"İlham Əliyevin son səsləndirdiyi təklif doğrudur" - Natiq Cəfərli


Ermənistanla Azərbaycan arasında istənilən yol və kommunikasiyalarda hər iki tərəfdən sərhəd-keçid məntəqələri olmalıdır.


AFN.az xəbər verir ki, bunu REAL-ın sədr müavini Natiq Cəfərli deyib. Prezident İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü zamanı Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edib. Qeyd edək ki, bu barədə dövlət başçısı özü bildirib. “Yaxşı olardı ki, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar. Biz bu təklifi vermişdik. Bu gün rəsmən vermişik. Əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdı".

"İlham Əliyevin son səsləndirdiyi təklif doğrudur" - deyən N.Cəfərli bildirib ki, Laçindan Xankəndinə gedən yolda, bizim tərəfdən Azərbaycanın SKM-si, Ermənistan ərazisində də onların SKM-si olmalıdır: "Eyni yanaşma Zəngəzur yolunda da baş verməlidir – bu təklif, əslində Ermənistana da sərf edir, hətta, məncə, Ermənistanla da öncədən razılaşdırılıb. Çünki bu təklif Rusiyanın nəzarətinin zəiflədilməsinə hesablanıb".
Ekspertin sözlərinə görə, Zəngəzir yolu ilə bağlı məsələnin düyünə düşməsində əsas maneə məhz Rusiya ilə Ermənistan arasında anlaşmanın olmamasıdır: "Rəsmi İrəvan Rusiyaya təzyiq edə bilmir, çünki Moskvadan boğazınacan asılıdır, Moskvanın istəyi, hədəfi budur ki, Laçın yolunun da, Zəngəzur yolunun da tək və yeganə sahibi olsun. Bu tək bizə, Ermənistana deyil, həm də Qərbə sərf etmir, çünki Rusiyadan yan keçən yeni beynəlxalq logistik xəttlərə ehtiyac var, bunlardan ən optimalı və gələcəkdə böyük potensiala malik Azərbaycan üzərindən keçən Şərq-Qərb-Şərq dəhlizidir".
N.Cəfərli qeyd edib ki, bu dəhlizin əsas logistik mərkəzi Azərbaycan ola bilər. Amma bunun üçün də dövlətin görəcəyi çox iş var: "Əvvəla, ölkadaxili tranzit tarifləri ilə bağlı yeni yanaşma olmalıdır, tariflər xeyli ucuzlaşdırılmalıdır. İkincisi, “Yaşıl Koridor” prinsipi genişləndirilməlidir. Üçüncüsü, xarici investorlar və tranzit yükdaşıma sifarişçiləri üçün Azərbaycanın pis imici düzəlməlidir. Dördüncüsü, gömrük və vergi qanunvericiliyi yumşadılmalı, sadələşdirilməli və korrupsiyadan təmizlənməlidir. Nəhayət, qonşu ölkələrlə vahid tranzit taarifləri anlaşması imzalanmalıdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu