gündəmdədir.


Valideynlər AFN.az-a müraciət edərək Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyada şagirdlərdən təmir pulu yığıldığını bildiriblər. Qeyd edilir ki, gimnaziyada şagirdlərdən 50 manatdan (birinci yazıda səhvən 15 manat qeyd edilmişdi-red.) yığılır. Maraqlıdır ki, yazı saytımızda dərc edildikdən sonra redaksiyamıza müraciət edən digər valideynlər belə bir yığımın olduğunu, lakin bunun könüllülük əsasında aparıldığını bildiriblər.
Qeyd edək ki, vəsait sinif rəhbərlərinin kartına göndərilir. Valideynlərlə söhbətdən o da aydın oldu ki, yığılan vəsaitlərlə bağlı heç bir hesabatlılıq yoxdur. Bəs Azərbaycan qanunvericiliyi dövlət təhsil müəssisələrində könüllülük əsasında pul yığılmasına imkan verirmi? Bunun mexanizmi necədir?
Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi AFN.az-a açıqlamasında bildirdi ki, “Təhsil haqqında” qanunda təhsil müəssisələrinə könüllü ianələr edilməsi ilə bağlı məsələ əksini tapıb: “Qanunun 34, 38, 39-cu maddələrində bu barədə tələblər var. Lakin təəssüflər olsun ki, bizdə bəziləri bu məsələni başqa cür anlayır və reallaşdırır. İanə mütləq könüllü şəkildə olmalıdır. Tutaq ki, hər hansı bir valideynin imkanı çatır və o istəyir ki, övladının təhsil aldığı auditoriya qışda isti, yayda sərin olsun. Yaxud istəyir ki, övladının oxuduğu sinifdə ağıllı lövhə olsun, onu təmin edir. Yəni könüllülük prinsipi budur, bu formada reallaşdırıla bilər. Amma bütün valideynlərdən ianə adı altında pul yığmaq qanunvericiliyin tələbinin pozulması deməkdir. Yaxud valideynlərdən təmir pulu, avadanlıq pulu adı altında vəsaitin toplanması da qanunvericiliyə ziddir. Çünki hər hansı bir təhsil müəssisəsində inventarlarla bağlı çatışmazlıq varsa, həmin təhsil müəssisəsinin rəhbərliyi aidiyyatı quruma, yəni Elm və Təhsil Nazirliyinə, tabe olduğu regional təhsil idarəsinə, digər qurumlara bu haqda müraciət etməli və çatışmazlığı həmin aidiyyatı qurum təmin etməlidir. Bunu valideynlərin hesabına əldə etmək qanunvericiliyin tələblərinin pozulması deməkdir və həmin addımı atan şəxs məsuliyyət daşıyır”.

Bəs könüllü ianənin mexanizmi necə olmalıdır? Ekspertin sözlərinə görə, bunun üçün məktəbin fondu ola bilər, valideynlər ora yatırım edə bilərlər: “Burada məktəbin bir nömrəli vəzifəsi şəffaflığı qorumaqdır, valideynlər qarşısında hesabatlı olmaqdır. Tutaq ki, 5 nəfər valideyn yaxınlaşıb 1000 manat pul köçürüb, həmin valideynlərin hüququ var ki, həmin vəaitin hara xərclənməsi ilə bağlı məlumat alsınlar”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu