Araşdırmanı dövlət qurumu aparıb, nəticəni "Kontakt Home" açıqlayır: nə baş verir?


“Kontakt Home” mağazalar şəbəkəsi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin səlahiyyətlərini mənimsəyib.

AFN.az xəbər verir ki, şəbəkə 10 avqust tarixində açıqlama yayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin bir sıra məhsulların mənşə ölkəsi barədə təqdim olunan məlumatlarla bağlı araşdırma apardığını bildirib. Araşdırmanın yekunlaşdığını qeyd edən “Kontakt Home” nədənsə rəsmi dövlət qurumunu qabaqlamağı lazım bilib. Təcrübədə bu cür hallarda ilk olaraq dövlət qurumu açıqlama yayır, sonra şirkətlər öz mövqelərini bildirirlər. Bu dəfə isə əksinə oldu. Düzdür, adıçəkilən agentlik hələ ki, heç bir açıqlama verməyib, söhbətin hansı məhsullardan, hansı araşdırmadan getdiyi məlum deyil. AFN.az olaraq bu mövzuda suallarımızı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə ünvanlamışıq, cavab redaksiyaya təqdim olunanda ictimailəşdirəcəyik.

Bu durum kifayət qədər ciddi sual doğurur: əgər dövlət qurumu araşdırma aparıbsa, onun nəticəsini niyə ictimaiyyətə həmin qurum özü təqdim etməyib?

“Kontakt Home”un açıqlamasında bildirilir ki, araşdırma zamanı məhsulların istehsalçısı tərəfindən təqdim edilən xarici qablaşdırmada olan bəzi məlumatların istehlakçılarda məhsulun mənşə ölkəsi barədə fərqli təsəvvür formalaşdırması ehtimalı nəzərə alınıb.

Şirkət bununla yanaşı məsuliyyəti müəyyən qədər istehsalçının üzərinə yönəldən arqument irəli sürür. Bildirilir ki, məhsulların xarici qablaşdırılması birbaşa istehsalçı brend tərəfindən hazırlanır və distribütor və ya satıcı şirkətə hazır formada göndərilir.

Bununla belə, istehlakçı baxımından məsələ o qədər də sadə deyil. Çünki məhsul Azərbaycan bazarında satışa çıxarılır və istehlakçı həmin məhsul barədə məlumatı əldə edərkən təqdim olunan informasiyanın düzgünlüyünə güvənir. Bu səbəbdən əsas sual qablaşdırmanı kimin hazırlaması deyil, məhsulun mənşəyi barədə təqdim edilən məlumatın istehlakçını çaşdırıb-çaşdırmamasıdır.

“Kontakt Home” bildirir ki, Agentliyin rəy və tövsiyələri əsasında zəruri tədbirlər görüb və bu istiqamətdə işləri davam etdirir. Lakin açıqlamada həmin tədbirlərin nədən ibarət olduğu, hansı məhsulların söhbət mövzusu olduğu və konkret hansı məlumatların istehlakçıda yanlış təsəvvür yarada biləcəyi açıqlanmır.

Daha vacibi isə budur ki, Agentliyin araşdırmasının hüquqi nəticəsi məlum deyil. Ortada pozuntu faktının müəyyən edilməsi varmı? Şirkətə hər hansı göstəriş və ya məcburi tələb verilibmi? İnzibati tədbir görülüb, yoxsa məsələ yalnız tövsiyə xarakterli müdaxilə ilə yekunlaşıb?

Bütün bunlar ictimaiyyət üçün əhəmiyyətli detallardır. Çünki şirkətin açıqlaması məsələyə ilk növbədə öz maraqları və reputasiyası prizmasından yanaşır. Dövlət nəzarət qurumunun mövqeyi isə araşdırmanın nəticəsinin obyektiv hüquqi qiymətləndirilməsi baxımından əsas mənbədir.

Burada şirkətin açıqlama vermək hüququnu mübahisələndirməkdən söhbət getmir. “Kontakt”ın öz mövqeyini ictimaiyyətə çatdırması tamamilə mümkündür. Problem başqa yerdədir: dövlət qurumunun apardığı araşdırmanın nəticəsi ictimaiyyətə həmin qurumdan əvvəl və yalnız şirkətin təqdim etdiyi çərçivədə çatdırılırsa, bu, şəffaflıq baxımından suallar yaradır.

Üstəlik, şirkətin açıqlamasında Agentliyin adına xüsusi vurğu edilir və quruma “məsələyə obyektiv yanaşdığına görə” təşəkkür bildirilir. Beləliklə, ictimaiyyət dövlət qurumunun mövqeyini ayrıca açıqlamadan şirkətin təqdim etdiyi versiya ilə tanış olur. Halbuki dövlət nəzarət qurumunun apardığı araşdırmanın nəticəsi kommersiya subyektinin interpretasiyası ilə deyil, mümkün qədər ilkin mənbə tərəfindən açıqlanmalıdır.

Qeyd etdiyimiz kimi, məsələ ilə bağlı Agentliyə sorğu göndərilib. Agentliyin “Kontakt Home”un açıqlamasında qeyd olunan araşdırmanı təsdiqləyib-təsdiqləməyəcəyi, araşdırmanın hansı məhsulları əhatə etdiyi, istehlakçıların yanlış məlumatlandırılması ilə bağlı hər hansı halın müəyyən edilib-edilmədiyi və şirkətə hansı tədbirlərin görülməsinin tövsiyə olunduğu aydınlaşdırılır. Qurumdan veriləcək cavab bir çox sualın cavabını ortaya qoya bilər. Əgər araşdırma həqiqətən aparılıbsa, onun nəticəsinin niyə ictimaiyyətə ayrıca açıqlanmadığı da beləliklə aydınlaşa bilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu