Tarixçi alim deputat Kamal Cəfərova cavab verdi

Hörmətli Kamal bəy!
"Yeni Müsavat" qəzetində yazınızı oxudum, düzü, sizi qınamıram. Gənc və Milli Məclisdə mandat qazanan bir şəxssiz. Anlayıram. Heç kimin tanımadığı və bilmədiyi Kamal Cəfərov gündəmə gəlib özünü tanıtmalı idi. Lakin çox səhv yerdən başlamısınız. Kaş 50 milyonluq Azərbaycanlıların ən azı 40 milyonunun sevgisini qazanan Məhəmməd Əmin Rəsulzadə barədə alternativ mənbələr oxumadan fikir bildirməyədiniz.
Hörmətli Kamal bəy!
İrəvan şəhərinin ermənilərə güzəşt edilməsi məsələsində nədənsə bu hakimiyyətdə təmsil olunan bəzi şəxslər kimi ittiham edilən tərəf Rəsulzadə olur. Sanki hardasa bir kurs açılıb və orda iştirak edən şəxslər Rəsulzadəni ittiham etmək təhsili alırlar.
Əzizim 1991-ci ildə Azərbaycan müstəqilik qazanıb yeni elm, yeni tarix və yeni təhsil barədə proqramlar işləyən bir dövrdə Sizin yazınızda sovet ideologiyasının şüurlarda qalıqlarını hələ də davam etməsini görmək olar.
İndi gələlim əsas məsələlərdən birinə, yəni İrəvanın Cümhuriyyət dövründə onun rəhbərləri tərəfindən nədən ermənilərə verilməsinə. Bir sözlə, "İrəvanın ermənilərə güzəştə gedilməsi" məsələsinə.
Əziz millət vəkili!
İlk olaraq diqqətinizə çatdırım ki, o dövrün sənədləri ilə yaxından tanış olasınız. İrəvanın ermənilərə paytaxt verilməsi məsələsi 1912-ci ildə artıq həll olunmuş idi. Məsləhət görərdim o ildə dərc edilən "Известия Бакинского Совета" adlı qəzetin 220-ci sayın arxivdən əldə edib baxasınız. Qəzetdə yazılır :" 1912-ci ildə erməni burjuaziyası və ziyalıları Tiflisdə toplanaraq "Erməni məsələsi"nin dünya siyasətçilərinin diqqət mərkəzində olacağını və Rusiya hökumətinin ermənilərə xoş niyyətlərini bildirəcəyini nəzərə alaraq qarşıda dayanan ümummilli məsələlərin həll edilməsi üçün toplanmağı təklif etdilər. Burada iştirak edən dünyanın hər yerindən gələn ermənilər yaxın zamanlarda böyük dövlətlərin, konkret Rusiya, Almaniya, Britaniyanın razılığı ilə paytaxt əldə edəcəklərini və dövlətlərinin yaradılacağını elan edirlər. Ya Gümrü, Osmanlılar razı olmasa İrəvan onların paytaxtı olacaq idi"
Keçək digər məsələyə niyə Azərbaycan dövlətinin yaradılması uğrunda aparılan mübarizə və yoxdan bir Cümhuriyyət quran kişilərin bu addımını böyük siyasi səhv, maksimum isə satqınlıq və xəyanət kimi izah edirsiz. Maraqlıdır ki, İrəvanın Ermənistana verilməsi məsələsində də ən çox ittiham olunan Məhəmməd Əmin Rəsulzadədir. Niyə də?
Diqqətinizə çatdırım ki, Azərbaycan Milli Şurası yaranıb M.Ə.Rəsulzadə onun sədri seçildiyi (1918, 27 may), Azərbaycan Cümhuriyyətinin İstiqlal Bəyannaməsi qəbul edildiyi (1928-ci il 28 may) və Milli Şura İrəvanı ermənilərə güzəştə gedildiyi (1918, 29 may) tarixlərdə Rəsulzadə faktiki olaraq Batum şəhərində olmuşdur. Belə ki, Rəsulzadə Məhəmməd Həsən Hacınski ilə birlikdə 1918-ci ilin mayın 11-dən iyunun 4-dək Osmanlı Türkiyəsi və Zaqafqaziya seymi nümaynədələri arasında keçirilən Batum konfransında iştirak etmişdir. Bunu çoxsaylı sənədlər və materiallar da təsdiq edir. Bu iki şəxs Batumda Azərbaycan Cümhuriyyətinin yaradılması uğrunda konkret mübarizə aparırdılar.
Rəsulzadənin bu konfransda iştirakında məqsəd həmin dövrdə Azərbaycanın bir hissəsində ağalıq edən bolşevik-daşnak hökuməti - Bakı Xalq Komissarları Sovetini aradan qaldırmaq üçün Türkiyədən hərbi yardım almaq idi. Bu mənada, Rəsulzadə fiziki şəkildə nə İstiqlal Bəyannaməsinə imza ata bilmiş, nə də "İrəvanın ermənilərə güzəştə gedilməsi" məsələsinin müzakirə olunduğu iclasda iştirak etmişdir.
Əzizim Kamal bəy!
Milli Şuranın yenə də Rəsulzadənin iştirak etmədiyi növbəti icasında (1918-ci il 29 may) İrəvanın Ermənistana güzəştə gedilməsi ilə bağlı məsələni müzakirə etmişdir. Bu məsələnin müzakirəyə çıxarılmasına isə erməni Milli Şurasının nümayəndələri səbəb olmuşlar. Belə ki, həmin dövrdə Azərbaycan Milli Şurası kimi Tiflisdə fəaliyyət göstərən ermənilərin Milli Şurası müstəqilliklərini dünyaya bəyan etsələr də, Ermənistanın paytaxtını müəyyənləşdirə bilməmişlər. Düzdür, ermənilər əvvəlcə Gümrünü (Aleksandropolu) Ermənistanın paytaxtı kimi görürmüşlər. Ancaq həmin dövrdə Gümrü Osmanlıların nəzarəti altında olduğu üçün, bu mümkünsüz olmuşdur. Ona görə də ermənilər özlərinə yeni bir paytaxt kimi İrəvanı müəyyənləşdirmişlər.
1918-ci il mayın 29-da Tiflisdə Azərbaycan Milli Şurasının iclası keçirildi. İclasın 3 nömrəli protokoluna görə, Fətəli xan Xoyski şura üzvlərinin Azərbaycan və Erməni federasiyası ərazilərinin sərhədləri məsələsinə dair erməni milli şurası ilə apardıqları danışıqların nəticələri barədə məruzə etmişdir. Xoyski məruzəsini Erməni federasiyasının yaradılması üçün onlara siyasi mərkəz lazım olduğunu, Aleksandropolun (Gümrü) Türkiyəyə keçməsindən sonra belə mərkəzin yalnız İrəvan ola biləcəyi haqqında məlumat verdikdən sonra İrəvanın ermənilərə güzəştə gedilməsinin zəruri olduğunu bildirmişdir.
Ancaq bir fakta xüsusi diqqət yetirin ki, burada İrəvanın Ermənistan dövlətinə yox, Ermənistan Federasiyasına siyasi mərkəz olaraq güzəşt edilməsindən söhbət gedir. Azərbaycan Milli Şurasının protokollarına nəzər salsaq, sənədlərdə “erməni federasiyası” yazıldığını görərik. İrəvanın güzəşt edilməsi sənədində də yazılır: “İrəvan siyasi mərkəz kimi erməni federasiyasına verilir”. Sənəddə federasiya sözü varsa, bu, hələ tam, birmənalı erməni dövləti demək deyil. Amma sonrakı sənədlərdə biz “Ararat Respublikası” və ya “Ermənistan dövləti” kimi ifadələri görürük. Amma gerçəklikdə Milli Şura razılıq verməsəydi belə, məsələ faktiki həll olunmuşdu. Çünki İrəvan və ətrafında Osmanlı cəbhəsindən məğlub kimi gəlmiş və türklərə qarşı kin hissi ilə dolu, hər bir müsəlmanın qanına susamış minlərlə erməni silahlısı vardı. Bunun müqabilində isə cəmi bir gün öncə özgə paytaxtında elan olunmuş və öz paytaxtı olmayan Azərbaycan dövlətinin rəsmi olaraq bir nəfər də olsun, əsgəri, bir ədəd də olsun, silahı yox idi. Bax, məsələnin əsas mahiyyəti bundan ibarət idi. Və o dövrkü beynəlxalq və regional gerçəkliyi dərk etdikdə inanırsan ki, İrəvanın güzəştə gedilməsində istər Osmanlını, istərsə də müvəqqəti Milli Şuranı günahlandırmaq doğru deyil.Bir faktı da diqqətinizə çatdırım ki, Fətəli xan Xoyski 1918-ci il 31 iyulda İstanbulda olan nümayəndə heyətinin başçısı Məhəmməd Əmin Rəsulzadəyə məktubunda yazır ki, əgər ermənilər Qarabağın dağlıq hissəsinə iddialarından vaz keçməsələr, onda biz İrəvan şəhərini onlara güzəştə getməkdən imtina edəcəyik.
Əzizim Kamal bəy!
Diqqətinizə çatdırım ki, mərhum Heydər Əliyev hakimiyyətin ilk illərində Tiflisdə Xan Xoyskinin məzarını ziyarət edib və heykəlinin açılışında iştirak edib. Heydər Əliyevin böyük hörmət etdiyi
"İrəvanın ermənilərə güzəştə gedilməsi" məsələsində Rəsulzadə yox Fətəli Xan Xoyskinin imza atmasını niyə unudursuz. Məhz Xoyskinin baş nazir olduğu dövrdə, onun da razılığı və birbaşa iştirakı ilə İrəvan Ermənistana güzəşt gedilmişdir. Hətta, bu məsələni Milli Şurada Xoyski səsləndirmişdir. Çünki Xoyski bir tərəfdən Milli Şuranın İcraiyyə Komitəsinin sədri, digər tərəfdən Azərbaycan Cümhuriyyətinin baş naziri idi. Ermənilər də bu təkliflərini ilk növbədə, ona bildirmişdilər.
"İrəvanın ermənilərə güzəştə gedilməsi" məsələsində şərtlər barədə yazmıram, internetdə kifayət qədər məlumat var..
Amma nədənsə sizin tərəf, təmsil olunduğunuz tərəf "İrəvanın ermənilərə güzəştə gedilməsi" məsələsində ancaq və ancaq hədəf Rəsulzadə götürülür. Amma unudursunuz ki, siz Rəsulzadəni hədəfə almaqla şüuraltı olaraq "satqın" və "xəyanətkar" ifadələrini Xoyski və digərlərini də nəzərdə tutursunuz.
Əzizim Kamal bəy!
Diqqətinizə çatdırım ki, Rəsulzadə Milli Şuranın sonrakı iclaskarında İrəvanın güzəştə gedilməsinin əleyhinə çıxış etmişdir. Yəni Milli Şuranın həmin qərarını pisləmiş və buna etiraz etmişdir.
Lakin sizin və sizi himayə edən siyasi gücün məqsədi İrəvanın güzəştə gedənləri müəyən etmək deyil, sadəcə Rəsulzadənin əsas rol oynamasını sübut etməkdən daha çox cəmiyyət daxilində, xüsusilə gənclər arasında onun haqqında mənfi rəy, mənfi imic qazandırmaqdır. Psixoloqlar qeyd edirlər ki, bu cürə hallarda kütlə, o cümlədən gənclər məsələnin əsas mahiyyətinə deyil, ümumi mənzərəyə nəzər salırlar. Ümumi mənzərə də ondan ibarətdir ki, məhz Azərbaycan Cümhuriyyəti dövründə və onun rəhbərləri tərəfindən İrəvan ermənilərə güzəştə gedilmişdir. Üstəlik nəzərə alsaq ki, Rəsulzadə həmin Cümhuriyyətin lideri hesab olunur, artıq əsas günahkar rolunda onun göstərilməsi heç də mənasız görünmür. Yəni bu müddəanı ortaya atanlar demək istəyirlər ki, Azərbaycan Cümhuriyyətinin lideri, dövlət başçısı, qurucusu və ideoloqu Rəsulzadə olmuşdusa, baxın onun dövlət başçısı olduğu dövrdə İrəvan ermənilərə verilmişdir. Müxtəlif mediada, müxtəlif situasiyalarda bir siyasi tərəfin adamların dilindən eyni kəlmələri dəfələrlə eşidən bəzi gənclər də artıq şübhə etmirlər ki, İrəvanı ermənilərə məhz Rəsulzadə vermişdir. Bütün gücünüz ilə Rəsulzadənin xalqın qəlbindən çıxarmağa çalışırsınız. Amma illərdir heç bir nəticə vermir. Çünki ürəyə yazılan sevgi silinmir.
Əzizim Kamal bəy!
Siz millət vəkilisiniz. Elə İrəvan üçün canınız yanır dünyanın bir neçə beynəlxalq hüquq üzrə mütəxəssislərindən aldığım məsləhət, beynəlxalq qanunlar və prosedurlarla, arxiv sənədləri üzərində yazdığım bu yazını oxuyun və İrəvanı geri qaytarmaq yollarını bilin. Əgər sizin doğurdanda qəlbinizdə belə istək varsa tələb edin 1918-ci il 29 May tarixli Milli Şuranın 3 saylı protokolu ləğv edilsin və İrəvana iddia qaldıraq. Qalan prosedur necə olacaq BU YAZIMDA var.
Sizə "İrəvan 100" kitabımı hədiyyə edə bilərəm. Ən azından o dövr haqqında ətraflı bilgi almaq üçün.
Hörmətlə Zaur Əliyev, dosent