İctimai yerlərdə aşkarlanan aktiv koronavirus xəstələri - onlar bilərəkmi bu əməli törədirlər?
Hər gün ölkə ərazisində bir neçə nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq saxlanılır. Polis əməkdaşları onlarla izahedici söhbətlər apararaq tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarır. Yaxud, epidemiya əleyhinə və karantin rejimlərinin pozulması maddəsi ilə barəsində cinayət işi başlanılır. Bu gün maraq doğuran amillərdən biri odur ki, həmin saxlanılan şəxslər arasında cəza necə müəyyənləşdirilir?
Hazırda dünya ölkələrində koronavirusa yoluxan və karantin rejimində olmalı olduğu halda açıq havaya çıxaraq normal həyatına davam edənlərə qarşı müxtəlif cəzalar tətbiq edilir. Ancaq xəstə insanın virusu başqa birinə keçirdiyi təsdiq edilərsə, xarici ölkələrdə bu “qəsdən adam yaralama və yaxud öldürmə” hesab edilir və həbs cəzası ilə üzləşirlər.
Bununla bağlı cəza tətbiq edilən ölkələrdən biri qonşu Türkiyədir ki, burada qaydanın pozulmasına qarşı kəskin tədbirlər görülməsinə üstünlük verirlər. Hüquqşünaslar bu barədə ciddi tədbirlərin vacibliyini bildirib. Tanınmış vəkil Kübra Oktay bildirib ki, “Bunlar konkret təhlükə adlanan cinayət növləridir. Şəxsin iradəsi konkret təhlükə dediyimiz hadisədə çox vacibdir. İnsanın cəzalandırılması üçün xəstəliyi olduğunu bilməsi lazımdır. Xəstəliyini bilirsə, qəsdən ötürür və bu, qəsdən yaralanma cinayətini təşkil edir. Məsələn, yoluxdurmaq niyyəti ilə gedib üzündə öskürüb, əlini ağzına sürtüb, ancaq həmin şəxs xəstələnməyib. Bu şəxs xəstələnmədiyi üçün heç bir cinayət baş vermir. Cinayət olması üçün təhlükəyə məruz qalan bir nəfər olmalıdır. Başqasına yoluxdurmaq niyyəti olmasa da, bu dəfə də səhlənkarlıq vəziyyətidir. Beləliklə, başqasına yoluxacağını təxmin edə bilər. Məqsədi bu şəxsə zərər verməməkdir, ancaq başqasına yoluxacağını bilirsə, bu dəfə ehtiyatsızlıqdan yaralama cinayətidir ".
Digər hüququşünas Celal Ülgen bildirib ki, həm qəsdən, həm də ehtiyatsız davranış səbəbiylə başqasına yoluxan Covid xəstələrinə qarşı məhkəmə iddiasının dəqiq araşdırılması vacibdir: “Bir şəxs bilərəkdən virusa yoluxdurmaq üçün hərəkət edərsə, əlbəttə ki, onun cinayəti qəsdən törədilən cinayətlərdən biridir. Bununla yanaşı, əgər özünü kobud aparırsa, əməlin nəticəsindən asılı olaraq ehtiyatsızlıqdan öldürmə və ya xəsarət yetirmə cinayətinin, habelə hərəkətin dərəcəsindən və törədilmə tərzindən asılı olaraq qəsdən törədilən cinayətlərin ola biləcəyi təbiidir. Qırmızı işıqda keçən bir sürücü bunun bir piyadanın ölümünə səbəb ola biləcəyini düşünməlidir. Koronavirusa yoluxdurma da bu çərçivədə qəbul edilə bilər”.
Ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərə gəldikdə isə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev AFN-ə açıqlamasında bildirdi ki, labaratoriya analizləri müsbət çıxmış, yəni aktiv koronavirus xəstələri ilə bağlı müalicə təyin olunduğu ünvanlarda müalicənin gedişi və aparılması ilə bağlı səhiyyə qurumlarından polis orqanlarına məlumatlar ötürülür: “Həmin məlumat əsasında polis onların 24 saat yaşadıqları, qeydiyyatda olduqları və müalicə təyin olunan ünvanları nəzarətdə saxlayır. Qaydalara əməl etməyən, həmin ünvanlarda qalıb müalicəsini davam etdirməyən şəxslər məsuliyyətsizlik edərək ictimai yerlərdə aşkarlanır və onlar barəsində müvafiq tədbirlər görülür. Tibbi prosedurlar gözlənilməklə harada müalicə təyin edilibsə həmin ünvana qaytarılması təmin edilir, daha ağır aktiv koronovirus xəstələri isə müvafiq xəstəxanalara yerləşdirilir. Hansılar barəsində cinayət işi açılıbsa, həmin şəxslər digər şəxslərin həyat və sağlamlığına real təhlükə yaratdıqları üçün barələrində cinayət qanunvericiliyinə əsasən cinayət işi başlanır. Araşdırma prosesində müəyyən olunur ki, o özündən başqa digər şəxsləri yoluxdurub. Yoluxma faktı təsdiqini tapdığı təqdirdə həmin şəxslər barəsində cinayət işi aparılır. İstintaqın gedişi prosesində həmin şəxslərin digər şəxslərin ölümünə səbəb olduğu müəyyən edildikdə daha ağır cəza nəzərdə tutulur”. E.Hacıyev bildirdi ki, Cinayət məcəlləsində “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimin pozulması” 139-1 maddəsi üzrə onlara ittiham elan edilir və barəsində araşdırmalar aparılır: “139-1.1. də göstərilir ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 139-1.2. Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda isə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Xarici ölkələrin təcrübəsi bu maddənin ikinci hissəsində nəzərdə tutulan normadır”.
İnfeksionist Vüqar Cavadzadə bildirdi ki, ictimai yerlərdə saxlanılan koronovirus xəstələri tamamilə təhlükəlidir, aktiv virus daşıyıcılarıdır və ətrafda olan insanları yoluxdururlar: “Onlar virus daşıyıcısı olduğunu bilir və testi pozitiv çıxıb, şüurlu şəkildə gəzərək insanları yoluxdururlar. Hətta taksi fəaliyyəti və digər sahələrlə məşğul olurlar, bu, məsuliyyətsizliyin nəticəsidir. Həmin insanlar digər şəxsləri yoluxdururlarsa, bu da ölüm hallarının baş verməsinə səbəb ola bilər. Təbii ki, bu yolverilməzdir, niyə birinə görə digər şəxs ölməlidir. Test nəticəsi pozitiv çıxanda deyirlər ki, 14 gün özünü təcrid etməlisən. İnsanlar qaydalara riayət etmirlərsə təbii ki, qanun çərçivəsində tədbirlər görülməlidir ki, bu hallar digər şəxslər tərəfindən təkrar olunmasın. Zöhrəvi xəstəliklərin yayılmasında cinayət işi ilə bağlı belə bir təcrübə var. Bu insan məsuliyyət daşımalı, qanun qarşısında cavab verməlidir. Belə xəstələr təbii ki, bilərək çölə çıxırlar. Test verib, pozitiv çıxıbsa, ona mesaj gəlir, məlumat verilir ki, evdə oturmalısan. Bir də var ki, virus daşıyıcısıdır, test verməyib, heç bir klinik əlamət hiss etmir, sadəcə maskanı taxıb gəzir. Bu insan bilmir, onu tutub cəzlandıra bilməzlər, çünki virus daşıyıcısı olması təsdiq olunmayıb”. İnfeksionist deyir ki, ancaq xəstə olduğunu bilərək iş fəaliyyətinə belə davam edənlər var: “Hətta sosial şəbəkələrdə oxudum ki, bir nəfər korona olduğu halda toyda tamadalıq edirmiş, bundan başqa bir həkim virus daşıyıcısı olduğu təqdirdə işə çıxıb, xəstə qəbul edirmiş. Bu həkimdi, cəmiyyətin başqa təbəqəsi deyil ki, məlumatı olmasın. Bunu şüurlu şəkildə dərk edirlər, sadəcə məsuliyyətsizlikdir. Nə dərəcədə düzdür ki, həkim olasan, xəstə qəbul edəsən, özün də korona olasan, bu dəhşətli bir şeydir. Bunun adı yoxdur. İctimai nəqliyyata gəldikdə isə insanların hamısı cərrahi maskadan istifadə edir. Avtobus qapalı yerdir, əgər orda sıxlıq baş verərsə, iki tərəf maska taxsa belə yoluxma halı ola bilər. Çünki cərrahi maskalar bizi yoluxmadan yüz faiz qorumur. Əgər biri burada həqiqətən xəstədirsə maska taxsa belə ərtrafdakılar üçün təhlükəlidir”.
NİGAR





