“Kontakt Home”da "HOFFMANN" uyğunsuzlugu: "ABC Telekom"a maliyyə sanksiyası tətbiq edildi
“Kontakt Home” mağazalar şəbəkəsinin 10 avqust tarixində yaydığı açıqlamadan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə göndərdiyimiz sorğuya cavab verilib.
Agentlikdən AFN.az-a bildirilib ki, “Kontakt Home” mağazasında satılan “HOFFMANN” markalı yağ qızdırıcısının keyfiyyəti və malın üzərində istehsalçıya dair məlumatların olmaması ilə bağlı quruma müraciət daxil olub. Həmin müraciətlə bağlı toplanmış materiallar əsasında araşdırma aparılıb.
Araşdırma nəticəsində “HOFFMANN” əmtəə nişanlı yağla işləyən elektrik qızdırıcılarının mənşəyi, hazırlanma üsulu və texnologiyası barədə müştəriləri çaşdıran məlumatlardan, eləcə də məhsulların mühüm xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan göstəricilərdən istifadə nəticəsində müştəriləri çaşdırmaqla haqsız rəqabətə yol verilməsi əlamətləri müəyyən edilib.
Bununla əlaqədar “ABC-Telecom” MMC (Kontakt Home) barəsində iş qaldırılıb.
İşə baxılması zamanı isə “HOFFMANN” əmtəə nişanlı yağla işləyən elektrik qızdırıcılarının, habelə digər məhsulların etiketində və ya qablaşdırmasının üzərində məhsulun istehsalçısı və mənşə ölkəsinə dair əks olunmuş məlumatların müştərilərdə həmin məhsullar barədə yanlış təsəvvür yaratdığı, onları çaşdıra və ya aldada bilən məlumatlardan istifadə olunduğu müəyyən edilib.
Agentliyin cavabına görə, bununla da haqsız rəqabətə yol verilməklə Rəqabət Məcəlləsinin 23.1.1-ci maddəsinin tələbləri pozulub.
Rəqabət Komissiyasının qərarı əsasında “ABC-Telecom” MMC-yə yol verilmiş haqsız rəqabət hallarının aradan qaldırılması üçün müvafiq göstəriş verilib və maliyyə sanksiyası tətbiq edilib.
“Kontakt Home”un 10 avqust tarixli açıqlamasında Agentliyin araşdırmasının yekunlaşdığı bildirilsə də, araşdırmanın konkret nəticələri açıqlanmamışdı. Şirkətin açıqlamasında əsasən məhsulların xarici qablaşdırmasının istehsalçı brend tərəfindən hazırlandığı və distribütor və ya satıcı şirkətə hazır formada göndərildiyi qeyd olunurdu.
Agentliyin redaksiyamıza verdiyi cavab isə araşdırmanın nəticəsi ilə bağlı daha konkret məlumatları ortaya qoyur. Məlum olur ki, məsələ yalnız tövsiyə xarakterli müdaxilə ilə yekunlaşmayıb, şirkət barəsində iş qaldırılıb, müvafiq göstəriş verilib və maliyyə sanksiyası tətbiq edilib.
Qeyd edək ki, “Kontakt Home”un açıqlamasından sonra AFN.az olaraq Agentliyə bir sıra suallar ünvanlamışdıq. Agentlikdən araşdırmanın hansı məhsulları əhatə etdiyini, istehlakçıların yanlış məlumatlandırılması ilə bağlı hansı halların müəyyən edildiyini və şirkət barəsində hansı tədbirlərin görüldüyünü aydınlaşdırmağı xahiş etmişdik.
Məsələ ilə bağlı məhsulun istehsalçısına da sorğu ünvanlayaraq “HOFFMANN” markalı qızdırıcıların istehsal olunduğu ölkə, qablaşdırmada yer alan məlumatların mənbəyi və digər detallarla bağlı mövqeyini öyrənəcəyik.



