Donald Tramp və İlon Mask arasında qanun gərginliyi

ABŞ prezidenti Donald Trampla məşhur milyarder və sahibkar İlon Mask arasında fikir ayrılığı yaranıb.
AFN.az-ın xarici mətbuata istinadla yaydığı məlumata görə, qarşıdurmaya səbəb federal büdcə xərclərinin azaldılması ilə bağlı yeni qanun layihəsidir.
İlon Mask 2 gün əvvəl “X” platformasında paylaşım edərək sözügedən qanun layihəsini sərt tənqid atəşinə tutub. O, paylaşımında belə deyib: “Bu qanun layihəsi iyrəncdir. Ona səs verənlər utanmalıdır, siz bunun səhv olduğunu bilirsiniz”.
Donald Tramp isə Almaniya kansleri Fridrix Mertslə görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən Maskın bu açıqlamasına münasibət bildirib. “İlonun bu cür açıqlama verməsi məni məyus etdi. Mən ona bir çox məsələlərdə dəstək olmuşam”, – deyə Tramp qeyd edib.
Tramp əlavə edib ki, Mask qanun layihəsinin detalları ilə əvvəlcədən tanış idi. Onun fikrincə, Mask yalnız layihədə elektrik avtomobil istehsalçılarına verilən stimulların azaldılacağını gördükdən sonra narazılıq etməyə başlayıb.