Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabları bizi qane etmir – Fuad Əsgərov(MÜSAHİBƏ)
Əlilliyi olan vətəndaşların sosial müdafiəsi və bu istiqamətdində atılan addımlar hər zaman aktualdır. Sağlıq problemi ilə əlaqədar daim qayğıya ehtiyacı olan vətəndaşların maddi dəstəyi düvlət büdcəsindən təmin edilir. Bu istiqamətdə problemlər yarandıqda isə həmin şəxslər çətinıliklərlə qarşılaşmalı olurlar. Hazırda bu sahədə mövcud problemlər və onun həlli yolu ilə bağlı suallarımızı “Qan donorları ”Asossiasiyası İctimai Birliyinin sədri Fuad Əsgərov cavablandırır:
- Son günlər əlillik dərəcəsinin verilməsi, təyinatı və bu kateqoriyadan olan şəxslərə müavinətlərin verilməsi ilə bağlı müxtəlif proseslər müşahidə edilir. Siz mövcud vəziyyəti necə qiymətləndirirsiniz?
- “Qan donorları ”Asossiasiyası İctimai Birliyi irsi qan xəstəliyindən əziyyət çəkən insanlara istər hüquqi, istər tibbi dəstək vermək üçün fəaliyyət göstərir ki, buraya hemofiliya, talassemiya və leykemiya daxildir. Hər üç xəstəlik irsi qan xəstəliyidir, yəni anadangəlmə, doğulduğu gündən təyin olunan və heç bir araşdırmaya ehtiyacı olmayan xəstəlik növüdür. Lakin hazırda bu sahədə mövcud vəziyyət heç də ürəkaçan deyil. Çünki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan insanlar arasından saxta əlilliyi olanları tapmağı əsas gətirərək bu xəstələrin əlilliyini dayandırıb. Bu, əslində irsi qan xəstəliyi olan insanların problemi deyil. Nə vaxtsa nazirlik hansısa saxtakarlıqla məşğul olub. İndi əziyyət çəkən o tərəfdir ki, onların müavinətləri dayandırılıb, yenidən ekspertizaya göndərilib, qan xəstəliyindən əziyyət çəkdikləri təzədən təyin olunmalıdır. Hansı ki, onlar əlillik dərəcəsinə görə pensiya almırdılar, əlillik dərəcəsi 18 yaşından sonra təyin olunur. Əlillik dərəcəsi xəstəliyin törətdiyi nəticədir və 18 yaşa qədər xəstə olduğumuz üçün müavinət alırıq. 18 yaşdan sonra isə ekspertizadan keçərək I, II və III qrup kateqoriyalar üzrə pensiya alırıq. Burada fərqli bir mənzərə var. Bu insanlar ekspertizadan necə keçə bilərlər? Ümumiyyətlə, ekspertizadan keçmək üçün qan analizi vermək lazımdır. Çünki qan analizindən sonra təyin olunur ki, bu insanlar qan xəstəliyindən əziyyət çəkir, ya yox. Həmin insanlar bir dəfə bu laborator xidmətdən keçiblər, dövlət tərəfindən onlara hemofiliya, yaxud talassemiyanı təsdiq edən rəsmi sənəd verilib. Onlar hansısa illər ərzində təqaüd alıblar, indi yanvar ayından bunun dayandırılması nəticəsində yenidən bu xəstə insanlar xəstəxanalara üz tutmaq məcburiyyətində qalıblar. Hazırda Respublika Klinik Xəstəxanasında xaos yaranıb, iki gün öncə orada olduğum zaman şahidi oldum ki, 27 yaşlı hemofiliyalı xəstənin pensiyası kəsilib. Böyük müdaxilədən sonra aprel ayında üç aylıq pensiyanın birdən veriləcəyi bildirilir. Bu hansı məntiqə sığır? Həmin şəxs hansısa ziyalı ailənin uşağı idi, haqqını tələb elədi, hüququnu bərpa elədi. Ancaq ölkədə 2 minə yaxın hemofiliyalı, 1500-2000 min sayda talassemiyalı və bir o qədər sayda da leykemiyalı insan var. Bu yaradılmış süni maneədir. Verdiyimiz suallara verilən rəsmi cavablar bizi qane eləmir. Bizim hemofiliyalı uşaqlar anadangəlmə xəstəlikdən əziyyət çəkdiyi üçün müavinət alıblar, onlar əlillik dərəcəsinə görə yalnız 18 yaşdan sonra alıblar. Hansı məntiqə əsaslanaraq yenidən stresslə qarşılaşmalı, sənədlər toplamalıdırlar? Əgər qan xəstəsidirsə niyə yenidən xəstəxanada yatmalıdırlar, ona hansı sənəd təyin olunacaq, onsuz da onun dövlət tərəfindən verilən rəsmi sənədi var. Bu xəstələr daim qan preparatları təmin olunaraq müalicə olunduğu üçün başqa bərpa növləri yoxdur. Valideynlərin, xəstələrin şikayətləri gəlir. Mən Talassemiya Federasiyanın nümayəndəsi ilə danışdım, onlarda da eyni problemdir. Heç bir suala rəsmi cavab verilmir. Kim 3-4 ay ərzində pensiyası kəsiləcək insanlara konpensasiya ödəyəcək? Hazırda onların hüquqları pozulur. Verilən açıqlama saxta əlillərlə bağlı ola bilər, bu cavab bizi qane eləmir. Bu narahatlığı hamı yaşayır. Mən əmək pensiyasına görə təqaüd alıram, əilliyə görə deyil. Ancaq hər bir halda bunu yaşayan yüzlərlə ailələr var. Məsələn, kimsə Lerikin dağ kəndindən gəlib niyə yenidən laborator xidmətdən keçməlidir, xəstəxanada qalmalıdır, epiqriz açılmalıdır? Bu süni maneədir. Bəlkə də bir pul tələsidir. Bu mənim şəxsi və bizə olunan müraciətlərdə əsaslandığımız faktlardır.
- Ümumiyyətlə, necə hesab edirsiz, sağalmayan xəstəliklərdə ömürlük təyinat olmalıdırmı, yəni hər dəfə yenidən müayindən keçmələrinə ehtiyac varmı?
- Hansısa irsi qan xəstəliyindən əziyyət çəkən insan niyə gəlib xəstəxanada yatmalıdır, rentgendən, tibbi müayinələrdən keçməlidir ki, epiqriz əldə etsin? Onsuz da verilən qan analizi hemofiliyalı olduğunu, hemofiliyalı pasportla təyin olunan bir əsasdır. Bu kimi problemlərlə qarşılaşanda kateqoriyaları nəzərə almaq lazımdır. Həssas qrup insanlar var. Mən də tərəfdarıyam ki, saxta əlilliyi olan insanlar var və dövlət büdcəsindən rahatlıqla faydalanır. Bu problemi kim yaradır. Bu problemin bizimlə heç bir əlaqəsi yoxdur, ən qısa zamanda pensiyanın bərpa olunmasını istəyirik. Ümumiyyətlə, 18 yaşa qədər hər 4 ildən bir müayinədən keçilməsi qəribədir, çünki mən sağalmayacağam, ömürlük bir xəstəyəm. Niyə 4 ildən bir müayinədən keçməliyəm ki, təqaüdüm dayandırılmasın? Bu özü qanunda olan bir boşluqdur. Sağalmayan xəstəliklərin kateqoriyaları var. Biz sağalacaq insanlar deyilik. Bu nöqteyi-nəzərdən ən qısa zamanda hüquqi cavab istəyirik. Hətta mən o ailələrə kompensasiya ödənilməsinin tərəfdarıyam.
Ümumiyyətlə, sağalmayan xəstəliklər kateqoriyasına daxil olan xəstəliklər ömürlük təyinat almalıdır. Onların əlillik dərəcəsinə ömürlük xəstəlik kimi əlavə olunmalıdr. Onlar əlavə müayinələrə dəvət olunmamalıdırlar. Yalnız 18 yaşdan sonra hansısa əlillik kateqoriyasına daxil olmaq üçün dəvət olunmalı, məhz probleminə görə dərəcəylə razılaşdırılmalıdır. Bu birmənalı şəkildə belədir. Biz çox istərdik ki, sağalaq, cəmiyyətin digər üzvlərindən fərqlənməyək, heç dövlətin büdcəsindən də müavinət, yaxud pensiya ilə təmin olunmayaq. İndi belə çıxır ki, ƏƏSMN bizim hamımızı sağaldıb, sağlam insanlarıq, çünki müavinətlər kəsilibsə demək biz sağlam insanlarıq. Onu da əlavə edim ki, hemofiliya xəstəliyinin fəsadları çox ağır olur. Bu gün mən II qrup əliləmsə, bir ildən sonra sağalma ehtimalım azdır, getdikcə ağırlaşma halları çox ola bilər. Mənim I qrupa keçmə ehtimalım qısa bir zamanda da ola bilər. Çünki xəstəliyin verdiyi fəsadlar çox ciddi olduğu halda hərəkət məhdudiyyəti yaşayırıq. Bizim bu tip xəstəliklər də hərəkət məhdudiyyətinə görə kateqoriyalara bölünməlidir. Mənim bu gün III, sabah II, o biri gün I qrup olma ehtimalımı heç kim dəyərləndirə bilməz. Bu orqanizmimdə gedən proseslərdən asılıdr. Lakin hər bir halda 18 yaşıma qədər qanunvericiliklə müdaxilə olunmadan müavinətimi almalıyam. Digər yaşlarda fəsadlara görə dəyişə bilər.
- Bu gün xəstəliklərlə bağlı elektron sistemin tətbiqini necə dəyərləndirirsiniz?
- Biz müasir dövrdə yaşayırıq. Elektron baza yaradılmalıdır və Azərbaycanın səhiyyə sahəsi o qədər bərbad bir gündədir ki, hələ də xəstəxanaya gedəndə bizə rəngi solmuş anketləri verirlər. Deyirlər təzədən anketə xəstəliyin gedişatı ilə bağlı əlavələr olunsun. Çox gülməlidir və inanıram ki, dünyanın ən ucqar ölkələrində bundan müasir sistem qura biliblər. Bu mənzərə də ürəkaçan deyil. Bu tamam başqa bir problemdir ki, biz hələ də gedib qeydiyyatdan xəsətlik anketini alıırıq. Hansı ki, elektron sistemdə şəxsiyyət vəsiqəsinin qeydləri ilə göstərilə biləcək bir proses olmalıdır.
- Belə bir fikir də var ki, əgər insanlar elektron sistemdən düzgün istifadə etsə təyinatın başlama və bitmə tarixini görə bilərlər, bitmədən öncə müayinədən keçərlər ki, nəticədə kəsilmə olmaz. Bu fikirlə razılaşırsızmı?
- Hazırda bu ona bənzəyir ki, pandemiya ərzində təhsil sistemində problemlər yarandı, hamı online təhsilə qoşula bilmədi, çünki insanlar buna alışmamışdılar, resursları yox idi. Ümumiyyətlə, maarifləndirmə aparıldımı? Hələ də Azərbaycanın elə kəndləri var ki, təhsil sistemi bərbaddır. Bu kompleks bir prblemdir. Hansısa ucqar dağ kəndində olan hemofiliyalı xəstədən də bunu tələb edə bilmərəm. O problemin də qurbanı ola bilməz. Bunun üçün də alternativ variant düşünülməli idi. Hazıkı vəziyyət xaos yaradır, bu mərhələli şəkildə də ola bilərdi. Bu fikirlə razılaşmıram, çünki insanlar hamısı eyni düşüncəyə malik deyil. Onları da qınamaq olmaz, bu sistemi onlara öyrədən olmayıb. O zaman bildilər ki, pensiyası kəsilib və yenidən sənəd toplamalıdırlar. Buna görə də valideyni və uşağı günahlandırmaq yanlışdır. Düşünürəm ki, kompleks addımlar atılmalı idi və sadəcə olaraq proseslərə çox sürətli başlanıldı. Biz buna hazır deyildik və əziyyətini çəkən insanlar oldu.
Onu da qeyd edim ki, pandemiya yeni başlayanda ƏƏSMN tərəfindən işsiz insanlara kompensasiya olaraq 190 manat humanitar yardım ayrılırdı. İşsiz insanlar qeydiyyata düşürdü, lakin ona müavinətlər ayrılmırdı, ancaq işi olan insanlar sosial şəbəkələrdə deyirdi ki, işim var, lakin qeydiyyatdan keçdim, müavinət aldım. Deməli, elektron sistemlər bizdə uğursuz alınr.
- Siz qeyd etdiniz ki, aprel ayında bir neçə ayın müavinətini birlikdə verəcəklərini bildiriblər. Bəs 3 ay ərzində əlilliyi olan insanlar hardan maddi dəstək almalıdır?
- Bizi narahat edən ən böyük suallardan biri də budur ki, bu insanlara hansı kompensasiya veriləcək. Nümunə olaraq qeyd etdim ki, Qəbələdən olan bir xəstənin 27 yaşı var və yenidən sübut etməyə çalışır ki, mən əliləm, hemofiliya xəstəsiyəm. Kənar müdaxilələrdən sonra ona bildirilir ki, aprel ayında bu müavinət bərpa olunacaq. Ancaq o suala cavab verilmir ki, üç ay ərzində o necə yaşaya bilər. Pandemiya dövründə, hansı ki, alternativ iş yeri yoxdur, yalnız bəlli idarələrdə çalışanlar əmək haqqı ilə təmin olunur. Bəlkə də həmin ailənin gəlir mənbəyi məhz o pensiya idi. Bunun kəsilməsi üçün ona hansı kompensasiya verilir. Onun hüquqları artıq burda pozulur. Vətəndaşda aqressiya yaranır. Hazırkı prosesdə məsul qurumlar öz işinin öhdəsindən düzgün gəlmədiyi üçün verdiyi qərarların yanlış və ya tələsik bir qərar olduğu üçün vətəndaş əziyyət çəkir. Ortada bir körpü qırılır. Doğrudur, bunu kimsə düşünməliydi və yaxud bu prosesə mərhələli və alternaitv yollarla gedilməli idi. Məsələylə bağlı ciddi araşdırılma aparılmalıdır, gətirilən səbəblər bizi qane eləmir, hemofiliya xəstəliyi hər bir halda sağalmayan bir xəstəlikdir. Ümumiyyətlə, bu prosesin onlara aidiyyarı olmamalı idi. Ancaq nə edək ki, valideynlər, övladlar bu proseslə qarşılaşır, nəticədə əziyyət çəkir, qanun pozuntuları törədilir və buna qarşı kimsə rəsmi və qaneedici cavab vermir.
Nigar ABDULLAYEVA





