"Meta" yaşlıları hədəf alan fırıldaqçı reklamlar səbəbindən məhkəməyə verilib
Uşaq təhlükəsizliyi qaydalarının pozulmasından sonra "Meta" şirkəti indi də yaşlıları və müdafiəsiz istifadəçiləri hədəf alan fırıldaq məzmunlu reklamlardan gəlir əldə etdiyi iddiası ilə yeni məhkəmə iddiası ilə üzləşib.
AFN.az xəbər verir ki, Kaliforniyanın Santa-Klara dairə rəhbərliyi "Meta"nın "Facebook" və "Instagram" vasitəsilə yayılan saxta reklamları bilərəkdən əngəlləmədiyini iddia edərək iddia qaldırıb. Dairə rəsmiləri şirkətin öz platformalarındakı fırıldaqçılıq ekosistemindən maliyyə qazancı əldə etdiyini müdafiə edirlər. İddia ərizəsində fırıldaqçı reklamçıların aldadıcı sxemlərini tanıtmaq üçün "Meta"nın reklam sistemlərinə milyardlarla dollar xərclədiyi irəli sürülür.
Vəkil Toni LoPresti tərəfindən idarə olunan hüquqi prosesdə qeyd olunur ki, "Meta"nın daxili yazışmalarında fırıldaqçı reklamların miqyası ilə bağlı narahatlıqlar dilə gətirilsə də, təkrar olunan qayda pozuntularının qarşısını almaqda yetərli addımlar atılmayıb. Şikayət sənədində şirkətin reklam siyasətindəki boşluqlara göz yumaraq bu cür məzmunlardan illik milyardlarla dollar gəlir götürdüyü iddia edilir. Rəqəmsal Nifrətlə Mübarizə Mərkəzinin son hesabatı da yaşlıları hədəf alan tibbi sığorta fırıldaqçılıq kampaniyalarının "Facebook"a milyonlarla dollar vəsait qazandırdığını ortaya qoyub.
"Meta" sözçüsü isə bu ittihamların şirkətin fırıldaqçılıqla mübarizə səylərini yanlış əks etdirdiyini bildirərək iddiaları rədd edib. Şirkətin məlumatına görə, ötən il 159 milyondan çox fırıldaqçı reklam platformalardan silinib və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq çərçivəsində əlavə təhlükəsizlik alətləri tətbiq edilib. Bununla belə, "Meta" üzərindəki hüquqi təzyiqlər artmaqdadır. Ötən ay Amerika İstehlakçılar Federasiyası da bənzər əsaslarla kollektiv iddia qaldırıb. Federal Ticarət Komissiyasının (FTC) hesabatlarına görə, 2025-ci ildə fırıldaqçılıq sxemləri səbəbindən amerikalıların üzləşdiyi ümumi zərərin 2,1 milyard dollara çatdığı təxmin edilir.
