X-in baş direktoru istefa verdi

Sosial media platforması X-in baş direktoru (CEO) Linda Yaccarino vəzifəsindən istefa etmək qərarına gəldiyini açıqlayıb.
Yaccarino bu barədə X hesabında paylaşım edib.
Paylaşımında iki möhtəşəm ilin ardından X-dəki CEO vəzifəsindən ayrılmaq qərarı verdiyini bildirən Yaccarino “İlon Maskla X-ə dair vizyonunu ilk dəfə müzakirə etdiyimiz zaman bu şirkətin fövqəladə missiyasını həyata keçirməyin həyatımın fürsəti olacağını bilirdim. Söz azadlığını qorumaq, şirkəti yenidən qurmaq və X-i hər şey üçün tətbiqə çevirmək məsuliyyətini mənə verdiyi üçün ona son dərəcə minnətdaram” deyib.
O, X komandası ilə qürur duyduğunu vurğulayaraq, komandanın sosial media platformasına inqilabi yeniliklər gətirmək üçün yorulmadan çalışdığını bildirib.
Yaccarino X-in bütün səslər üçün rəqəmsal bir şəhər meydanı olduğunu qeyd edərək “İstifadəçilərimizin, tərəfdaşlarımızın və dünyanın ən yenilikçi komandasının dəstəyi olmasaydı, biz bunu bacarmazdıq. Siz dünyanı dəyişməyə davam etdikcə, mən də sizi dəstəkləməyə davam edəcəyəm” deyə əlavə edib.
Qeyd edək ki, İlon Mask 2023-cü ilin mayında keçmiş adı Twitter olan X platformasının CEO vəzifəsinə Linda Yaccarinonu təyin etmişdi.