Bu yaşayış massivləri sökülməlidir - ekspertdən TƏKLİF




Nazirlər Kabinetinin qərarı ilə paytaxt rayonlarının icra hakimiyyətlərinin bir sıra səlahiyyətləri ləğv edilib.



Bura Bakı şəhəri RİH-lərinin mülki, mənzil və şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binaları, habelə sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin müfəssəl planlarının hazırlanması və təsdiqi, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılıq, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi sahəsində səlahiyyətləri aiddir.

NK bununla bağlı Azərbaycan "Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli, "Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli və "Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli qərarlarını ləğv edib.

Bu dəyişikliklər Bakıda tikinti normalarının pozulduğu, qeyri-qanuni tikililərin həddən artıq çoxaldığı, vətəndaşların tikintiyə icazə almalarında yaradılan bürokratik əngəllərin pik həddinə çatdığı bir dövrdə təqdirəlayiqdir. Bəs proseslər necə dəyişəcək? Bundan sonra indiyədək yaranan problemlər aradan qalxacaqmı? Qanunsuz tikililərin, qaydalara uymayan yaşayış massivlərinin aqibəti necə olacaq?

"Əslində NK-nın qərarı gözlənilən idi. Çünki tikintisinə icazə tələb olunan obyektlərlə bağlı Bakı və rayonlarının İH-ləri tərəfindən monopollaşmış siyasət aparılırdı”, - bunu sözügedən qərarı Qaynarinfo-ya şərh edərkən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

Onun sözlərinə görə, bu, qanunvericiliklə icra hakimiyyətlərinin tanınmış hüququ idi, lakin onların hüquq və vəzifələrindən qanunvericiliyin tələblərinə uyğun şəkildə deyil, fərqli davranmaları bu hüquqdan məhrum olmalarına səbəb oldu: "Nəticə etibarı ilə uzun illərdən bəri paytaxtda qeyri-proporsional, tikinti qayda və normalarına zidd olan, müxtəlif infrastrukturların kobud şəkildə pozulması hesabına tikintilərin ortaya çıxması problem halını almışdı. Təqribən iki il əvvəl başlayıb bu proses, BŞİH və RİH-lərin bu səlahiyyətləri tədricən azaldılırdı. Təbii ki, bunun əsas səbəblərindən biri paytaxtda qeyri-qanuni tikililərin sayının həddən artıq çoxluğu və getdikcə də artması idi. Məsələn, çoxmənzilli binaları bir kənara qoyaq, bu sahədə çox eybəcər bir mənzərə yaranıb, nəqliyyat infrastrukturunun kobud şəkildə pozulması ilə nəticələnən çoxsaylı qeyri-yaşayış, kommersiya obyektlərinin yolların mühafizə zolağında, səkilərdə yerləşdirilməsi ilə bağlı sərəncamlar və dövlət torpaqlarının olduqca səmərəsiz istifadəsi geniş hal almışdı. Bu prosesdən dövlət büdcəsinə simvolik məbləğin daxil olması da diqqət mərkəzində idi. Dediyim kimi, bu proses iki il əvvəl başlayıb və ilkin mərhələsi Dövlət Arxitektura və Şəhərsalma Komitəsinə əlavə səlahiyyətlərin verilməsi və RİH-lərin tikintisinə tələb olunan tikililərlə bağlı sərəncam verərkən mütləq şəkildə ərazinin baş planına və müfəssəl planına uyğun olaraq komitədən rəy alınması ilə bağlı cənab prezidentin 2018-ci ilin sonunda imzaladığı fərmanı idi. Həmin fərman əslində prosesə öz möhürünü vurdu. Əvvəllər BŞİH və RİH-lər tikintiyə həm sərəncam verirdi, həm icazə sənədini təsdiq edirdi, həm inşaat pasportunu təsdiq edirdi, nəhayət istismar aktını verirdi. Bir sözlə, bu proses tam olaraq RİH-lərin nəzarətində idi və istədikləri addımı ata bilirdilər. Amma Dövlət Komitəsinə əlavə səlahiyyətlərin verilməsi artıq bu prosesdə onların rolunu xeyli dərəcədə azaltmış oldu. Cənab prezidentin 19 fevral 2019-cu il tarixli fərmanından sonra tikintidə istismara icazə vermək səlahiyyəti də komitəyə verildi. Bu məsələ əslində tədricən qeyri-qanuni tikililərin ortaya çıxmasının azalmasına, eyni zamanda icazəsiz bəzi tikililərin sökülməsinə gətirib çıxarır. Məsələn, Eldar Əzizov BŞİH-ə yeni başçı təyin olunanda, xatırlayırsınızsa, paytaxtın bir çox rayonlarında monitorinqlər keçirildi və bir sıra qeyri-qanuni tikililər söküldü. Düzdür, nəticədə bəzi sahibkarlara ziyan dəydi, amma hesab edirəm ki, bu, həm də onlar üçün bir siqnal oldu ki, bundan sonra RİH-lərlə sövdələşmələrə gedib qanunsuz tikililər tikməkdən imtina etsinlər. Deyə bilərəm ki, prosesin bu şəkildə davam etməsi bu sahədə xaotik vəziyyətin aradan qalxmasına gətirib çıxaracaq. Ölkə başçısının da məsələ ilə bağlı çox ciddi mövqeyi ortadadır. Təqribən 2-3 həftə əvvəl BŞİH rəhbərini qəbul edərkən ona da ciddi tapşırıqlar verdi. O tapşırıqlardan biri ondan ibarət idi ki, paytaxtda çoxmənzilli binaların tikintisi ilə bağlı tələblər sərtləşdirilməlidir, hətta sovet dövründəki kofsentləşməyə keçmək lazımdır. Bir neçə il əvvələ kimi paytaxtda 1000 kvadratmetr torpaq sahəsinin üzərində inşa olunan tikinti kofisentləri 6-6,5 faizə qədər qalxmışdı, indi 2 faizə qədər azaldılması tələb olunur və artıq bunun icrasına başlanıb. Buna görə də bir çox pilot layihələrin icrası dayandırıldı. Bu, o deməkdir ki, məsələn, 1 hektar torpaq sahəsi üzərində inşa olunacaq maksimal yaşayış sahəsi təqribən 20 min kvadratmetrdən artıq olmamalıdır. Söhbət çoxmənzilli binalardan gedir. Bu, tikintisinə icazə tələb olunmayan fərdi yaşayış evlərinin tikintisi haqda NK-nın 2014-cü ildə qəbul etdiyi qərarda da öz əksini tapır. 100 kvadratmetr torpaq sahəsində maksimum 200 kvadratmetr torpaq sahəsi inşa oluna bilər. Kofisentlərin bu dərəcədə azaldılması əslində günün tələblərindən biri idi və cənab prezidentin birbaşa müdaxiləsi istər İH-lərin, istərsə də prosesə aidiyyatı olan digər qurumların məsuliyyətini artıracaq”.

R.Osmanlı hesab edir ki, gec olsa da, paytaxtda şəhərsalma ilə bağlı tədbirlərin həyata keçirilməsində prioritet istiqamətlərdən biri 1 və 2 mərtəbəli binalardan ibarət olan yaşayış massivlərinin söküntüsü ilə bağlı olmalıdır. Ekspertin fikrincə, bu, dövlət vəsaitləri hesabına yox, ayrı-ayrı sahibkarların investisiya proqramları çərçivəsində həyata keçirilməlidir:

"Düzdür, infrastrukturun qurulmasında dövlət iştirak edə bilər, amma düşünürəm ki, söküntü, əhalinin köçürülməsi, nəhayət inşaat prosesi istər yerli, istərsə də xarici şirkətlərin iştirakını təmin etməklə investisiya proqramı vasitəsilə həyata keçirilməlidir. Bundan başqa, hüquqi baza bir qədər də təkmilləşdirilməli, normativ-hüquqi aktlar arasında mövcud olan müəyyən uyğunsuzluqlar aradan qaldırılmalıdır. Mülki qanunvericiliyin tikinti ilə bağlı tələbləri bilavasitə icra olunmalıdır. Fikrimcə, prosesdə bir pəncərə sisteminin tətbiqinə mütləq şəkildə ehtiyac var. Bu, ayrı-ayrı qurumların müvafiq xidmətlərinin e-hökumət portalına inteqrasiyası ilə də mümkündür, eyni zamanda bir və ya iki qurum arasında birləşdirilməsi variantına da baxıla bilər. Təkliflər çoxdur, əsas vacibləri bundan ibarətdir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu