Yunanıstanda meşə yanğınları ilə mübarizə davam edir
Yunanıstanda paytaxt Afina şəhərinin qərbində davam edən iri meşə yanğınları ilə mübarizə davam edir.
AFN.az xəbər verir ki, bəzi bölgələrin sakinlərinə təhlükəsiz ərazilərə təxliyə olunmaları üçün xəbərdarlıq mesajları göndərilib.
Yunanıstanın dövlət televiziyası ERT-nin yaydığı məlumata görə, Kandili, Luba və Morfeika kimi yaşayış məntəqələrinin sakinləri mobil telefonlarına göndərilən 112 təcili xəbərdarlıq mesajları əsasında təhlükəsiz ərazilərə təxliyə ediliblər.
Məlumatda bildirilir ki, istiqaməti tez-tez dəyişən güclü küləklər səbəbindən yanğınsöndürənlər alovun qarşısını almaqda çətinlik çəkirlər.
Kathimerini qəzetinin xəbərinə əsasən, Afina bölgəsi və Attikanın ətraf ərazilərində meşə yanğını riski ikinci ən yüksək kateqoriya hesab olunan 4-cü risk səviyyəsinə qaldırılıb.
Həmçinin Lamya şəhəri yaxınlığında yeni meşə yanğını başlayıb. Yanğına 77 yanğınsöndürən, 19 yanğınsöndürmə avtomobili və 7 hava vasitəsi ilə müdaxilə edilir.
Hazırda Yunanıstan üzrə, əsasən materik hissəsində olmaqla, Afina, Viotiya, Krit adasının Retimno bölgəsi və Paros adası daxil olmaqla müxtəlif ərazilərdə ümumilikdə 73 aktiv meşə yanğını qeydə alınıb.
Ən çox Afina və Viotiya ətrafında cəmləşən yanğınlar materiklə yanaşı adalara da yayılıb.
Peyk məlumatlarına görə, yanğınlar Melabes və Preveli əraziləri də daxil olmaqla 5 min 700 hektardan çox sahəyə ziyan vurub.

