İngiltərədə milyonlarla insanın telefonuna yanğın riski ilə bağlı təcili xəbərdarlıq göndərildi
İngiltərə və Uelsdə milyonlarla insanın mobil telefonuna meşə və açıq ərazi yanğınları riskinin çox yüksək olduğu barədə təcili xəbərdarlıq göndərilib.
AFN.az xəbər verir ki, Britaniya hökumətindən verilən açıqlamada xəbərdarlığın yerli vaxtla saat 19:00-dan etibarən mərhələli şəkildə telefonlara göndərildiyi bildirilib.
Açıqlamada vətəndaşlardan yanğına səbəb ola biləcək hər hansı fəaliyyətdən çəkinmələri istənilib.
Xəbərdarlıqda birdəfəlik manqallar, ocaq çuxurları, bağ tullantılarının yandırılması üçün qurğular və fişənglər də daxil olmaqla, yanğın başlada biləcək fəaliyyətlərin həyata keçirilməməsi tələb olunub.
Mesajda “Ölkə üzrə meşə və açıq ərazi yanğınları riski çox yüksək səviyyədədir” ifadəsi yer alıb.
Hətta kiçik bir alovun belə sürətlə böyük yanğına çevrilə biləcəyi, insanların həyatını, evləri, müəssisələri və fövqəladə hallar xidmətlərini riskə ata biləcəyi barədə xəbərdarlıq edilib.
Telefonlara sirena səsi ilə göndərilən xəbərdarlıqda vətəndaşlardan rəsmi yenilikləri izləmələri və yanğın əlaməti gördükləri halda dərhal 999 nömrəsinə zəng etmələri istənilib.
İngiltərənin Baş naziri Endi Burnham da X platformasındakı hesabından etdiyi açıqlamada meşə və açıq ərazi yanğınları riskinin çox yüksək olması səbəbindən İngiltərə və Uels üzrə vətəndaşlara təcili xəbərdarlıq göndərildiyini bildirib.
Xəbərdarlıq tələbinin birbaşa yanğınsöndürmə və xilasetmə xidmətlərindən gəldiyini bildirən Burnham bu gün Stourbrig şəhərində olduğunu və yanğınların insanların evləri və həyatları üzərindəki dağıdıcı təsirini yerində gördüyünü ifadə edib.
Burnham prioritetlərinin hər kəsin təhlükəsizliyini təmin etmək və yeni yanğınların başlamasının qarşısını almaq olduğunu vurğulayaraq, həddindən artıq isti havaların təsirli olduğu bu dövrdə vətəndaşlardan bağlar, kənd əraziləri, parklar, kolluqlar və meşəlik sahələr də daxil olmaqla açıq ərazilərdə od yandırmamalarını istəyib.
Yanğınsöndürənlərin və fövqəladə hallar xidmətlərinin son dərəcə çətin şəraitdə fasiləsiz çalışdığını qeyd edən Burnham vətəndaşları təcili xəbərdarlığı ciddi qəbul etməyə və mövcud təlimatlara əməl etməyə çağırıb.

