700 bal toplayan abituriyentlər niyə AMEA-ya yaxın gəlmirlər?


Dövlət İmtahan Mərkəzinin rəsmi məlumatına əsasən, 2007-ci ildən bu günə qədər ölkə üzrə 116 nəfər 700 bal toplayıb. 2024-cü ildə aparılan araşdırmada məlum olur ki, 700 bal yığan həmin 116 nəfərin hamısı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) strukturunda yer alan doktorantura və elmi-tədqiqat proqramlarından kənarda qalıb. Onların əksəriyyəti ya təhsilini xaricdə davam etdirib, ya da daha çox təcrübi və gəlirli sahələr olan repetitorluq və tədris mərkəzlərində çalışmağa üstünlük verib.



Bəs, onların doktorantura və elmi-tədqiqat proqramlarından kənarda qalmasının səbəbləri nədir?



Təhsil eksperti Kamran Əsədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, yüksək nəticə göstərən abituriyentlər daha çox çevik əmək bazarına uyğunlaşmaq istəyirlər:



"Repetitorluq və kurs fəaliyyəti, xüsusilə STEM sahəsindəki bacarıqlara malik olanlar üçün həm daha gəlirli, həm də sosial nüfuz baxımından daha cəlbedici görünür. Bu peşələrdə aylıq gəlirlər 2-3 min manata qədər çata bilir, halbuki doktorantura təhsilini davam etdirən bir gənc araşdırmaçı 400-500 manat təqaüdlə kifayətlənmək məcburiyyətində qalır. Eyni zamanda doktoranturadan sonra elmi ad almaq, vəzifədə yüksəlmək və maddi baxımdan təmin olunmaq prosesi uzun və qeyri-müəyyəndir”.



Kamran Əsədov hesab edir ki, AMEA-nın doktorantura proqramları çox zaman dünya reytinqlərində yer alan ali təhsil müəssisələrinin təqdim etdiyi elmi imkanlarla rəqabət apara bilmir:



"Xaricdə təhsil almağa üstünlük verən 700 balçılar, adətən elmi bazaya, beynəlxalq akademik şəbəkəyə, tədqiqat qrantlarına və gələcək karyera imkanlarına görə qərar verirlər. Məsələn, Almaniya, ABŞ, Böyük Britaniya kimi ölkələrdə doktorantlara yüksək maaş, tədqiqat layihələrində iştirak imkanı, müəllimlik təcrübəsi və beynəlxalq konfranslara çıxış təqdim olunur”.



Ekspert AMEA-ın yenilənməyə ehtiyacı olduğunu qeyd edib:



"Onun elmi potensialı, maddi-texniki bazası və təcrübəli kadr resursu azalmayıb. Lakin bu imkanların gənclər üçün cəlbedici formata salınması zəruridir. AMEA dövlətin elmi düşüncəsinin mərkəzi olaraq qalmalıdır, amma bu mərkəz gənclər üçün ilhamverici olmalı, beynəlxalq açıq elm platformalarına inteqrasiya etməli, multidissiplinar tədqiqatları dəstəkləməlidir. Əgər 700 bal toplayan beyinlər bu sahəyə cəlb olunmursa, deməli, burada kadr yox, sistem problemi var. Onları qınamaq yox, akademik strukturları özlərini sorğulamağa sövq etmək lazımdır”.



Kamran Əsədovun fikirincə, gənc beyinləri AMEA-ya gətirmək üçün elmi tədqiqat mühitini rəqabətli və motivasiyaedici müstəviyə daşımaq əsas hədəf olmalıdır:



"Əks halda, təhsil sisteminin ən parlaq nəticələri elmdə yox, kommersiya yönümlü fəaliyyətlərdə itəcək. Bu isə uzunmüddətli perspektivdə cəmiyyətin intellektual sərvətinin itib getməsi deməkdir”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu