"Kontakt Home"un dövlətə borcunun məbləği açıqlandı


Azərbaycanda "Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən "ABC-Telecom” şirkətinin dövlətə borcunun miqdarı məlum olub.

AFN.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestri bazasından məlumat əldə edib.

Məlumata görə, şirkətin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə hazırda 2 038 711,83 manat vergi borcu mövcuddur.

Xatırladaq ki, "ABC-Telecom” ötən ilin oktyabrından bəri dövlət qarşısında borcla üzləşib və həmin vaxt şirkətin 7,7 milyon manata yaxın vergi borcunun olduğu üzə çıxmışdı. Cari rəqəmlər borcun bir hissəsinin ödənildiyini, lakin hələ də milyonluq öhdəliyin qaldığını göstərir.

Onu da bildirək ki, ötən ilin noyabr ayında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "ABC-Telecom”un haqsız rəqabətə yol verdiyi ilə bağlı qərar çıxarıb. Araşdırmalar zamanı məlum olub ki, mağazalar şəbəkəsinin "HOFFMANN” markalı elektrik qızdırıcılarının satışı zamanı məhsulların Çin istehsalı olmasına baxmayaraq, qablaşdırmada Almaniyaya aid ifadə və təsvirlərdən istifadə olunub. İstehlakçıları çaşdıran bu addıma görə şirkətə icrası məcburi göstərişlər verilib.

Qeyd edək ki, "ABC-Telecom” 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi və "Kontakt” mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadədir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu