Bir az vicdanı olan şəxs ordudakı haqsızlıqlara dözməzdi – baş leytenant
“Milli Orduda xidmət etdiyim dövrdə orduda baş verən qanunazid əməllərə qarşı çıxdığım üçün tez-tez “cəzalandırılmışam”. Mənim nə qədər haqlı olduğumu sonradan baş verən hadisələr göstərdi. Zamanında sevdiyim sahədən müxtəlif təzyiqlərlə uzaqlaşdırılsam da, Tərtər hadisələrindən sonra buna sevindim. Qalsaydım ya öldürüləcəkdim, ya da haqsız həbsə düşəcəkdim. Elə ikinci olsaydı da mən yaşaya bilməzdim. Xarakterimdə nə özümə, nə başqasına qarşı olan haqsızlıqlara dözmək yoxdur. Elə bu xasiyyətimə görə də başım bəlalar çəkib”.
Bunu AFN.az-a açıqlamasında ehtiyatda olan zabit baş leytenant Fərid Manafov deyib. O, bildirib ki, 1994-1997-ci illərdə Naxcivanski adına hərbi liseydə, 1997-2001-ci illərdə Ali Hərbi Məktəbdə hərbi təhsili alıb. 2001-2002-ci illərdə Tədris Təlim Mərkəzində təlim keçib.
2002-2006-ci illərdə 704 sayli hərbi hissədə xidmətə başlayıb. 2006-2008-ci illərdə 181sayli hərbi hissədə xidmət edib. 2008-ci ildə xəstəliyi ilə əlaqədar olaraq tərxis edilib: “Zabit kimi xidmətə çox həvəslə başlamışdım. Xidmətdə özümü tam nümunəvi aparırdım. Lakin bəzi hadisələr baş verəndən sonra mən mənəvi əziyyət çəkməyə başladım. Tez-tez orduda baş verən haqsızlıqlara qarşı çıxırdım. Əsgərlərimi qoruyurdum, onlara təzyiq edilməsinə dözmürdüm. Bu cür hallara görə özümdən rütbəcə üstün şəxslərlə də mübarizə aparırdım. Həmin vaxt mülki psixiatra müraciət etdim. Lənkəran Psixonevroloji Dispanserində mənə “sayrışan hallar nevrozu” diaqnozu qoyuldu. Müalicə lazım olsa da, imtina etdim, özümü toparladım, müalicə qəbul etmədim. Qısamüddətli məzuniyyətdən sonra işimə döndüm. Lakin əvvəlkitək yenə haqsızlıqlara qarşı çıxırdım, dedovşinanın tüğyan edən vaxtlarında var qüvvəmlə bu hallara qarşı mübarizə aparırdım. Yenə sistemdə olan satqınların gözünün düşməninə çevrilmişdim. Səhhətimdəki problemlər artıq dözülməz həddə çatdı. 2008-ci ildə “emosional-davamsız tip şəxsiyyət pozuntusu, orta dərəcə” diaqnozu ilə ordu sıralarından tərxis olundum. Ondan sonra uzun müddət yardım aldım. Bütün bunlar o dövrdə ordudakı rəhbərliyin yaratdığı şəraitdən qaynaqlanırdı. Özünüz də bilirsiniz ki, həmin vaxtlar Milli Orduda vəziyyət dözülməz idi. Bir az obyektivliyi, təvazökarlıqdan uzaq da olsa, vicdanı olan şəxs üçün susqun qalmaq mümkünsüz idi. Bütün bunlar sonda mənim sevimli peşəmdən uzaq düşməyimə, daha sonralar isə işsiz qalmağıma səbəb oldu. Mən bir növ sistemin qurbanı olmuşam. O sistemin ki, işgəncələrlə insanların ölümünə səbəb oldu, saysız-hesabsız vətənpərvər hərbçinin işgəncə görməsinə, haqsız yerə həbsə düşməsinə gətirib çıxardı”.





