İndoneziyada İbu vulkanı yenidən püskürüb
İndoneziyanın Şimali Maluku əyalətində yerləşən İbu vulkanı yenidən lava və kül püskürüb.
İndoneziya Geologiya İdarəsinin rəsmilərindən Məhəmməd Vafid İbu vulkanında baş verən partlayışla bağlı açıqlama verib.
Vəfid təxminən 2 dəqiqə davam edən partlayışdan sonra vulkanın lava və kül püskürdüyünü, partlayış nəticəsində 5 min metrə qədər yüksələn tüstünün əmələ gəldiyini bildirib.
Səlahiyyətlilər insanlara vulkandan ən azı 7 kilometr uzaqlaşmaq barədə xəbərdarlıq edib.
İbu vulkanı sonuncu dəfə iyunun 2-də püskürüb və 7 min metr hündürlüyə kül və qum səpib.
Qeyd olunur ki, 2024-cü ilin əvvəlindən təxminən 100 dəfə püskürən İbu vulkanının aktivlik səviyyəsi may ayından etibarən yüksəkdir.
"Sakit okean od halqası", zəlzələ və vulkan qurşağında olan İndoneziyada təxminən 130 aktiv vulkan var.