İsmayıllı və Qəbələdə “İnformasiya əldə etmək hüququnun təmini insan hüquqları kontekstində” adlı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən informasiya əldə etmək hüququnun müdafiəsi üzrə növbəti maarifləndirici tədbirlər İsmayıllı və Qəbələ rayonlarında təşkil edilib.
Tədbirlərdə yerli icra hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının, təhsil şöbələrinin və informasiya sahibi olan digər dövlət orqanlarının nümayəndələri iştirak ediblər.
Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova və Aparatın digər əməkdaşları çıxışları zamanı iştirakçılara Müvəkkil tərəfindən informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi funksiyasının icrası barədə geniş məlumat veriblər. Bununla yanaşı, tədbir iştirakçıları informasiya əldə etmək hüququnun yaranma tarixi və bu sahədə mövcud olan beynəlxalq sənədlər haqqında məlumatlandırılıblar.
Daha sonra mövzu ilə əlaqədar təqdimat nümayiş etdirilib, informasiya sahiblərinin vəzifələri və sorğuçuların hüquqları, habelə Qanunun digər maddələri haqqında ətraflı məlumat verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb və zəruri tövsiyələr verilib.
Yekunda iştirakçılara “İnformasiya əldə etmək hüququmuzu bilək” və “İnformasiya əldə etmək hüququnu təmin edək” adlı maarifləndirici bukletlər təqdim olunub.