Qarağacı qəbiristanlığının hazırkı vəziyyəti ilə bağlı alternativ hesabat hazırlanır - FOTOLAR


Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi “Ruhlar şəhərinin ruhu” layihəsi çərçivəsində Ağdamın Qarağacı qəbiristanlığının hazırkı vəziyyəti ilə bağlı alternativ hesabat hazırlayacaq.


AFN.az xəbər verir ki, bu məqsədlə ekspert qismində layihəyə cəlb olunmuş ərazini yaxşı tanıyan, Qarağacı qəbiristanlığına bələd olan qrup işğaldan azad edilmiş Ağdam və Ağdam-Şuşa yolunun üzərində olan Qarağacı qəbiristanlığına ikinci dəfə baxış keçiriblər.

Layihənin rəhbəri Asəf Quliyevin verdiyi məlumata görə, 11 saatdan artıq davam edən iki baxış zamanı Qarağacı qəbiristanlığının mövcud durumunu əks etdirəcək video və foto çəkilişlər aparılıb, mövcud vəziyyətlə bağlı faktlar fiksə edilib. Bu çəkilişlər və müxtəlif mənbələrdə aparılan araşdırmalardan sonra Qarağacı qəbiristanlığının tarixi, dünəni (işğadan əvvəlki vəziyyəti) və bu günü ilə bağlı hesabat hazırlanacaq.

Xatırladaq ki, bu günə qədər qədim tarixi məkan olmasına baxmayaraq Qarağacı qəbiristanlığı ilə bağlı əsaslı araşrıma aparılmayıb. Bu məkana yeganə elmi ekspedisiya 1927-ci ildə professor İvan Vasilyeviç Meşaninov tərəfindən həyata keçirilib. Meşaninov burada orta əsrlər Albaniyası dövründən qəbiristanlıq olduğunu sübut edən dəlillər də əldə edib.
Onun bu ekspedisiya ilə bağlı yazdığı hesabatda bildirilir ki, Nadir şah Əfşarın Qarabağa yürüşləri zamanı həlak olan sərkərdələrdən bəzisi məhz burada dəfn olunub. Bundan başqa Meşaninov Gəncə Xanlığının sonuncu müstəqil hakimi Cavad xanın oğlu Uğurlu xanın məhz burada dəfn olunduğunu da qeyd edir.

Başqa tarixi mənbələrdə Uzun Həsənin oğlu Sultan Yaqubun da müəmmalı şəkildə vəfatından sonra məhz Qarağacı qəbristanlığında dəfn olunduğu bildirilir.

Hazırda bu məkanın tarixi ilə bağlı araşdırma təşəbbüsü ilə çıxış edən alimlər var. Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyi gələcəkdə də bu yöndə işlərin davam etdirilməsi üçün digər addımların da atılmasını planlaşdırır.

Layihə çərçivəsində hazırlanacaq hesabatda həm bu məkanın tarixi, həm işğala qədər olan durumu, həm də işğaldan sonra törədilmiş vandalizm öz əksini tapacaq. Bu hesabat müxtəlif kanallarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq. Eyni zamanda Azərbaycandakı xarici ölkə səfirliklərinə və beynəlxalq təşkilatların Bakı nümayəndəliklərinə təqdim olunacaq.




























AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu