Facebookda bir dostunuzun paylaşımına gülümsəyirsinizsə alqoritmlər işə düşür və... -MÜSAHİBƏ




Sosial şəbəkələrdən istifadə genişləndikcə istifadəçilərin informasiya təhlükəsizliyi də təhlükə altına düşməkdə davam edir. Bəzi iddialara görə, sosial şəbəkələrdən sıx istifadə etmək hətta insanların gündəlik həyatının izlənməsinə şərait yaradır. Bu və digər mövzularla bağlı AFN-in suallarını "Hostimul" şirkətinin direktoru, İT mütəxəssisi Rəşad Qafarzadə cavablandırıb.



- Facebookda tez-tez rast gəlinən haldır - bir dəfə gördüyün insan dostluq təklifi göndərə biləcəyin adamlar siyahısında çıxır. Bu necə baş verir?

- Facebook 2004-cü ildən bəri insanların bir-biri ilə əlaqə qurmasına imkan verən və 1.5 milyarddan çox üzvü olan dünyanın ən populyar sosial şəbəkəsidir. Həm də dünyanın ən çox ziyarət edilən saytlarından biridir. İndiki vaxtda demək olar ki, hər kəsin sosial media hesabı var və hər gün Facebook vasitəsilə minlərlə paylaşım edilir. Özümüzü qorumalı və bilməli olduğumuz bəzi şeylər də var.
Son illərdə bir çox insan, o cümlədən mən də “Facebook danışdıqlarımı dinləyirmi və ya nə etdiyimi görürmü?!” sualını tez-tez özümə vermişəm, bu barədə narahat olduğumuzu söyləmək səhv olmaz. Bu şübhənin səbəbi zaman-zaman bir yerdə söhbət edərkən telefon danışıqlarımız və ya danışdığımız mövzularla bağlı Facebook reklamlarına rast gəlməyimiz və ya ilk dəfə tanış olduğumuz şəxslərin profilini Facebookun qarşımıza çıxarmasıdır. Sosial şəbəkələrdə təkcə ölkəmizdə deyil, xaricdə də bu məsələ ilə bağlı bir çox şikayətlərə rast gələ bilərsiniz. Bu mövzu ilə bağlı bir çox iddialar mövcuddur.
Dünyanın aparıcı proqram şirkətlərindən biri olan “CBI Insight” Facebookun şəxsi həyatınıza müdaxilə edə biləcək minlərlə təhlükəli patentə sahib olduğunu iddia edir. İddiaların həqiqəti nə qədər əks etdirdiyi bilinmir, amma iddialara görə, patentlərə əsasən Facebook telefon kameramız vasitəsilə üz ifadəmizi araşdıran və əhvalımızı təhlil edən bir sistemdən, danışdığımız şəxsləri və söhbətləri mikrofon vasitəsilə təyin edib, ona uyğun yönləndirmələr edən və özəl həyatımıza müdaxilə edə biləcək bir sistemə sahibdir. Məsələn, Facebookda bir dostunuzun paylaşımına gülümsəyirsinizsə, alqoritm xəbər mənbəyinizdə dostunuzun paylaşımına bənzər bir məzmun yaradacaqdır və eyni mövzulu xəbərləri daha çox qarşınıza çıxaracaqdır.

- Facebookun hər bir istifadəçi üçün məzmun göstərmək alqoritmi necə işləyir?

- Facebook tətbiqini qurarkən telefonunuzda Facebookun Android cihazınızdakı məlumatlara daxil olmağa və ya Android cihazınızın xüsusiyyətlərindən istifadə üçün icazə istədiyi bildirilən bir bildiriş görməlisiniz. Bu icazəni verdikdən sonra Facebook qaleriyamızı, kontaktımızı, GPS sistemini, kameranı, cihazımızın mikrofonunu və bir çox funksiyanı bizə soruşmadan istifadə edərək bizim ana səhifəmizə, bizə daha çox lazım olacaq məlumatların çıxarılmasına şərait yaradır.
Facebookun əsas məqsədi insanları bir-birinə yaxınlaşdırmaq və onların əlaqə qurmasını təmin etməkdir. Bir çox telefon şirkəti bunun qarşısını almağa çalışsa da, yenə də Facebook bizim icazələrimizə görə cihazımızdakı istənilən məlumatı əldə edə bilir. Bir çoxumuz təhlükənin fərqində olmuruq. Həmçinin qeyd edim ki, Facebook inkişaf etdirdiyi alqoritmi sayəsində bir məzmuna nə qədər baxdığımızdan, kiminlə eyni mühitdə olmağımıza, hansı dostumuzla nə qədər ünsiyyət qurmağımıza qədər bizim haqqımızda olan bütün məlumatları toplaya bilir və bu məlumatları bizi təmsil edən bir profil yaratmaq və göstərilən reklamları yönləndirmək üçün istifadə edir.
Facebook haqqında bunu demək olar ki, yönləndirmə üsulu ilə əlaqəli insanları təsnif etməklə ortaya çıxan bir quruluşdur. Facebook istifadə edənlərin hamısına baxdığımızda, dünyada hər kəs bir dost, ailə, tanış, qardaş və s. geniş bir şəbəkə quruluşuna malikdir. Facebookun bu məhşur alqoritminin adı “News Feed”dir.

- Ümumiyyətlə, sizcə, sosial şəbəkələrdən çox istifadə hər hansı təhlükə yaratmır ki?

- Sosial şəbəkədən istifadənin yaxşı tərəfləri olduğu qədər zərərli tərəfləri də mövcuddur. Ancaq çox vaxt bu vəziyyətin zərərləri daha çox müzakirə olunur. Ən çox müzakirə edilən mövzulardan biri isə şəxsi məlumatların təhlükəsizliyi problemidir.
Sosial mediada bir paylaşım etməzdən əvvəl, bu paylaşımın bu gün və ya gələcəkdə şəxsi məlumat baxımından problem olacağını düşünmək lazımdır. Ayrıca, sosial mediada paylaşımların kim tərəfindən görüləcəyini müəyyənləşdirmək şəxsi məlumatların təhlükəsizliyini təmin etmək üçün atıla biləcək vacib bir addımdır. Şəxslərin onlayn və ya real mühitdə baş verə biləcək gizlilik pozuntularından xəbərdar olması çox vacibdir. Buna görə fərdi məlumatların qorunması ilə bağlı məlumatlılıq əldə edilməlidir. Çünki maarifləndirmə təhlükəsizlik üçün açardır. Bu kontekstdə şəxsi məlumatların sual anlayışına sahib olmaq lazımdır. Şəxsi məlumatlar həyatın hər dövründə vacib olmuşdur. Paylaşılmasından əvvəl özümüzə sual verməliyik ki, şəxsi məlumatlarımı mən yoxlayacağam, yoxsa şəxsi məlumatlarım məni yoxlayacaq?

- Təhlükəsizliyi qorumaq üçün nə kimi təklifləriniz var?

- Virtual təhdidlərin qarşısını almaq üçün müasir antivirus proqramlarından istifadə vacibdir. Naməlum ünvanlardan və ya insanlardan gələn məktublar, maillər və mesajlar açılmamalıdır. Çünki bunlar şəxsi məlumatlara daxil olmaq üçün hazırlanmış xüsusi məktublardır. Özünüz, ailəniz, övladlarınız, qohumlarınız, strateji məlumatlar, görüşlər və səyahətlər haqqında məlumat, qeyri-ictimai məlumat paylaşmaqdan çəkinin. Korporativ hesablarınızı idarə etməkdə mütləq dəstək alın və s. Bu mövzu ilə əlaqədar bir çox nümunə göstərmək mümkündür. Ancaq bu bir həqiqətdir ki, sosial mediadan imtina etmək artıq mümkün deyil.

Həbibə ABDULLA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu