Tramp Putini Moskvanı bombalamaqla hədələdi

ABŞ prezidenti Donald Trampın ötən il seçki kampaniyasına ianə verən şəxslərlə keçirdiyi qapalı görüşlərdə Rusiya prezidenti Vladimir Putini Ukraynaya hücumdan çəkindirmək üçün onu Moskvanı bombalamaqla hədələdiyini dediyi iddia olunub.
Amerikanın CNN xəbər agentliyi Trampın 2024-cü il prezident seçkiləri kampaniyası çərçivəsində Nyu-York şəhəri və Florida ştatında keçirdiyi ianə toplama tədbirlərində mətbuata qapalı çıxışlarının səs yazılarına çıxış əldə edib.
Səs yazılarında Tramp "Putinə dedim ki, əgər Ukraynaya girsən, Moskvanı yer üzündən silənə qədər bombalayaram. Başqa çarəm yoxdur. O mənə inanmadığını dedi, amma fikrimcə təxminən 10 faiz inanmışdı" deyib.
Tramp oxşar bir xəbərdarlığı Çin prezidenti Si Cinpinə də Tayvanla bağlı etdiyini bildirib:
"Ona dedim ki, əgər Tayvana hücum etsən, Pekini bombalayarıq. Məni dəli hesab etdi. Amma problem yaşanmadı".
Tramp həmçinin iddia edib ki, o, Co Baydenin yerinə prezident olsaydı, nə Ukraynada, nə də Qəzzada hazırkı münaqişələr baş verməzdi.
Səs yazılarında Trampın ABŞ universitetlərində Fələstinə dəstək məqsədilə keçirilən nümayişlərlə bağlı da fikirləri yer alıb.
O, nümayişləri dayandırmaq üçün etirazçıların ölkədən deportasiya edilməsini təklif edib.