Tramp: Putin tamamilə dəli olub

ABŞ Prezidenti Donald Tramp Rusiyanın dövlət başçısı Vladimir Putini gərəksiz yerə çox sayda insanı öldürməkdə ittiham edərək onun tamamilə dəli olduğunu bildirib. Tramp "Putinin etdikləri və bu qədər insanın həyatını itirməsi məni kədərləndirir. Rusiyaya əlavə sanksiyaların tətbiqini ciddi şəkildə nəzərdən keçiririk", – deyə vurğulayıb.
Tramp bu açıqlamaları "Truth Social" platformasında dünən Rusiya ordusunun Ukraynaya hücumundan sonra paylaşıb.
Putinlə uzun müddət yaxşı münasibətləri olduğunu qeyd edən Tramp, “Amma ona nəsə olub. Tamamilə nəzarətdən çıxıb. Gərəksiz yerə çox sayda insanın ölümünə səbəb olur”, – deyə əlavə edib.
Tramp Rusiyanın Ukraynaya heç bir səbəb olmadan raket və pilotsuz uçuş aparatları ilə hücum etdiyini bildirərək, “Mən əvvəldən deyirdim ki, Putin Ukraynanın yalnız bir hissəsini deyil, tamamını istəyir. İndi görünür ki, bu doğru imiş. Amma əgər o bunu etsə, bu, Rusiyanın süqutuna gətirib çıxara bilər” deyə qeyd edib.
Tramp eyni zamanda Ukrayna Prezidenti Volodimir Zelenskini də tənqid edərək, “Prezident Zelenski bu şəkildə danışmaqla ölkəsinə heç bir xeyir vermir. Onun dediyi hər şey problem yaradır. Bu, məni narahat edir və bunun qarşısını alması yaxşı olardı” deyib.
Tramp əlavə edib ki, Rusiya və Ukrayna arasındakı müharibə onun prezidentliyi dövründə baş verməzdi: “Bu, Zelenski, Putin və Baydenin müharibəsidir. Mən sadəcə bacarıqsızlıq və nifrətlə alovlandırılmış bu böyük və çirkin yanğınları söndürməyə çalışıram”.
Xatırladaq ki, Ukraynanın Daxili İşlər naziri İqor Klimenko Rusiyanın dünən Ukraynaya raket və pilotsuz uçan aparatlar vasitəsilə həyata keçirdiyi hücumlar nəticəsində 12 nəfərin həyatını itirdiyini, 60-dan çox insanın isə yaralandığını açıqlayıb.