Hollandiyada hantavirus qalmaqalı: 12 tibb işçisi karantinə alındı
Hollandiyanın Neymegen şəhərindəki Radbaud Universitetinin Tibb Mərkəzində hantavirusa yoluxmuş xəstə ilə rəftar zamanı təhlükəsizlik protokolları pozulub.
AFN.az "Hart van Nederland" portalına istinadən xəbər verir ki, hadisə nəticəsində xəstəxananın 12 əməkdaşı ehtiyat tədbiri olaraq 6 həftəlik karantinə yerləşdirilib. Klinika rəhbərliyi bəyan edib ki, analiz üçün götürülən qan nümunələri və bioloji tullantıların məhv edilməsi zamanı beynəlxalq standartlara tam əməl olunmayıb.
"Yoluxma ehtimalı çox aşağı olsa da, müalicə prosesində iştirak edən hər kəs üçün təhlükəsizlik qaydaları mütləqdir. Bu hadisənin universitet mərkəzində baş verməsindən təəssüf edirik", - deyə xəstəxana idarə heyətinin sədri Bertin Lahüys bildirib.
Qeyd edək ki, sözügedən xəstə aprel ayında Argentinadan kruizə çıxan "MV Hondius" laynerindən təxliyə edilib. Sözügedən gəmidə hantavirusun "Andes" ştamı aşkar olunub ki, bu da nadir hallarda insandan insana keçə bilir.
Laynerdəki epidemiya nəticəsində artıq 3 nəfər həlak olub, 8 nəfərdə isə virus rəsmən təsdiqlənib. Hazırda gəmi dezinfeksiya üçün Hollandiyanın Rotterdam limanına doğru hərəkət edir.
