Şərurun kəndləri - Tarixi araşdırma




Naxçıvan Muxtar Respublikasının Şərur rayonuna aid olan qədim kəndləri haqda araşdırmalarımız davam edir. Təqdim etdiyimiz bu dəfəki yazıda daha bir neçə kənd haqda tarixi məlumatlarla tanış olacaqsınız.




Vərməziyar kəndi


“Vər” sözü ta qədim zamanlarda fəal işlədilməsinə baxmayaraq, bu gün unudulmaqda olan arxaiq sözdür və hər hansı bir məqsədlə bölünmüş ərazi ölçü vahidinin adıdır. Vərməziyar kəndinin adında ikinci komponent kimi işlədilmiş “Məziyar” sözü isə ərəbcədən alınmış “biçənək” mənasında işlədilmiş “Məzrə” sözünün cəm formasıdır və “biçənəklər” anlamındadır. Bugünkü dilimizdə “Biçənək vərləri” deməkdir. İslama qədər hər hansı bir şəxsə aid olan otlaq, yaxud da biçənək yeri, həmin şəxsin oğul-uşaqları arasında vərlər şəklində bərabər sahələrə bölünmüşdür. Lakin bu bölgü hadisəsi İslamdan sonra baş verdiyinə görə ərəbcə olan “məzrə” – “biçənək” sozünün cəm halı olan “məziyar” sözü işlədilmişdir. Beləliklə, ərazi Vərməziyar (Biçənək vərləri) adını almışdır. Sonralar əhalinin sayının çoxalması nəticəsində onlar əkinçiliklə əlaqədar oturaq yaşam tərzinə keçmək məcburiyyətində qalaraq, burada Vərməziyaradlı bir kənd salmışdılar. Məntiq belədir ki, hələ insanlar oturaq həyat tərzinə keçərək, əkinçiliklə məşğul olana qədər, onlar öz güzəranlarını heyvandarlıqla keçirərdilər və o zaman bu ərazilər qışlaq kimi istifadə olunarmış. Yalnız oturaq həyat tərzi onları da biçənək yerinin bir qismini daimi yaşayış məskəninə çevirməyə, yerdə qalanını isə əkin sahələri kimi istifadə etməyə vadar etmişdir.

Tənənəm kəndi


2016-cı ilin isti yay günlərinin biri idi. Nəvəm Anarla Yengicədən bir taksiyə oturub getdik Tənənəm kəndinə. Bu kənd Şərur şəhərindən 15-20 km quzey doğuda, dağların ətəyində, mənzərəli bir ərazidə yerləşir. Kəndin quzeyinə doğru getdikcə hava sərinləşirdi. Təqribən 5 km kənddən uzaqlaşmışdıq ki, bir qazma mağaraya rast gəldik. Maşından enib bu sahəni ayaqla gəzməyə başladıq. Mənim fikrimcə, bu mağara yerli əhalinin bir zamanlar Odsevərlik dininə iman gətirdiklərindən xəbər verirdi və həmin dövrlərdə bura “Ocaq” olmuşdu. Mağara və onun qarşısındakı təqribən 20 m2 sahə yer səthindən 1-1.5 m dərinlikdə qazılmışdı, bu sahənin ortasında bir ədəd ağac da var idi. Əvvəl bir neçə pillə mağaranın həyətinə endik, yalnız bundan sonra sol tərəfdəki səkidən mağaraya giriş mümkün oldu. Bu tanışlıqdan sonra bizim “Ocaq” adlandırdığımız mağaranın o zamanlar Odsevərlik dininə aid məbəd olduğu qənaətinə gəldim. İslamdan sonra belə məbədlər, adətən ya “Pir”, ya da “Ocaq” adları altında, eynilə Axura kəndindəki kimi, bu günə qədər müqəddəsliklərini qoruyub-saxlayaraq, öz fəaliyyətlərini ziyarətgah olaraq davam etdirirlər. Kəndin bir neçə sakini ilə söhbət etdiyimiz zaman Tənənəm sözünün nə məna verdiyini soruşdum, mənə dedilər ki, nədirsə “nəm” sözündən alınmışdır. Düzdür, kəndin mərkəz hissəsində 10-15 m2 bataqlığa bənzər nəm bir sahə var idi. Amma mən belə düşünmürəm. Belə görünür ki, bu söz üç komponentdən ibarətdir: 1. “TƏ” – qədim türklərdə qadın adıdır, xüsusi isimdir. 2. “NƏNƏ” – ananın ya da atanın anasına onların uşaqları tərəfindən xitabən deyilən sözdür. 3. “M”. birinci şəxs əvəzliyinin tək halının şəkilçisidir, morfemdir. Yəni mənim Tə nənəm. Tə nənəsi yaylağa getmiş, nəvəsi isə qışlaqda qalmalı olan bir uşaq, “məni nənəmə aparın, mən Tə nənəmə gedirəm”, deyərək israr edən bir uşağın təkidlə dediyi söz, yavaş-yavaş el arasında bir kəndin adının “TƏNƏNƏM” olmasına gətirib çıxartmışdır. Mənim bundan başqa ayrı bir versiyam da yoxdur. Bu mənim subyektiv fikrimdir, hər kəs öz fikrində qalmaq hüququna malikdir.

Püsyan kəndi


Bu kəndin adı mənim şəxsi kitabxanamda olan 1893-cü ildə çap olunmuş Cənubi Qafqazın və 1915-ci ilin arxiv sənədlərinə istinadən hazırlanmış 1918-20-ci illərdə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin xəritələrində “PUSİAN” kimi keçir. Lakin bu gün danışıq dilimizdə və rəsmi adı PÜSYANdır. Xəritələr rus dilində tərtib olunduğu üçün PUSİAN kimi yazılıb. Hər iki variantda bu kəndin adı iki komponentdən ibarətdir: 1. Türk dilimizdə milli hərf olan “Ü” səsi rus dilində olmadığı üçün PUSİ kimi “U” hərfilə yazılmış və rus dilinin qrammatik qanununa görə PUSİ sözünün sonundakı “İ” səsi ondan sonra yazılan, ikinci komponent olan və qədim zamanlardan bu günə qədər bütün türk ləhcələrində LAR, LƏR şəkilçiləri kimi cəm halını bildirən “YAN” sinonim morfemindəki “Y” səsini assimiliyasiyaya uğratmışdır. PÜSYAN sözündə isə əksinə, PÜS(İ) sözündəki “İ” ondan sonra gələn”Y” səsinin gəlməsilə assimiliyasiyaya uğramışdır. Amma heç fərqi yoxdur, hər iki halda PUSİ və PÜSİ etnonimdir və Oğuz türklərindən törəmiş bir tayfanın adıdır. Araşdırmalarım məni bu nəticəyə gətirdiyinə görə düşüncələrimi, əziz oxucularım, Sizlərlə paylaşmağı özümə borc bildim.

Maxta kəndi


Qədim Qafqaz Albaniyasının İslama qədərki dili və ədəbiyyatına aid kitablarda “Maxta” sözü “öyməli”, “tərifli” kənd anlamındadır. Bu sözün məsdər forması “maxtalamaq” isə əlimdə olan Qıpçaq dilinin lüğətləri kitablarında öymək, tərifləmək formasında göstərilmişdir. Yəni uzaq keçmişdə bu kənd çox gözəl olduğuna görə onun adını “MAXTA” qoymuşlar. Mən Şərur yaylasındakı bu sozün mənşəyini, anlamını-etimologiyasını mənə qədər Şərur toponimləri haqqında yazmış müəlliflərin bir neçəsinin kitablarını oxudum. Lakin bu kitablarda müəliflərin heç biri Şərur zonasındakı coğrafi adların əksəriyyətinin üstündən onu araşdırmadan keçiblər. O coğrafi adlardan bir neçəsni sadalaya bilərəm: Başda Maxta kəndi olmaqla, Bilgh, Keştaz, Kosacan, Cağazir, Günnüt, Kərki, Gasxan, Kərəpa, Arpa, Araz, Axura, Tənənəm, Xələc, Çomartıl, Çərçiboğan, Azərbaycan, Apşeron, Naxçıvan, İrəvan, İran və s. Dağ adları: Qaraqut, Keçov, Gasgalan (Culfa rayonunda), Ararat (təkrar edirəm bu dağın adı ən asan araşdırıla bilən sırf türkcədir-H.S.) və s.və i. a. Bu sözlərin əksəriyyəti araşdırmaçılar üçün problem yaradıb, onlar da bu sözləri ya araşdırmayıb, ya da qolunu-qıçını sındıraraq müxtəlif formalara saldıqdan sonra o adlara məna veriblər. Mən isə sözləri olduğu kumu götürüb linqivistik yolla belə araşdırmaçıların problemini həll etmişəm. Mənim kompüterimdə əksəriyyəti türk dilli olmaqla 30-a qədər müxtəlif xalqların rus dilində lüğətlərini, ərəb, fars, çin və s. xalqların rusca lüğətlərini toplamışam, onlardan da araşdırmalar prosesində istifadə etmişəm. Şərur yaylasındakı coğrafi adlar haqqında yazdıqlarımı gün üzünə çıxararkən utanmayım deyə, əvvəlcə 7 il Tarix, Coğrafiya, Arxeologiya, Etnoqrafiya, Topoqrafiya, Onomastika, Məntiq elmlərini, hətta Ali riyaziyyatdan Ehtimal və Nisbilik nəzəriyyələrini mənə araşdırmalarım zamanı lazım olacaq dərəcədə öyrənmişəm. XX yüzilliyin birinci yarısından günümüzə qədərki Türkologiyaya yeniliklər gətirən türkiyəli bilim adamı Prof. Dr. Kazım Mirşanın (Məkanı cənnət olsun) demək olar ki, bütün əsərlərini, Avropa və Rusiya Federasiyasının türkologiya üzrə bir çox alim və araşdırmaçılarının əsərlərini oxuyub öyrənmişəm. Şərur yaylasındakı Qaratəpə dağının zirvəsində daş üzərində Göy Türk əlifbası ilə və türkcə mətn tapmışam və oxumuşam. Bu, Naxçıvan coğrafiyasında Göy Türk əlifbası ilə daş üzərində yazılmış ilk tapıntıdır. 100-dən artıq Şərur yaylasındakı və ümumilikdə Azərbaycan Respublikasındakı bəzi coğrafi adları araşdıraraq onların mənşəyini tapıb yazmışam. Məlumdur ki, hər hansı bir coğrafiyanı məskunlaşdıraraq yaşayan insanlar oradakı bütün toponimləri oz danışıq dilindəki sözlərlə adlandıracaqlar. Bu zaman coğrafi adların qoyulduğu tarixi təyin etmək üçün onların hansı millətin dilinə aid olduğunu və həmin dilin o zamankı inkişaf mərhələsinin tarixini öyrənməlidir. Yalnız bunları düzgün öyrəndikdən sonra bütün coğrafi adların tarixini də düzgün təyin etmək mümkündür. Əlbəttə, bu zaman əldə olan arxeoloji tapıntıların da araşdırılması böyük rol oynayır. Təəssüflər olsun ki, bu gün əksər hallarda, arxeoloqlar özlərindən asılı olmayaraq, dəfinəçilərin qarətindən sonra qazıntılar aparırlar, odur ki, çox vaxt insan sümüklərinin və qədim saxsı qabların qırıntı şəklindəki qalıqlarından başqa heç nə tapa bilmirlər. Naxçıvan Muxtar Respublikasının coğrafiyasında haranı qazsan oradan türkün tarixi çıxacaq, neçə minilliklər irəli getsən yenə türkün tarixilə rastlaşacaqsan. Naxçıvan diyarı 7-10 min illik bir tarixə malikdir və onu ilk məskunlaşdıran Oğuz türkləiri olmuşdur. Şərur yaylasındakı arxeoloji qazıntılar aparılan obyektlərə nə tarixçi, nə etnoqraf, nə də türkoloq olan etimadlı bir mütəxəssis gəlib, araşdırma aparmamışdır ki, öz elmi rəyini bildirsin. Şərur yaylasındakı Qaratəpə dağının zirvəsindəki tarixən türklərə aid olan ənənəvi kurqan tipli küp məzarlar olan qəbristanlığa və oradan təqribən 3 km quzeydə, Doğu Arpa çayı axarının sağ tərəfindəki dağın ətəyindən ta zirvəsinə qədər böyük bir ərazidə yerləşən yenə qədim türklərə aid ənənəvi kurqan tipli küp məzarlar olan qəbristanlığa (eynilə Qaratəpə dağının zirvəsində olduğu kimi) və bu qəbristanlığın aşağısında, dağın ətəyində arxeoloji qazıntılar zamanı tapılmış qazma torpaq sığınacaqlardan ibarət yaşayış məskəninə mən də gedib baxış keçirdim. Bu dağın ətəyindəki qəbristanlıqdakı məzarların bir neçəsi görünüşə görə hələ də dəfinəçilər tərəfindən qarət olunmamış və nədənsə həmin ərazilərdə arxeoloji qazıntılar aparılmasına baxmayaraq, bəzi məzarlar hələ də əl dəyməmiş qalır. Tapılmış yaşayış məskənində ən maraqlı nə idi: Əlbəttə çox şey, amma yaşayış yerləri qazma üsulu ilə düzəldilmiş torpaq zağalar, bəlkə də əslində sığınacaqlardır. Bu sığınacaqların doğudan birincisinin iki tərəfdən eşik divarları iri və təbii düzbucaqlı, yəni təqribən 100 ilə 80 sm eni, uzunu və hündürlüyü olan yonulmamış və but, yəni adsız (təbii) dağ daşları ilə möhkəmləndirilmışdir. Zənnimcə, birinci və ən başlanğıcdakı torpaq zağa bu yaşayış yerindəki nəslin böyüyünə məxsus olmuşdur. Çünki möhkəmləndirilmiş bu sığınacaq həm də o birilərinə nisbətən çox böyük idi.
Bu torpaq sığınacaqların birinin qarşısında kiçik bir təndir aşkarlanmışdır. Onun ağız hissəsi təqribən 55-60 sm, dərinliyi 100-120 sm və dərinə getdikcə isə eni 15-20 sm genişlənmiş formada idi. Mənim fikrimcə, təndir dulusçunun sığınacağının qarşısında tikilmişdir. Arxeoloq Vəli Baxşəliyevin dediyinə görə, bu qədim yaşayış məskəni Naxçıvan diyarında indiyə qədər tapılmış qədim yaşayış məskənlərinin üçüncüsü və ən böyüyüdür. Bura doğrudan da böyük idi və görünür, burada həm də yaşamış əhalinin sayı çox olmuşdu.
Mən bu arxeoloji qazıntılar ərazisinə, səhv etmirəmsə, 2015-cı ildə qazıntılar gedən zaman, bir də 2017-ci ildə arxeoloji qazıntılar bitdikdən sonra yəni iki dəfə getmişdim. O zaman mediada məlumat yayıldı ki, arxeoloji qazıntılar zamanı bu ərazidə müdafiə səddinin qalıqları tapılmışdır. Bu məlumat məni çox maraqlandırdı və mən iknci dəfə oraya müdafiə səddiunin qalıqlarına baxmağa getdim. Ora Doğu Arpa çayı axarının sağ tərəfində təqribən 2-2,5 km2 düzənlik vadidir və bu gün əhali oradan örüş kimi istifadə etməkdədir. Bu ərazi təbii gözəlliyi olan, geniş və yaşıl bir çəmənlikdən ibarətdir. Mən orada müdafiə divarının qalıqlarından heç bir əsər-əlamət görmədim. Görünür, mənim yuxarıda təsvirini verdiyim qazma torpaq zağanı eşik tərəfdən möhkəmləndirən duvarla müdafiə səddini səhv salmışdılar, yəni bu, yalnız sığınacağı möhkəmləndirmək üçün uzunluğu təqribən 6-7 m. və hündürlüyü həmçinin təqribən 1 m. olan adi divardan başqa heç bir şey deyildir. Ona görə də hesab edirəm ki, bu “müdafiə səddi” qədər çox qabardılıb, böyük gurultu çıxartmaqdan başq heç bir məqsədi güdmür. Elmdə isə çaşbaşlıq yaradır.

Həsən SƏDİRLİ, Naxçıvan MR, Şərur rayonu, Yengicə kəndi, Türkoloq



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu