Berlin konfransının nəticəsi nə oldu? - ŞƏRH
Liviya probleminin həlli ilə bağlı Berlindəki görüşdən ciddi nəticə çıxmadı. Berlindəki görüşə Liviya probleminin həllindəki iki əsas dövlətin – Türkiyə və Rusiyanın liderləri də qatılmışdılar. Ancaq BMT və Avropa Berlin toplantısı vasitəsilə “biz də varıq” demək istəyirdilər. Berlinə qarşıduran tərəflər - Tripolidəki mərkəzi hökumətin başçısı Sərrac və müxalif general Haftar konfransın özünə dəvət olunmamışdılar. Onlar Berlində idilər, müxtəlif liderlərlə konfransdan kənarda görüşürdülər. Berlində atəşkəslə bağlı ümumi razılıq əldə olundu. O da qeyd edildi ki, Liviyada qarşıduran tərəflərə silah və hərbi texnika verilməsin. Yəni Liviyadakı bütün tərəflərə yönəlik silah embaroqusu tətbiq edilsin.
Bunları reallaşdırmaq çətindir. Birincisi, Liviyada yüzlərlə aşirət yaşayır, hamısı da silahlıdır, kim zəmanət verəcək ki, onlar atəşkəsə riayət edəcəklər? İkincisi, Liviyanın qonşu Misirlə mİnlərlə kilometr nəzarətsiz sərhəddi var. Misir isə general Haftarı dəstəkləyir. Elə Birləşmiş Ərəb Əmirlikləri də Həftara tonlarla silah və hərbİ texnika göndərib və göndərir. Liviyanın müxtəlif dövlətlərlə uzun məsafəli sərhəddini necə monitorinq altında saxlamaq olar ki, Misir və ya digər dövlətlər general Haftara silah və hərbi texnika ötürməsin?
Berlin görüşünün nəticəsi Türkiyənin Liviyada rolunun azaldılmasına yönəldimişdi. Çünki əgər deyilirsə ki, qarşıduran tərəfləsə hərbi dəstək verilməsin, bu o deməkdir ki, Avropa Türkiyənin hərbi qüvvələrinin Tripoliyə göndərilməsinin əleyhinədir. Digər tərəfdən Berlin konfransının nəticəsinə görə Liviya probleminin həlli ilə bundan sonra BMT Təhlükəsizlik Şurası məşğul olmalıdır. Türkiyə isə Təhlükəsizlik Şurasının üzvü deyil. Deməli, bu yolla Türkiyəni Liviya probleminin həllindən kənarda saxlamaq istəyirlər. Buna baxmayaraq, Türkiyə və Rusiya Liviyada əsas oyunçu olaraq qalacaqlar.
Liviya faktiki 2014-cü ildən iki hissəyə bölünüb. Tripolidə bir hökumət, Benqazidə başqa hökumət fəaliyyət göstərir. Benqazini bir qrup ölkə, Tripolidəkini isə digər qrup ölkə dəstəkləyir. Belə vəziyyətdə atəşkəsi Liviyada qorumaq çətin olacaq. Suriyada bu alınmadı.
Elxan ŞAHİNOĞLU, Siyasi şərhçi