ÜST: Ölkələr hantavirusa görə hazırlıqlı olmalıdır



Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus "MV Hondius" sərnişin gəmisində baş qaldıran hantavirus epidemiyası ilə bağlı mühüm xəbərdarlıqlar edib.

AFN.az xəbər verir ki, Parisdəki səhiyyə rəsmiləri gəmidə virusa yoluxan fransız qadının vəziyyətinin ağırlaşdığını və onun reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşulduğunu bildiriblər.

Madriddə keçirilən mətbuat konfransında çıxış edən Qebreyesus çətin vəziyyətdə qalan gəmini qəbul etdiyi üçün İspaniyaya şəfqət və həmrəylik nümayiş etdirdiyinə görə təşəkkür edib.

Mövcud vəziyyətin genişmiqyaslı pandemiya riski daşımadığını qeyd edən baş direktor buna baxmayaraq virusun inkubasiya dövrünün uzunluğunu nəzərə alaraq, yaxın həftələrdə yeni yoluxma hallarının üzə çıxmasının qaçılmaz olduğunu vurğulayıb.

Argentinadan çıxaraq Yaşıl Burun adalarına doğru üzən "MV Hondius" gəmisindəki epidemiyada indiyədək biri alman, ikisi hollandiyalı olmaqla üç sərnişin həyatını itirib. ÜST artıq virusun insandan-insana keçə bilən "Andes" variantına sahib doqquz halı təsdiqləyib.

Hazırda Parisdə reanimasiyada olan 65 yaşlı Fransa vətəndaşının vəziyyəti çox kritik olaraq qiymətləndirilir. Həkimlər onu süni ağciyər və qan dövranı dəstəyi ilə həyatda saxlamağa çalışırlar.

Eyni zamanda, İspaniyanın paytaxtı Madriddəki hərbi xəstəxanada karantinə alınan 14 nəfərdən birinin də testi pozitiv çıxıb, lakin onun vəziyyəti hələlik stabil olaraq qalır.

Beynəlxalq səviyyədə təhlükəsizlik tədbirləri maksimuma çatdırılıb. Böyük Britaniya Sağlıq Təhlükəsizliyi Agentliyi Cənubi Atlantik adalarından 10 nəfərin ehtiyat tədbiri olaraq Londona gətiriləcəyini, Hollandiyada isə xəstə nümunələri ilə təmasda olan 12 tibb işçisinin 6 həftəlik karantinə alındığını açıqlayıb.

Hazırda 25 nəfərlik heyət və tibbi personal ilə Rotterdam limanına doğru hərəkət edən gəmi ilə bağlı vəziyyət ÜST və digər beynəlxalq qurumlar tərəfindən yaxından izlənilir.

İspaniya Baş naziri Pedro Sançes isə dünyanın hazırkı məqamda eqoizmə deyil, məhz bu cür böhranlar zamanı nümayiş etdirilən həmrəyliyə ehtiyacı olduğunu bildirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu