İnformasiya sorğularının cavablandırılması niyə gecikir? - MÜZAKİRƏ


Dövlət qurumlarına verilən informasiya sorğularının cavablandırılması sahəsində vəziyyət çox bərbaddır.


AFN xəbər verir ki, bunu iqtisadçı ekspert Qalib Toğrul deyib. O, işilə bağlı olduğu üçün informasiya sorğularının cavablandırılması sahəsində vəziyyətin hər il bir az da pisləşməsini böyük təəssüf hissi ilə izlədiyini bildirib: “Əvvəllər informasiya sahibləri tərəfindən sorğunun vaxtında cavablandırılmaması və sorğuda qoyulan suallara mahiyyəti üzrə cavab verilməməsi problem idisə, indi ümumiyyətlə cavablandırılmaması tendensiyası yayğınlaşıb. 38 gün əvvəl 6 dövlət qurumuna təşkilat rəhbəri kimi göndərdiyim sorğuya yalnız ikisi 20 gündən sonra cavab verdi. Həmin iki dövlət qurumu qoyulan sualları başdansovdu, qismən cavablandırıb. Digər 4 qurum özlərini elə aparırlar ki, sanki məktub-filan almayıblar.
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa görə, Ombudsman informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirməlidir. Hətta, deyilənə görə, İnsan hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Aparatında iki sektordan ibarət (İnformasiya əldə etmək hüququnun təmini sektoru və Təhlil və monitorinqlər sektoru) İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsi də yaradılıb. Amma onun da fəaliyyətini görmürük”.



AFN-in baş redaktoru Səbuhi Qafarov da informasiya əldə etməklə bağlı ciddi problemlərin olmasından şikayətçidir. Onun sözlərinə görə, 2021-ci il başlayandan bəri dövlət şirkətlərinə ünvanladığı sorğularının heç birinə cavab verilməyib: “Yanvarın 25-də “Azərenerji” ASC-yə informasiya sorğusu ünvanlamışıq, şirkətin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayevə bu barədə bildiriş göndərmişik, lakin sorğumuz cavablandırılmayıb. Teymur Abdullayevə müraciət edərək sorğumuza cavab verilməsini bir daha xahiş etmişik, yenə heç bir reaksiya verilməyib. Bundan sonra ölkə rəhbərliyinə, Mətbuat Şurasına, Medianın İnkişafı Agentliyinə, Ombudsmana informasiya sorğusuna cavab verilməməsi ilə bağlı müraciət ünvanladıq. Təəssüf ki, nə MŞ-dan, nə MİA-dan cavab almadıq, təkcə Ombudsman Aparatından müraciətimizə cavab verildi. O da müraciətimizin “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevə yönləndirilməsilə bağlı idi. İkinci sorğumuzu martın 3-də “Azərsu” ASC-yə ünvanlamışıq, yenə cavab almamışıq. Hələ qanunla nəzərdə tutulan müddət bitməyib, lakin sorğumuzun qəbul edilib-edilmədiyi, cavablandırılıb-cavablandırılmayacağı haqda hər hansı cavab verilməyib. Müddət başa çatdıqdan sonra sorğumuza cavab verilməsə hər iki qurumu məhkəməyə verəcəyik. Artıq haqqımızı yalnız məhkəmə müstəvisində müdafiə edə biləcəyimizi düşünürük”. S.Qafarovun sözlərinə görə, əvvəllər mətbuat xidmətləri sanki daha ciddi yanaşırdılar işlərinə: “İndi nə sorğuya cavab verirlər, nə də sorğunu cavablandırmayacaqları ilə bağlı hər hansı məlumat verirlər. Lakin bunu bütün mətbuat xidmətləri haqda deyə bilmərik. Gerçəkdən də elə mətbuat xidməti var ki, işini vicdanla və peşəkarlıqla yerinə yetirir”.



“APA Group”un baş direktoru Vüsalə Mahirqızı AFN-ə açıqlamasında bildirdi ki, bu, daim gündəmdə olan mövzudur və dövlət qurumlarının media ilə kommunikasiya məsələsi hər zaman müzakirə olunur: “Onlar bəzən kommunikasiyada ortaya çıxan məsələdə medianı günahlandırır. Biz də onları günahlandırırıq. Mən hesab edirəm ki, dövlət qurumlarının media işi ilə məşğul olan strukturları, yəni mətbuat xidmətləri və yaxud ictimaiyyətlə əlaqədar orqanlar yeni zamanın, sosial medianın, yeni medianın tələblərinə uyğun olaraq yenidən qurulmalıdır. Orada tamamilə yeni mütəxəssislər cəlb olunmalıdır. Burada söhbət yalnız mətbuat xidmətinin rəhbərindən getmir, sosial media ilə aktiv işləyən əməkdaşlar olmalıdır, kontent menecerlər işləməlidir. Hansı dövlət qurumudursa mətbuat xidməti onun işini peşəkar səviyyədə bilən mütəxəssislərdən ibarət olmalıdır. İkinci yol bundan ibarətdir ki, bəzi ölkələrdə mətbuat xidmətləri işinin bir hissəsini piar agentlikləri üzərlərinə götürürlər. Ümumiyyətlə, mən hesab edirəm ki, konkret hansısa qurumun mətbuat xidməti yox, struktur olaraq bu prosesə yenidən baxılmalıdır, dəyişilməlidir. Müəyyən işlər də görülür. Bu yaxınlarda yeni yaradılmış Media Agentliyi və ADA-nın dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri ilə bir seminarı var idi. İki mərhələdə keçirildi və orada məruzəçilərdən biri də mən idim. Biz orada müəyyən məsələləri müzakirə etdik. Mən hesab edirəm ki, dövlət qurumlarının media ilə işləyən şəxslərinin mütəmadi olaraq qapalı olan, mediaya açıq olmayan, amma müzakirə olunan görüşləri, həm də onların müxtəlif ölkələrin təcrübələrini öyrənmələrinə şərait yaradılmalıdır. Çünki bu sahə hər zaman inkişafda olan bir sahədir”.
V.Mahirqızı onu da vurğuladı ki, “KİV haqqında qanun”da informasiya, sorğunun cavablandırılması müddəti təcili halda 24 saatdır: “Amma təbii ki, həmin vaxt ərzində sorğu cavablandırılmalıdır. İnformasiya əlçatanlığı mətbuat xidmətlərinin özünün yaydığı məlumatlarla, press-relizlərlə ölçülmür, informasiya əlçatanlığı o zaman təmin olunur ki, informasiya sorğularına cavab verilir. Təbii ki, hər bir mətbuat xidmətinin birbaşa qanunla tənzimlənən borcudur ki, sorğulara cavab versin. Yaxud da ola bilər ki, hansısa sorğu çox peşəkar və ya hansısa sahə ilə bağlı bir sorğu ola bilər, o zaman mətbuat xidməti qurum daxilində yönləndirilməsi prosesini təmin etməlidir. Bu onların gündəlik iş prosesidir və bunun olmamasına yaxşı baxmıram. Məsələ ondan ibarətdir ki, ictimaiyyətlə əlaqələrə məsul olan şəxsin işi, ictimaiyyətlə əlaqələri bilməsi lazımdır. Dövlət qurumlarının elə şöbələri var ki, qurumda təmsil olunan şəxslərin özləri bütün sahədə belə, hər şeydən məlumatlı olmaya bilərlər. Mətbuat xidmətinin rəhbərinin işi ondan ibarətdir ki, hansı qurum, yaxud struktur bu sorğunun cavabını bilirsə, ona yönləndirsin və cavabı alıb mediaya təqdim etsin. Mətbuat xidməti öz çalışdığı qurum ilə media arasında körpüdür. O körpü nə qədər yaxşı qurulursa, həmin qurumun cəmiyyətdə imici yaxşı olur. Orada işini bacarmayan adam olanda, əlbəttə, imic də pis olur. İşini bacarmamaq sorğuya cavab verməmək demək deyil, sorğuya cavab verəcək adamı tapa bilməkdir. Mətbuat xidmətinin rəhbəri bilməlidir ki, bu məsələ ilə bağlı onun işlədiyi qurumda hansı departament, şöbə cavab verir. O, sorğunu yönəltməli, cavabını alıb geri döndərməlidir. Əlbəttə, mətbuat xidməti rəhbəri bütün sahələri bilə bilməz, işi yönlədirmə prosesində olmalıdır. Əgər əlaqə qura bilmirsə, demək ki, problem var”.

“Trend” İnformasiya Agentliyini Azərbaycan şöbəsinin rəhbəri Asif Mehman bildirdi ki, hazırda narazı olduqları elə bir qurum yoxdur: “Operativ, fərqlənən qurum rəhbərlərini qeyd edə bilərəm ki, onlardan DİN, FHN, Nazirlər Kabineti, TƏBİB, Baş Prokurorluğun mətbuat xidmətləri daha operativ cavab verir. Qanunla əgər jurnalist müraciət edirsə cavab verilməlidir. Sadəcə burada prosedur qaydası, elə müraciət forması var ki, ona qurum anında məlumat verə bilmir. Ya araşdırmalıdır, ya sorğu kimi göndərilməlidir. Burada qurumu da birmənalı qınamaq olmaz. Çünki elə məsələ var ki, onu qurum özü də araşdırır. Mətbuat xidməti məsul şəxsdir, hər şeyi bilir deyə bir şey yoxdur. Məsələn, İqtisadiyat Nazirliyinə hansısa bir sorğu ilə müraciət edilirsə cavab bir həftəyə gəlib çıxır. Çünki nazirliyin tabeliyində bir neçə qurum var və onlardan informasiya alınmalıdır, hesabat çıxmalıdır, bu, iqtisadi məsələdir. Ancaq elə qurum var ki, anında, ən azı bir saat ərzində cavab verməlidir. Ancaq hər iki halda məlumat verməyə borcludurlar”. A.Mehman onu da qeyd etdi ki, son illər ölkəmizdə inkişaf, aparılan islahatlar mətbuat sahəsində də yaxşı nəticələr verir: “Məsələn, 10 -20 il bundan qabaqla müqayisədə görürük ki, mətbuat xidmətlərində irəliləyiş və inkişaf var. Xüsusilə də sosial media ilə işləmək, xəbərlərin operativ yayılması, bu gün artıq dövr ona gəlib çatıb ki, adi “Facebook” , “WhatsApp”da yazanda belə görürsən ki, mətbuat xidmətləri tez reaksiya verirlər. Mən belə fikirləşirəm ki, təkmilləşmə prosesi bu sahədə də sürətlə gedir. İstər-istəməz bir mətbuat xidməti digərinə uyğunlaşmağa məcburdur. Çünki onların da arasında reytinq, kim daha yaxşı işləyir, mükafatlar və s. məsələsi var. Bilik və bacarıqlara qalanda bir vaxtlar sosial media alətlərindən istifadə o qədər də aktual deyildi, bu gün mətbuat xidmətinə gələn şəxs bu vasitələrdən istifadə etməyi bacarmalıdır, aktiv olmalıdır”.



“Qaynarinfo” saytının baş redaktoru Zahir Əzəmət isə bildirdi ki, mətbuat xidmətlərinin fəaliyyətlərindən böyük mənada razı deyil: “Çox zaman sorğulara ya cavab verilmir, ya da mahiyyəti üzrə cavab verilmir. Verilən suallardan qaçılır, başqa məsələlər üzərindən ümumi cavablar verilir. Bu baxımdan ümumi işi mənfi qiymətləndirirəm. Digər tərəfdən də mətbuat xidmətlərindən daha çox onların rəhbərlərini qınamaq lazımdır. Çünki mətbuat xidmətinə nə qədər səlahiyyət və danışmaq imkanı verilirsə o qədər danışır. Bir növ mətbuat xidmətlərini rəhbərlər elə bir şəklə salırlar ki, onlar ictimaiyyətə açıq, şəffaf informasiyalar təqdim etmək əvəzinə gizlətmək kimi bir vəzifəylə görəvləndirilirlər. Onların özü də çıxılmaz vəziyyətdə qalır. Bu mənada qurumlar özləri şəffaf çalışmalıdırlar ki, mətbuat xidmətləri də cəmiyyətə üzü ağ nəsə deyə bilsin”. Z.Əzəmətin sözlərinə görə, bəzən mətbuat xidmətlərini kənar sahədən gətirirlər, amma jurnalistdirsə öz işini görə bilər: “Ona kifayət qədər informasiya təqdim edilməlidir ki, cəmiyyətə çatdıra bilsin. Məsələ ondadır ki, qurumun rəhbəri mətbuat xidməti deyil. İndiki halda mətbuat xidməti qalır öz rəhbərindən asılı vəziyyətdə, ona deyilrər ki, bu informasiyanı gizlət, mətbuatla dost ol, bu şəkildə yola ver. Mətbuat xidmətləri öz əsaslarına uyğun fəaliyyət göstərə bilmirlər. Problemin köklü həllin ondadır ki, bütün sistem ölkədə şəffaflaşmalıdır. Qurum işləmirsə mətbuat xidməti bunu nə qədər gizlədə bilər, məsuliyyət daşıyırmı? Bu sual da aktualdır”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu