Tramp Zelenskinin ABŞ prezident seçkilərində demokratları dəstəklədiyini iddia edib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ-da keçiriləcək prezident seçkilərində Demokrat Partiyasını dəstəklədiyini iddia edib.
ABŞ mətbuatında yer alan xəbərlərə görə, Tramp Pensilvaniya ştatında keçirilən mitinqdəki çıxışında Zelenskinin Demokratların bu seçkidə qalib gəlməsini çox istədiyini deyib.
Tramp kinayəli şəkildə ABŞ-dan milyardlarla dollar yardım alan Zelenskini tarixin ən böyük marketoloqu adlandırıb və onun hər dəfə ABŞ-a gələndə 60 milyard dollar aldığını qeyd edib.
Rusiya ilə Ukrayna arasında davam edən müharibənin dayandırıla biləcəyini irəli sürən Tramp vəzifədə olacağı təqdirdə Moskva ilə Kiyev arasında sülh razılaşmasının müzakirə oluna biləcəyini iddia edib.
Tramp deyib ki, seçiləcəyi təqdirdə həm Zelenskiyə, həm də Rusiya prezidenti Vladimir Putinə zəng vuracaq və onları sülh razılaşması əldə etməyə təşviq edəcək.
Mənbə: AA