İsveçdə yaradılan ilk Azərbaycan teatrı olan “Tumurcuq” tarixdə bir ilkə imza atdı
İyunun 2-də İsveçin Stokholm şəhərində “Tumurcuq” teatrının premyerası keçirilib. Premyera Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyinə həsr olunaraq “101 uşağın nəvələri” adı ilə təqdim olunub.
Tədbiri ürək sözləri ilə açan Türk dram teatrının bədii rəhbəri və rejissoru Burcu Ada Soysop “Tumurcuq”un ilk addımlarında və ilk premyerasında azərbaycanlı dostların yanında olduğundan qürur duyduğunu xüsusi vurğulayıb. Burcu xanım, teatrın bədii rəhbəri və rejissoru Sevinc Nəzərli başda olmaqla teatrın bütün kollektivini təbrik edərək bu uzun və zəhmətli yolda onlara səmimi-qəlbdən uğurlar arzulayıb.
Teatrın mövzusu Məhəmməd Əmin Rəsulzadənin Cümhuriyyəti qurduğu dönəmdə ilk işindən biri 100 gənci xarici ölkələrdə təhsil almağa göndərməsi olub. Məhz burdan qaynaqlanaraq Sevinc Nəzərli ssenarini bu məsələ üzərində qurub. Keçən əsrin əvvəllərində xaricə təhsil almağa gedən 101 (Azərbaycan Xalq Cumhuriyyətinin 101 illiyi şərəfinə simvolik olaraq 101 götürülüb) gəncdən biri Azərbaycanın ucqar kəndlərindən birinin yazma, oxuma bilməyən savadsız bir ailənin oğludur. O, həmin siyahıda adı olanlardan biri olaraq məsələni valideynlərinə anladır. Kənd yerində yaşayan bir ailə üçün təbii bir qeyri- adi qarşılandığı üçün öncə uşağa qarşı çıxsalar da sonradan razılaşaraq valideynlər onu xaricə təhsil almağa yollayırlar.
Tamaşanın ikinci hissəsində hadisələr müasir zamanda xaricdə təhsil alıb gəlmiş övladı təsvir olunur. 101 uşağın nəvələri adı da məhz burdan qaynaqlanır. Həmin nəvələrin indiki durumu tamaşanın ikinci hissəsinin mövzusu olur.
Onu da nəzərinizə çatdıraq ki, tamaşaya baxmaq üçün İsveçin bir çox şəhərlərindən azərbaycanlılar gəlib. Tamaşa bütün izləyicilər tərəfindən böyük maraqla, coşqulu alqışlarla qarşılanıb.
İsveçin cənub şəhəri olan Malmödan VAD birliyinin sədri və teatrşünas Ayə xanım Coşğun gənc kollektivə dəstək olmaq üçün gələrək hədiyyələri ilə balaca tumurcuqları sevindirib. Həmçinin teatrın bədii rəhbəri və rejissoru Sevinc xanıma bu məsuliyyətli işdə yorulmadan davam etməyi arzulayıb. Ayə xanım bildirib ki, “Tumurcuq”un açıldığını eşitdiyi ilk gündən böyük sevinc hissi ilə bu yeni kollektivi izləyir həmçinin hər cür əməkdaşlığa hazır olduğunu bildirib. Tamaşaya gəlincə anşlaqla keçən tamaşadan çox təsirləndiyini deyib. Peşəkar səhnədə ilk dəfə çıxış edən gənc kollektivin, balaca aktyor və aktrisalarımızın belə mükəmməl oyun gırüncə qürurdan sevinc göz yaşlarını saxlaya bilmədiyini bıyük həyəcanla anladıb.
Ayə xanım: “Son 17 ildə Azərbaycan teatr səhnələrindən uzaq qalmışdım. Balacalarımızın oyununu izlərkən çox böyük zövq aldım uşaqların performansı inanılmaz idi, olduqca təbii və səhvsiz oynadılar. Fəxr etdim ki, İsveçdə belə bir teatr ənənəsinin əsasını qoydunuz və mükəmməl iş sərgilədiniz”.
Tumurcuğa dəstək verən təşkilatlardan biri də İsveç Azərbaycan Konqresinin sədri Emil Mirzəyev olub. Emil Mirzəyev öz çıxışında Burcu xanıma Azərbaycan teatr dərnəyinə göstərdiyi xüsusi diqqət və qayğıya görə dərin təşəkkürünü bildirib. Eyni zamanda hər an “iki dövlət,bir millət devizinə” sadiq qalaraq böyük məmnuniyyətlə türk qardaşlarımızla gələcəkdə də əməkdaşlığa açıq olduğunu bildirib. Emil Mirzəyev “Tumurçuq”un kollektivini, teatrın rejissoru və bədii rəhbəri Sevinc Nəzərlini təbrik edərək öz hədiyyələri ilə balaca tumurcuqları sevindirib. Emil bəy, xüsusən, onu da qeyd edib ki, İsveçdə yaradılan ilk Azərbaycan teatrı olan “Tumurcuq” tarixdə bir ilkə imza atıb. Həm Azərbaycan tarixinin şanlı səhifəsindən biri olan Cümhuriyyət tarixinə müraciət edib, həm də ilk tamaşa ilə həm Azərbaycan həm də İsveç tarixində həm zaman tarixdə qalacaq önəmli bir iş ortaya qoyub.
“Tumurcuq”un balaca qəhrəmanları Məhəmməd Əli Nəzərli, Xəyal Seyidov, Günel Brodin və Nigar Məsimli ilk dəfə olaraq aktyor və aktrisa kimi özlərini sınadıqlarını bildiriblər. Nəzərinizə çatdıraq ki, onların üçü İsveçdə doğulub böyümüş uşaqlar olaraq öz dillərində mükəmməl danışır. Onlar bu işə sevinc və sevgiylə başladıqlarının məmnunluğunu yaşadıqlarını bildiriblər. Xüsəsən də, tamaşanın uğurla nəticələnməsi və seyirci sevigisinin sevincini yaşamaqları onlara stimul verərək gələcək işlərində daha inam və ümidlə addımlamağa sövq etdiyini bildiriblər.
Teatrın bədii rəhbəri və rejissoru Sevinc Nəzərlinin sözlərinə görə hazırlıqların çox qısa zamanda aparılmasına baxmayaraq uğurlu nəticənin əldə olunması onu ürəkdən sevindirərək gələcək planlarında stimul vermiş olub. Sevinc xanım onu da bildirib ki: “Məqsədimiz İsveçdə Azərbaycan mədəniyyətini yaşatmaq və təbliğ etməkdir. İsveç xalqı və ictimaiyyəti Azərbaycan mədəniyyətinin inciləri və tarixi ilə yaxından tanış olmalıdır. Bizim Müstəqil və demokratik dövlətimiz və dövlətçiliyimiz ənənəmiz var bütün bunları yaşatmaq üçün hər şeydən öncə bir sadə vətəndaş daha sonra İncəsənət universitetinin rejissorluq fakültəsini bitirən ixtisaslı və peşəkar bir rejissor kimi bu missiyanı yerini yetirmək üçün əlimdən gələni edəcəyəm. Mən teatr və mədəniyyətimizi təbliğ etməkdən böyük zövq alıram və bu yolda istənilən çətinliklərlə mücadilə etməyə hazıram”.
Elnur Eltürk