Müştəri hər bir halda banka gedirsə... - Onlayn kredit xidməti niyə yarımçıqdır?




İnkişaf etmiş ölkələrdə geniş tətbiq edilən elektron bankçılıq Azərbaycanda da mövcuddur. Əksər yerli banklarda bir sıra əməliyyatları onlayn icra etmək mümkündür. Məsələn, pul köçürmək, yaxud da ödəniş etmək istəyirsinizsə, banka getmədən də elektron qaydada həyata keçirə bilərsiniz.



AFN xəbər verir ki, son illər onlayn xidmətə kredit sifarişi də daxil edilib. Lakin bu əməliyyatla bağlı bütün prosedurlar tam elektronlaşmadığı üçün müraciətdən sonra müştəri ənənəvi qaydada banka yaxınlaşmalı və tələb olunan sənədləri təqdim etməlidir. Halbuki dünya təcrübəsinə əsasən, sifarişdən hesaba pul köçürülənədək bütün mərhələlərin virtual qaydada həyata keçirilməsi mümkündür. Məsələn, bank vətəndaşa dair məlumatları da internetlə qəbul edə, elektron imza ilə müqavilə bağlaya və pulu müştərinin hesabına köçürə bilər.

Azərbaycanda isə belə deyil. Kredit üçün onlayn müraciət etsəniz də, geri qalan prosedurlar ənənəvi qaydada həyata keçirilir. Maraqlıdır, niyə bizim ölkədə də kredit əməliyyatı tam şəkildə elektronlaşdırılmayıb? Nə üçün hələ də onlayn kredit yarımçıq tətbiq olunur?

Bank məsələləri üzrə ekspert Samir Əliyevin sözlərinə görə, tam onlayn kredit xidməti bizim bank sektorunda da istifadə edilə bilər: “Bu gün yerli banklarda elektron xidmətləri də mövcuddur. Demək olar ki, əksəriyyətində internet və mobil bankçılıq var. Faktiki olaraq, müştəri banka getmədən də öz hesabına daxil olub, kartına pul köçürə və bu kimi digər əməliyyatları da virtual edə bilər. Düzdür, bir sıra hallarda sahibkar hesabından depozit karta pul köçürməkdə çətinlik yaranır. Amma ümumi götürəndə, bankların elekron xidmətindən istifadə etmək olur.

Elektron kreditə gəlincə isə, müştəri banka onlayn müraciət edə bilər. Daha sonra sizə zəng gəlir, məlumatlarınız öyrənilir və sonda kreditlə bağlı qərar verilir. Əlbəttə ki, bu xidməti daha da genişləndirmək mümkündür. Bank müştərinin onlayn daxil etdiyi məlumatları dəyərləndirib, elektron imza ilə müqavilə bağlaya bilər. Bu halda vətəndaşın banka getməyinə də ehtiyac qalmaz. Nəticədə sifariş edilən vəsait birbaşa müştərinin hesabına köçürülər. Bu cür tam elektron xidmət dünyada mövcuddur, bizim ölkədə də tətbiq etmək olar”.

Məsələnin texnoloji tərəfini öyrənmək üçün İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) üzrə mütəxəssis Renat Quliyevlə də həmsöhbət olduq. AFN-in suallarını cavablandıran R.Quliyev bildirdi ki, kreditin tam elektronlaşdırılması üçün yeni texnologiya və külli-miqdarda vəsait lazımdır: “Əslində bankların çoxu mövcud texnologiyanı dəyişmək, yeniləmək istəyir. Amma bu, çox çətin məsələdir. Problem ondadır ki, banklarda böyük həcmli məlumat bazası var. Bütün dataları virtuallaşdırmaq, yeni texnologiyaya inteqrasiya etmək qəliz məsələdir. Təsəvvür edin ki, bank 30 ildir fəaliyyət göstərirsə, bu müddət ərzində toplanan bütün məlumatlar işlənilməli, bankın İKT ilə bağlı strukturu tamam dəyişdirilməlidir. Bu isə milyonlarla vəsait tələb edir”.

R.Quliyev onu da qeyd edib ki, yerli bankları xarici müəssisələrlə müqayisə etmək doğru deyil: “ Xarici bankların fəaliyyətində tamam başqa texnologiyalardan istifadə olunur. Digər tərəfdən tam elektron kredit xidmətinə keçid başqa problemlər də yarada bilər. Bu gün banklara çoxsayda saxta onlayn müraciətlər də daxil olur. Virtual olduğu üçün bəzi insanlar qeyri-ciddi yanaşır, saxta adlarla kredit sifariş verirlər. Edilən müraciətin həqiqi olub-olmadığını öyrənmək üçün də müştəri banka yaxınlaşmalıdır. İnanmıram ki, Avropa ölkələrində bizdə olduğu qədər bankla bu cür zarafat edən vətəndaşlar olsun”.

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu