Hantavirus pandemiyaya çevriləcəkmi?
Dünya Səhiyyə Təşkilatı (DST) bir sərnişin gəmisində baş qaldıran hantavirus epidemiyasının yeni bir qlobal pandemiya mənasına gəlmədiyini açıqlayıb.
AFN.az xəbər verir ki, DST rəsmiləri virusun yayılma formasının COVID-19-dan fərqli olduğunu və riskin aşağı səviyyədə qalacağını bəyan ediblər.
DST-nin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Mariya van Kerkhove hantavirusun COVID-19 kimi hava yolu ilə deyil, yaxın və uzunmüddətli təmasla keçdiyini bildirib.
Van Kerkhove mövcud vəziyyətin altı il əvvəlki COVID-19-un başlanğıcından tamamilə fərqli olduğunu vurğulayıb.
Niderland bayrağı altında üzən "MV Hondius" adlı lüks sərnişin gəmisində qeydə alınan epidemiyada indiyədək səkkiz şübhəli yoluxmadan beşi təsdiqlənib.
Virus səbəbindən 69 yaşlı niderlandlı qadın, onun həyat yoldaşı və bir Almaniya vətəndaşı olmaqla cəmi üç nəfər həyatını itirib.
Faktlar üzərində araşdırmalar davam edərkən, virusun insandan insana keçməsinin bu epidemiya ilə birlikdə ilk dəfə sənədləşdirildiyi ifadə edilib.
Aprelin 1-də Argentinadan yola düşən və mayın 10-da İspaniyanın Kanar adalarına çatacağı gözlənilən gəmidə təxminən 150 sərnişin və heyət üzvünün olduğu açıqlanıb.
DST-nin Baş direktoru Tedros Qebreyesus virusa ilk yoluxanların Cənubi Amerikada qatıldıqları bir quş müşahidə turunda infeksiyaya yoluxmuş ola biləcəyini qeyd edib.
Xəstəliyin altı həftəyə qədər davam edə bilən inkubasiya dövrü səbəbindən yeni yoluxmaların görülə biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
Gəmidən daha əvvəl Müqəddəs Yelena adasında ayrılan 29 sərnişinin izlənilməsi üçün beynəlxalq səviyyədə işlərə başlanılıb.
Böyük Britaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) ölkəyə qayıdan bəzi sərnişinlərin özlərini izolyasiya etdiklərini bildirib.
Digər tərəfdən, İspaniya rəsmiləri gəminin Tenerife adasına çatması ilə birlikdə Britaniya və ABŞ vətəndaşlarının xüsusi təyyarələrlə təxliyə edilməsi üçün London və Vaşinqton ilə danışıqların davam etdiyini açıqlayıblar.
Məlumat üçün bildirək ki, hantavirus əsasən gəmiricilərdən keçən bir xəstəlik kimi tanınır.
Gəmiricilərin qurumuş nəcisi, sidiyi və tüpürcəyinin qarışdığı havanın tənəffüs edilməsi, bəzən də gəmirici tərəfindən dişlənmə və ya cırmaqlanma ilə keçən virus qızdırma, yorğunluq və əzələ ağrısı kimi simptomlarla özünü göstərir.
Tənəffüs çatışmazlığına da səbəb ola bilən virus bəzi hallarda daxili qanaxma və böyrək çatışmazlığı şəklində inkişaf edir.
