Ermənistanın S-300 kompleksləri necə məhv edilib... - VİDEO


44 günlük ikinci Qarabağ müharibəsi ərzində Azərbaycan ordusu Ermənistan ordusunun işğal edilmiş ərazilərimizdə qurduğu hava hücumundan müdafiə sistemini hərbi əməliyyatların demək olar ki, ilk günlərində sıradan çıxardı. O cümlədən S-300 zenit-raket komplekslərini məhv etdi. İnternetdə yayılmış görüntülərdən bəllidir ki, düşmənin S-300 komplekslərinin məhv olunması üçün “Harop” kamikadze-dronlarından (ən azı iki halda) da istifadə olunub.

Virtualaz.org xəbər verir ki, “Middle East Eye” nəşri Bakıdakı hərbi vəzifəli mənbəyə istinadən bu komplekslərin məhv edilməsi əməliyyatının təfərrüatlarını yayıb. Mənbə bildirib ki, Ermənistanın S-300 komplekslərinin məhv edilməsi üçün “kukruznik” kimi tanınan birmotorlu yüngül sovet təyyarəsi AN-2 ilə İsrailin istehsal etdiyi “Harop” kamikadze-dronlarının kombinasiyasından istifadə olunub.

Pilotsuz təyyarələrlə aparılan müharibə barədə məlumatlı olan yüksək vəzifəli məmur deyib ki, əvvəlcə Azərbaycan ordusu üçün S-300 komplekslərini aşkar etmək çətin idi, çünki onlar maskalanmışdı və çətin aşkar olunurdu.


Ona görə də Azərbaycan qüvvələri S-300 komplekslərini məhv etmək üçün mürəkkəb və incə metod tətbiq etdilər. Sovet dövrü təyyarəsi ilə İsrailin kamikadze-dronlarının kombinasiyasını qurdular.

Məsələnin həlli isə, mənbənin sözlərinə görə, sadə idi: Azərbaycana S-300 komplekslərinin mövqe rayonlarını aşkar etmək üçün təyyarə-tələ lazım olub. Bu təyyarə-tələ qismində çoxdan istismardan çıxarılmış AN-2 təyyarələri çıxış edib. Azərbaycan mühəndisləri təyyarələri pilotu əvəzləyən və məsafədən idarə olunan komplektin koməyi ilə pilotsuz təyyarəyə çeviriblər.


“AN-2 təyyarələri radarlarda qanuni döyüş təyyarəsi kimi görünürdü və S-300 sistemlərinin radarları aktivləşirdi. Nəticədə onların yerləri aşkarlanırdı. Sonra isə İsrail istehalı olan və kamikadze-dronlar adını alan “Harop” uçan döyüş sursatları həmin kompleksləri məhv edirdi”,-mənbə deyib.


Türkiyədəki EDAM analitik mərkəzinin direktoru Can Kasapoğlu bu metodu şərh edərkən deyib ki, Azərbaycan heç “Antonov”ların faktiki formasını da dəyişməyə ehtiyac görməyib. Onlar sadəcə olaraq radarlarda hərbi döyüş təyyarələri kimi görünürdü. Ermənilər isə radarlarda təhlükə görən kimi hava-hücumundan müdafiə sistemlərini aktivləşdirirdi.

Qeyd edək ki, Azərbaycan hərbi əməliyyatlar zamanı Ermənistanın azı 6 S-300 kompleksini məhv edib. Bu, Ermənistanın arsenalındakı komplekslərin az qala hamısıdır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu