Səudiyyə Ərəbistanı və Küveyt İraqdakı İranpərəst qruplaşmaları vurdu
Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda Səudiyyə Ərəbistanı və Küveyt İraq ərazisindəki İranın dəstəklədiyi şiə qruplaşmalarına qarşı hərbi əməliyyat keçirib.
AFN.az "Reuters"ə istinadən xəbər verir ki, Səudiyyə qırıcıları İraqın şimal sərhədi yaxınlığındakı silahlıların obyektlərinə zərbələr endirib, Küveyt ərazisindən isə raket atışları həyata keçirilib.
Bu hücumlar fevralın 28-də ABŞ və İsrailin İrana birgə zərbələrindən sonra bölgədə başlayan genişmiqyaslı hərbi tədbirlərin bir hissəsidir. Məlumata görə, Səudiyyə HHQ-si əsasən Krallığa və digər Körfəz ölkələrinə qarşı dron və raketlərin buraxıldığı meydançaları hədəf alıb. Əməliyyatların bir qismi aprelin 7-si radələrində — ABŞ və İran arasında atəşkəs müzakirələrinin getdiyi ərəfədə baş tutub.
Eyni zamanda, İraq hərbçiləri Küveyt ərazisindən ən azı iki dəfə raket buraxıldığını qeydə alıblar. Raketlərin Küveyt ordusu, yoxsa orada yerləşən ABŞ kontingenti tərəfindən atıldığı hələlik qeyri-müəyyən qalıb.
Qeyd olunur ki, Səudiyyə Ərəbistanı və BƏƏ ilk dəfə olaraq birbaşa İraq ərazisinə də zərbələr endirib. Körfəz ölkələri üçün əsas təhlükə məhz İraq ərazisindən gəlir; belə ki, yüzlərlə PUA-nın bu ölkədən buraxıldığı bildirilir. Rəsmi Ər-Riyad və Küveyt hələ mart ayında Bağdadı xəbərdar edərək pro-İran qruplaşmalarının cilovlanmasını tələb etsələr də, silahlılar hələ də sərhədboyu kəşfiyyat uçuşlarını davam etdirirlər.
