ŞOK! Alimi konfransa dəvət etdilər, çıxış etməsi üçün ödəniş istədilər


Bir konfransa dəvət etdilər, mövzu Qarabağ və Qərbi Azərbaycanla bağlıdır. Üç gün bütün sənədləri ortaya töküb yaxşı bir məqalə -çıxış hazırladım. Arxiv sənədləri, tərcümə və redaktə ilə birlikdə üstümə 100 manata gəldi çıxdı. Göndərdim. Fikirləşdim ki, yaxşı bir çıxış edərəm. Və....


AFN.az xəbər verir ki, bunu taxirçi alim Zaur Əliyev özünün sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, konfrans təşkilatçıları ondan məqaləsinin dərc edilməsi üçün 55 manat ödəniş tələb ediblər.

Qeyd edək ki, "Qarabağ və Qərbi Azərbaycan: Zəfərin Təntənəsi" adlı beynəlxalq elmi konfransının təşkilatçıları İsveçdə fəaliyyət göstərən "Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu", "İsveç Azərbaycanlıları Konqresi", Stokholm Universiteti, Rusiyada fəaliyyət göstərən Sankt-Peterburq Universiteti, Sankt-Peterburqdakı “Azərbaycan Milli Mədəniyyət Mərkəzi” Regional İctimai Təşkilatı "Çinar", Türkiyədə fəaliyyət göstərən Kafkas Universitetinin Müasir Türk Dilləri və Ədəbiyyatı şöbəsi və TÜRKSAN-dır.

Z.Əliyev elm və təhsil naziri Emin Əmrullayevə müraciət edib: "Deyirsiz ki, ölkədə alim tanımıram. Necə tanıyasınız ki, hər bir məqaləni dərc etmək üçün bizdən pul istəyirlər, konfransda çıxış etmək üçün pul istəyirlər... Anlayın bizi, xahiş edirəm. Bizim maddi imkanımız yoxdur tanınmaq üçün!

Başa düşürəm kitabın çapı və sairə xərc tələb edir. Amma bizə ayrılan maaş ilə hər dəfə belə etsək, ailəmiz necə dolansın? Azərbaycan həqiqətlərini dərc etmək və danışmaq üçün hələ bizimkilər bu qədər istəyir, görün xaricilər nələr tələb edirlər?"

Z.Əliyevin sözlərinə görə, erməni xaçının alban xaçkarlarından tamam ayrı olmasını isbat edəcək bir neçə ekspert rəyi ilə hazırladığı ingilis dilində məqalənin "Scopus" bazasında indeksləşən jurnalda dərc edilməsi üçün 600 dollar lazımdır: " Mən ekspertə pul verim, məqalə dərcinə pul verim, ailəmi saxlayım? Axı 638 manat maaşla bu mümkün deyil, cənab nazir. Məcburam məqaləni dərc etməyəm, buna görə də Siz alimləri tanımırsınız. Bunda da haqlısınız. Xaricdə nüfuzlu jurnallarda dərc edilməyən alim necə tanınsın axı?!
Deyə bilərsiniz ki, pulsuz jurnallar da var. Razıyam, var. Zəhmət olmasa bunlarla əlaqə qurun və xahiş edin ki, Azərbaycan alimləri böcəkdən, cücədən, sevgidən və eşqdən əlavə Milli yönümdə erməni məsələsi, tarix də, siyasət də, ədəbiyyat da, dilçilik də tədqiq edir, onların da məqalələrini dərc edin".
Z.Əliyev E.Əmrullayevin "Alimlərin diplomlarının olması onların alim olması demək deyil" açıqlamasını da xatırladıb: "Çox düzgün deyirsiz. Bu sözünüzə görə əsl alimlər adından Sizə təşəkkür edirəm. Hiss edirik ki, Siz nələrisə ciddi dəyişmək istəyirsiniz. Yanınızdayıq.
Amma zəhmət olmasa, cənab nazir, Ali Attestasiya Komissiyasına sorğu göndərin, deputat, nazir, məmur və yüksək vəzifəli digər şəxslərin elmi işlərini araşdırın. Çağırın sadəcə bir müsahibə edin onlarla mövzu barədə.S uallara cavab versələr mövzuları barədə, demək, diplomlarını özləri alıblar. Soruşun diplom almaq üçün təqdim etdikləri məqalələri hansı jurnallarda dərc edilib? Heç olmasa "öz" məqalələrinin dərc edildiyi jurnalların adını bilsələr, bu böyük iş olacaq.
Cənab nazir anlayıram, Siz elm adamı deyilsiniz. Yaxşı təhsilli bir şəxsiniz. İstəyirsiniz ki, elm inkişaf eləsin, təhsillə bərabər. İnanın, bu addımınıza görə Sizə minnətdaram, amma real dünya, real alim həyatı və real şərtlər başqa cürədir".
Alimin sözlərinə görə, ölkədə dərc edilən və AAK sisteminə daxil olan jurnalların əksəriyyəti məqalələri pulla dərc edir: "Xarici jurnallar ictimai və humanitar sahədə olan məqalələrdən pul tələb edirlər. Rəsmi saytlarında da qiymətləri yazırlar. Pulsuz olan jurnallar isə aylar, illər çəkir. Göndərəndən sonra bir il keçir və cavab verirlər ki, standartlara uyğun deyil. O standartlar isə erməniyə dəymə, tarixini yazma, Azərbaycanı haqlı çıxarma deməkdir. Ya mən vətən xaini olmalıyam ki, dərc edilib H indeksim yüksək olsun. Ya da dərc edilməyib heç kimin tanımadığı şəxslərdən biri olmalıyam. Təsəvvür edin bizim halımızı.
Cənab nazir, maaşımız az, yerli jurnallar pullu, xarici jurnallar pullu, arxiv sənədləri pullu, konfransda çıxış etmək pullu... Necə edək? Alim kimi
kreditə girib dərc edib yazaq yoxsa ailəmizi ac saxlayaq?
Ölkədə dərc edilən jurnalda dövlət maliyyə ayırsın ki, pulsuz dərc edilsin alimlər. Heç olmasa 2 aydan bir dərc edilə bilsinlər. Onların saytları yaradılsın ən azı ingilis dilində. Bundan sonra bizə istinad verənlərin sayları çoxalar ki, nəticədə də H indeksi yüksələr.
Alimlərin elmi əsərlərini qonorar hesabına çapına dəstək olun. Alimlər kitab yazırlar və qapı-qapı düşüb özləri satmağa cəhd edirlər. Amma 60 faizi əllərdə qalır. Heç olmasa kitabı dərc edilən alimə normal qonorar verilsin ki, o yenidən motivasiya qazanıb yeni-yeni elmi əsərlər yaza bilsin.
Xarici jurnallar ilə danışıqlar aparın ki, bizə limit versinlər pulsuz çap üçün (əlbəttə, keyfiyyətli və Azərbaycan həqiqətlərinin peşəkar yazıldığı məqalə ilə). Alimlərin maaşını artırılması üçün hökumət qarşısında təşəbbüs qaldırın. Belə bahalı həyatda yaşamaq çox çətinləşib. Maaş o qədər aşağıdır ki, məcburuq gedək əlavə işlər görək, fəhləlik edək, taksi sürək, yaxud digər işlərlə məşğul olaq eyni zamanda. Necə yaşamaq uğrunda mübarizə aparan alim hansı elmi nəticə verə bilər axı?!"
Z.Əliyev qeyd edib ki, Azərbaycanda alim "Bolt" sürücüsünün 1 ayda qazandığının 40 faizini maaş kimi alır: "Cənab nazir, təşəbbüs qaldırın, alimlərin maaş 100 faiz qaldırılsın ki, biz də ayda heç olmasa min manat ala bilək. Ali Attestasiya Komissiyasının həddən çox lazımsız sənəd və tələbləri minimum vəziyyətə salınsın. Bu sənədlər də kifayət qədər xərc tələb edir. Elektron hökumət dövründə bu qədər kağız sənədə niyə pul xərcləməlidir alimlər?!
Elmlər doktoru adı almaq üçün fəlsəfə doktorunda olduğu kimi eyni proseslər olmasın. Ya Avropada və çox ölkədə olmayan Elmlər doktoru elmi dərəcəsini ləğv edin, ya da proses tamam başqa cürə olsun. Kitab, məqalə və konfranslarda çıxışlara görə verilsin bu ad. Yoxsa fəlsəfə doktoru prosesi ilə elmlər doktoru prosesi eyni bürokratik sənədlər və istiqamətdə olması səbəbindən ciddi elmi tədqiqat işləri aparılmır ölkədə. Nəhayət, alimlər üçün güzəştli kredit imkanları olsun ki, heç olmasa xarici konfranslara dövlət yardım etməsə də, öz hesablarına gedə bilsinlər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu