Dünya ölkələri turizm mövsümünü açır, bəs Azərbaycan? - ARAŞDIRMA


Dünya Turizm Təşkilatının məlumatına görə, 2020-ci qlobal turizm tarixinin ən böhranlı ili kimi yadda qaldı. Pandemiyanın səbəb olduğu səyahət məhdudiyyətləri səbəbiylə qlobal turizm sənayesi 2020-ci ildə 1,3 trilyon dollar itirib. Ötən il pandemiyanın turizm sektoruna vurduğu ziyan, 2009-cu il iqtisadi böhranı dövründə yaşanan təsirlərin 11 qatından çoxdur.


AFN-in məlumatına görə, böhranın hələ də bitmədiyini bildirən UNWTO Baş katibi Zurab Pololikaşvili qeyd edib ki, "Covid-19" epidemiyası ilə əlaqədar risklərin azaldılması tədbirlərinin uyğunlaşdırılması, koordinasiyası və rəqəmsallaşdırılması, o cümlədən test, izləmə və peyvənd sertifikatlarının etibarlı səyahət üçün təşviq edilməsi şərtlər imkan verdiyi təqdirdə turizmin canlanmasına əsas verir. Artıq turizm mövsümünün ən çox canlandığı yay turizm mövüsüm başlayır. Bir sıra tanınmış turizm ölkələri müəyyən şərtlər daxilində yay turizm mövsümünü açmağa hazırlaşır.

İspaniya turizmi nə zaman açacaq?

İspaniya turizm naziri Fernando Valdes Verelst, ölkəsinin iyundan etibarən turist qəbuluna başlayacağını açıqlayıb. İyun ayının İspan turizminin bərpa olunmağa başlayacağı ay olduğunu qeyd edən nazir, o vaxta qədər rəqəmsal peyvənd sertifikatının başlanacağını və İspaniyanın sərhədlərini açacağını qeyd edib. Rəqəmsal peyvənd pasportunun sınaqlarına növbəti aydan etibarən, xaricdə yaşayan İspaniya vətəndaşlarının ölkəyə girdikləri zaman test etməyə başlayacaqlarını deyən nazir İspaniyanın İngiltərənin "yaşıl dəhlizi" siyahısında olacağına ümid etdiklərini söyləyib.

İsrail qlobal bir kampaniya ilə turizmi yenidən açır

May ayının sonundan etibarən peyvənd olunan turistləri qəbul edəcəyini açıqlayan İsrail, strateji turizm kampaniyasına başlayır. İsrail turizm naziri Orit Farkash-Hacohen, turizmin bərpası üçün hazırlıqlarda əlavə addımlar atıldığını bildirib.Turizm sektorunun kampaniyalarla dəstəklənəcəyini söyləyən nazir, bu il İsraildə beynəlxalq tədbir olan "Qürur Paradı" kimi tədbirləri təbliğ edəcəklərini bildirib. Birinci mərhələdə ölkəyə məhdud sayda peyvənd qrupu qəbul edəcək. Belə ki, hava yolu şirkətlərinin Ramon hava limanına uçması üçün təşviq verəcəyini açıqlayan nazir, məhdud sayda turist qəbuluna başlamazdan əvvəl may ayının sonunda ölkəyə məhdud sayda aşılanmış turist qrupu qəbul edəcəklərini açıqlayıb. Nazir iyul ayından etibarən peyvənd olunan fərdi sərnişinləri də ölkəyə qəbul edəcəklərini bildirib. İsrailin hazırda sağlamlıq və təhlükəsizlik sahəsində dünya lideri olduğunu söyləyən Orit Farkash-Hacohen, "Yay və ya qış tətili planlaşdıran tətilçilər bunu nəzərə almalıdırlar" deyib. Dubaydan ingilis və ərəb dillərində qlobal tanıtım kampaniyasına başlayacaqlarını bildirən nazir, reklam kampaniyasının aparılacağı digər iki şəhərin London və Nyu- York olacağını açıqlayıb.

İngiltərənin turizm sənayesi tam olaraq nə vaxt fəaliyyətə başlayacaq?

İngiltərə turizm sənayesi səyahətlərin məhdud bir şəkildə başlayacağını, ancaq yay aylarında səyahət edən ölkələrin genişlənməsini və məhdudiyyətlərin asanlaşacağını gözləyir.

İngilis hökumətinin səyahətlə əlaqəli ölkələri yaşıl, narıncı və qırmızı kimi sıralayan "işıqfor" sisteminə keçməsini alqışlayan aviasiya sənayesi indi bu kateqoriyaların təfərrüatlarını gözləyir. "British

Airways"in icraçı direktoru Sean Doyle deyib: "Səfərlərin 17 mayda başlayacağına nikbin baxırıq, ancaq daha sonrasına da baxmalıyıq. Yaşıl kateqoriyadakı siyahının yay aylarına qədər xeyli genişlənəcəyini gözləyirik. Bütün göstəricilər daha yaxşı olacağı göstərir. Vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşacağına əminik''. Baş nazir Johnsonun səyahətlərin başlanmasını istədiyini və insanların hazırda etibarlı bir şəkildə sifariş verə biləcəyini söyləyən Doyle, "Ən əsası planlayacağımız detallı bir çərçivədir. Bu səbəbdən yaşıl və narıncı rəng kateqoriyasındakı ölkələr üçün hansı meyarların tətbiq olunacağını bilməliyik''. "Heathrow" Hava limanının icraçı direktoru John Holland-Kaye, "İyula gəldiyimiz zaman daha çox ölkənin yaşıl siyahıya əlavə olunduğunu və bəzi məhdudiyyətlərin yüngülləşdirildiyini görəcəyik" deyib. 12 apreldə İngiltərənin səyahət üçün "işıqfor sistemi"nə nə vaxt və hansı şərtlərlə keçəcəyi ilə bağlı bir hesabat açıqlayacağı Qlobal Səyahət İşçi Qrupu tərəfindən də təsdiqlədi. Boris Johnson, beynəlxalq səyahətləri yenidən başlatmaq istədiyini də ifadə edərək, "Bunu dərhal edə bilmərik, ancaq 17 may tarixindən hələ vaz keçmədik" deyib.

İngiltərənin ölkələri peyvənd, infeksiya və yeni variantın yayılmasına görə təsnif edəcəyi bildirilir. Yaşıl siyahıda olan ölkələrin səyahətinə icazə veriləcək, ancaq bu ölkələrdən qayıdanların yanlarında mənfi bir PCR testi olacaq. Narıncı siyahıda olan ölkələrdən qayıdanların həm PCR testi olmalı, həm də özlərini 10 gün təcrid edəcəklər. Bu insanlar ayrıca ikinci və səkkizinci təcrid günlərində testdən keçəcəklər. Qırmızı ölkələrdən qayıdanlar isə karantin otellərində 10 gün karantində saxlanılacaq. Bu insanlar otel pullarını da öz ciblərindən ödəyəcəklər. İngiltərənin yaşıl, narıncı və qırmızı rənglərdə göstərdiyi ölkələr, məlumatların dəyişməsinə (peyvənd, infeksiya və yeni variant sayları) bağlı olaraq bu siyahılar arasındakı yerləri dəyişdirəcək.

İtaliya səyahət qərarını açılayıb

İtaliya səyahətlərdə yeni bir tətbiqə başlayır. İtaliyada nazirlər şurası yeni koronavirus tədbirlərini açıqlayıb və buna uyğun olaraq artıq 26 aprel tarixindən etibarən yüksək riskli bölgələrdə səyahətə icazə verilir. Bununla birlikdə, 4 rəngli risk şkalasında qırmızı və narıncı rənglərlə göstərilən ən yüksək riskli bölgələrdə səyahət üçün 'yaşıl sertifikat' tələb olunur. Peyvəndlərin tamamlandığını, son 6 ay içində Covid-19-a yoluxub sağaldığını göstərən sənədlər ya da son 48 saatda edilən mənfi test nəticələrini göstərən sənədlərə "yaşıl sertifikatlar" deyilir. Bu sənədləri olanlar heç bir əsas olmadan səyahət etmək azadlığına sahibdirlər. Digər Avropa Birliyinə (AB) üzv ölkələrdən alınan bərabər sənədlər də "yaşıl sertifikatlar" kimi qəbul ediləcək. AB xaricindəki ölkələrdən gələnlər üçün, peyvəndlərin İtaliyada istifadə edilənlərə "ekvivalent" hesab edilməsi şərtləri olacaq. Əvvəllər İtaliyada iş və sağlamlıq kimi səbəblərdən narıncı və qırmızı bölgələrə səyahət etmək üçün məcburi bir səbəb göstərilməli idi. Ağ və sarı bölgələr arasında səyahət məhdudiyyəti yoxdur. Ölkədə mart ayının ortalarında ağ və sarı zona tətbiqləri ləğv edildi və bütün bölgələr yüksək riskə daxil olan narıncı və qırmızı zonalar elan edilmişdi. Nazirlər Kabinetinin qərarı ilə 26 apreldən etibarən tədbirlərin nisbətən yüngül olduğu ağ və sarı zona tətbiqləri bərpa edilib. Bu bölgələrdəki restoran, kafe və barlar açıq havada olmaları şərti ilə masa xidməti göstərə biləcəklər. Narıncı və qırmızı zonalarda isə yalnız paket servisə imkan verilir. Sosial məsafə tədbirləri tətbiq olunmaq şərti ilə sarı bölgələrdə kinoteatrlar, teatrlar və konsert salonları da açıla bilər. Digər tərəfdən saat 22.00-05.00 arasında ölkə daxilində tətbiq olunan qadağan saatı davam edəcək.

Türkiyə PCR testi tələbini qaldırırmı?

Türkiyə 15 may tarixindən etibarən, 15 ölkədən Türkiyəyə gələnlər üçün PCE test tələbini ləğv edib. Səhiyyə Nazirliyinin şöbə müdiri Fatih Kara, müraciətində Daxili İşlər Nazirliyindən 15 may tarixindən

etibarən 15 ölkədən Türkiyəyə girərkən PCR testləri istəməməsini istəyib. Bu tələbdən bir həftə sonra THY tərəfindən turizm agentliklərinə göndərilən məlumat qeydində, 15 ölkədən Türkiyəyə gələn sərnişinlərə PCR testinin tətbiq olunmayacağı bildirilib. 15 may 2021-ci il tarixindən etibarən Hong Kong, Çin, Tayvan, Vyetnam, Avstraliya, Yeni Zelandiya, Sinqapur, Tayland, Cənubi Koreya, İsrail, Yaponiya, İngiltərə, Latviya, Lüksemburq, Ukrayna və Estoniyadan Türkiyəyə gələn insanlardan PCR testi tələb olunmayacaq.

AB səyahətlərdə istifadə üçün "AB Covid-19 Sertifikatı"nı təsdiqlədi

Dünən Avropa Parlamentinin üzvləri, AB Komissiyası tərəfindən hazırlanan ölkələr arasında səyahətlərdə istifadə ediləcək "AB Covid-19 Sertifikatı"nı təsdiqlədilər. Avropa Komissiyası sənədin iyul ayından əvvəl qüvvəyə minməsini istəyir. Avropalı millət vəkilləri sertifikatın 12 ay müddətində qüvvədə olmasını, kağız və ya rəqəmsal formatda hazırlanmasını istəyirdilər. Sənəddə peyvənd olanların məlumatları və ya yaxın müddətdə alınmış "neqativ" test nəticəsi, ya da əvvəllər xəstəliyə tutulub-tutulmaması barədə məlumatların olması qərara alındı.

"Euronews"un xəbərinə görə, AP vəkilləri sertifikatın, təkcə "səyahət sənədi" və ya sərbəst hərəkət hüququ üçün şərt olmamasının vacibliyini vurğulayıblar. Aşılanmayanlara qarşı ayrı-seçkiliyin qarşısını almaq üçün millət vəkilləri AB ölkələrindən vaxtında və pulsuz test imkanları təmin etmələrini tələb ediblər və AB-nin peyvənd sertifikatının üzv ölkələrin özləri tərəfindən hazırlanan sertifikatlarla uyğun olması lazım olduğunu bildiriblər.

AP millət vəkilləri, eyni zamanda AB tərəfindən təsdiqlənmiş peyvəndləri olan şəxslərə AB ölkələrinə veriləcək sertifikatların bütün üzv ölkələrdə tanınmasını tələb ediblər. AB-də hazırda BioNTech-Pfizer, Moderna, AstraZeneca və Johnson və Johnson tərəfindən hazırlanan peyvəndlər təsdiqlənib.

Təcili istifadə üçün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş peyvəndləri olanlara AB ölkələrində verilən sertifikatların da tanınacağına dair hər bir ölkənin özü qərar verməsi ilə bağlı razılığa gəlinib. Bundan əlavə, sertifikat məlumatlarının saxlanılmasının və məlumatların qorunmasının vacibliyi qeyd edilib.

Qeyd edək ki, AB peyvənd sertifikatlaşdırma sistemini bu yay turizm mövsümünü qiymətləndirə bilmək üçün Yunanıstan, İspaniya və Portuqaliya kimi ölkələrin istəyi ilə hazırlamağa başlayıb. Bu çərçivədə, gələcəkdə başqa bir ölkənin peyvənd sertifikatını tanımaq üçün AB-də təsdiqlənmiş peyvəndlərin istifadəsi lazım olduğu ifadə edilirdi. Ancaq AB ölkələrinin hansı peyvəndlərin tanınacağına özləri qərar verə biləcəyi bildirilir.

Ölkəmizin mövsümlə bağlı qərarları...

Bu ilin birinci rübündə də ölkəmizə gələn turistlərin sayında azalma davam edib. Belə ki, həmin müddətdə Azərbaycan 117,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə az xarici gəlib. Səfər edənlərin çoxu əsasən qeyri-turizm məqsədilə ölkəmizə gəliblər. 2021-ci ilin yanvar-mart aylarında mehmanxanaların gəlirləri isə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 43,1 faiz azalıb. Ötən müddət ərzində turizmdə baş verən böhranı aradan qardırmaq üçün ölkəmizdə hansı tədbirlər həyata keçirilir?

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, COVİD- 19 pandemiyasının aktiv olduğu dövrdə ölkəmizə gələn turistlərin sayının azalması gözlənilən idi: "Bununla belə, yeni turizm mövsümünün başlanmasına az zaman qaldığını nəzərə alsaq ölkəyə səfərlər bağlı sərt qaydaların dəyişdirilməsinə ehtiyac var. Belə ki, əgər icazə verilən meyarlara uyğun gəlməyən əcnəbinin müddətli koronavirus (COVID-19) neqativ PSR-testi nəticəsi varsa da belə ölkəmizə daxil ola bilməz. Halbuki test nəticələri neqativ olan əcnəblilərin potensial virus yayıcısı riski ciddi şəkildə aşağıdır. Buna görə də, bu şəxslərin səfərləri epidemioloji baxımdan hər hansı ciddi təhlükə yaratmır. Xatırladaq ki, mövcud qaydalara əsasən, ölkəyə yalnız bizdə akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr gələ bilər".

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirdi ki, bizdə turizm mövsümü sərhədlər açılmayana qədər elan edilməyəcək: "Daxil turizm var, yanvarın sonunda sərt karantin rejimi yumşaldılandan, regionlar, şəhərlər arasında gediş-gəliş bərpa olunandan sonra Azərbaycanda məhdud daxili turizm imkanları yaradılıb. İnsanlar səfərlərini, istirahətlərini məhdudiyyətlərlə olsa gerçəkləşdirirlər. O cümlədən, iaşə və yerləşdirmə obyektləri də Nazirlər Kabineti yanında Operativ Qərərgahın qoyduğu tələblərə uyğun fəaliyyət göstərirlər. Getmə-gəlmə turizmi bir çox şərtlərdən asılıdr ki, ilk növbədə sərhədlərin açılması məsələsidir. Azərbaycan turizm mövsümünün başlanmasında qoyduğu əsas şərt əlbəttə ki, insanların sağlamlığının təhlükəsizliyini təmin etməkdir. Nəinki Azərbaycanda, bütün dünyada daha çox daxili turizm üstünlük təşkil edəcək. Azərbaycanda məlumdur ki, hansı şərtlərlə ölkəyə xarici vətəndaşların gəlmə imkanı mövcuddur. Ondan əlavə yeni qərarlar verilməyib".

Nigar ABDULLAYEVA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu