Marko Rubionun olduğu təyyarə mexaniki problem səbəbindən geri qayıdıb

Almaniyaya uçan ABŞ dövlət katibi Marko Rubionun olduğu təyyarənin mexaniki problem səbəbindən geri döndüyü bildirilir.
ABŞ Dövlət Departamentinin sözçüsü Tami Bryus Rubionun Almaniyaya səfəri üçün havaya qalxan təyyarəsində yaranan nasazlıqla bağlı açıqlama verib.
"Bu axşam Vaşinqtondan Münhenə yola düşən dövlət katibi Rubionu aparan təyyarədə mexaniki problem olub", - deyə Bryus bildirib.
Təyyarənin Merilend ştatındakı Endryus Birgə Bazasına döndüyünü deyən Bryus, Rubionun Almaniya və Yaxın Şərqə səfərləri üçün fərqli bir təyyarədən istifadə edəcəyini söyləyib.
Adı açıqlanmayan bir məmur bildirib ki, havaya qalxdıqdan təxminən 90 dəqiqə sonra "Boeing" 757 C-32 tipli təyyarənin kabinəsinin şüşəsində texniki nasazlıq yaranıb.