İndoneziyada Dukono vulkanı üç dəfə püskürüb
İndoneziyanın Halmahera adasında (Şimali Maluku əyaləti) Dukono vulkanının azı üç güclü püskürməsi qeydə alınıb.
AFN.az xəbər verir ki, bu barədə İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Fəsadlarının Azaldılması Mərkəzi məlumat yayıb.
Məlumata görə, vulkanik kül dəniz səviyyəsindən 2387 metr (kraterdən 1,3 km) hündürlüyə ucalıb. Ağ və boz rəngli kül kütləsi şərq və şimal-şərq istiqamətində yayılıb. Qurum yerli sakinləri və turistləri kraterə 4 kilometrdən daha yaxın məsafəyə yaxınlaşmamağa və tənəffüs yollarını qorumaq üçün qoruyucu maskalardan istifadə etməyə çağırıb.
Xatırladaq ki, mayın 8-də Dukono vulkanının püskürməsi nəticəsində azı 2 nəfər həlak olmuş, 1 nəfər isə itkin düşmüşdü. Sakit okean və Avstraliya litosfer tavalarının kəsişməsində yerləşən İndoneziyada 500-dən çox vulkan var ki, onlardan təxminən 130-u aktiv fəaliyyətdədir.
