İrəvan 1918-ci ildə necə güzəşt edilib? - Zaur Əliyevin məqaləsi nüfuzlu beynəlxalq jurnalda
Azərbaycanlı alimin nüfuzlu beynəlxalq jurnalda İrəvanın Ermənistana güzəşti və 1918-ci ilin siyasi-hüquqi prosesləri ilə bağlı elmi məqaləsi dərc edilib.
AFN.az xəbər verir ki, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Kuba Respublikasının “XXX Aniversario de la Universidad de Cienfuegos “Carlos Rafael Rodríguez” Universitetinin nəzdində olan, beynəlxalq xülasələndirmə və indeksləşmə bazası olan “Web of Science” qeydiyyatında olan “La Revista “Universidad y Sociedad””” jurnalında “Azərbaycan Cümhuriyyətinin yaradılması və İrəvanın Ermənistan Respublikasına güzəşti (1918-ci ilin siyasi-hüquqi prosesləri)” başlıqlı elmi məqaləsi dərc edilib.
Müəllif məqalədə elmi faktlar, əlyazma, arxiv sənədləri və mötəbər müəlliflərə istinad edərək İrəvan şəhərinin tarixən ermənilərə heç bir aidiyyatı olmadığını sübut etməklə yanaşı, 1918-ci ildə baş verən siyasi-hüquqi prosesləri təhlil edir.
Məqalədə istinadlar göstərilir ki, İrəvanın Ermənistan dövlətinə yox, Ermənistan Federasiyasına siyasi mərkəz olaraq güzəşt edilməsindən söhbət gedir. Azərbaycan Milli Şurasının protokollarına nəzər salsaq, sənədlərdə “erməni federasiyası” yazıldığını görərik. İrəvanın güzəşt edilməsi sənədində də yazılır: “İrəvan siyasi mərkəz kimi erməni federasiyasına verilir”.
Müəllif beynəlxalq hüququn mövcud normalarına istinad edərək faktlarla isbat edir ki, Batum müqaviləsində İrəvanın güzəştə gedilməsi və ermənilərin hər hansı öhdəlik götürməsi ilə bağlı razılaşma yoxdur: İrəvan erməni Milli Şurası ilə Azərbaycan Milli Şurası arasında centlmen razılaşması əsasında verilib. 1918-ci ildə erməni cümhuriyyəti yaratmaq üçün paytaxt olmadığına görə Azərbaycan Milli Şurası İrəvanı güzəştə gedib. Bunun müqabilində erməni Milli Şurası Yelizavetpol quberniyasının dağlıq hissəsinə, indiki Dağlıq Qarabağa olan iddialarından imtina haqda öhdəlik götürüb.
Müəllif hüquq və siyasi razılaşmalar ilə bağlı beynəlxalq təcrübəni əsas götürərək İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi barədə həm 4 iyun 1918-ci il tarixli Batum müqavilələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirdiyini elmi əsaslarla izah edir.
Müəllif sonda qeyd edir ki, dünya Ermənistanın ərazisini tanıyıb və mövcud dünya xəritəsi qəbul edilib. Amma dünya həqiqətləri də bilməlidir. Belə münasibət bizə qarşı da formalaşmalıdır. Beynəlxalq hüquqda tarixi amillər öz rolunu oynayıb, presedent hüququ vardır. Ona görə bizim mövqeyimizi möhkəmləndirən kifayət qədər çox amillər var: tarixi, hüquqi və siyasi.
Qeyd edək ki, Zaur Əliyevin "Zəngəzur dəhlizi”, “İrəvan şəhərinin hüququ statusu”, “31 mart soyqırımı”, “Uydurma erməni soyqırımı” və digər başlıqlı məqalələri də beynəlxalq xülasələndirmə və indeksləşmə bazası olan “Web of Science” və “Scopus”-da qeydiyyatda olan jurnallarda dərc edilib və müəllifin bu mövzularda kitabları var.
Məqalə ilə saytın səhifəsində tanış olmaq olar: https://rus.ucf.edu.cu/index.php/rus/article/view/5400




