NATO komandanı: Qərb öz sərhədlərindən uzaqda müharibə apararaq təhlükəsizlikdə ola bilməyəcək
Uzaqmənzilli raketlər və pilotsuz uçuş aparatları (PUA) da daxil olmaqla yeni silah sistemlərinin inkişafı Qərb ölkələrini müdafiəsiz vəziyyətə salır – onlar artıq öz ərazilərinin təhlükəsizliyindən narahat olmadan sərhədlərindən uzaqda rahat şəkildə müharibə apara bilməyəcəklər.
AFN.az xəbər verir ki, bu fikri NATO-nun Avropadakı Müttəfiq Silahlı Qüvvələrinin baş komandanının müavini Con Stringer "Business Insider" portalına müsahibəsində ifadə edib.
Onun sözlərinə görə, müasir texnologiyalar əvvəllər dərin arxa cəbhə hesab olunan strateji obyektlərə zərbə endirməyə imkan verir. "Böyük Britaniya üçün bu, o demək idi ki, biz ölkədən 2-3 min mil uzaqlıqda vuruşurduq, sonra isə Birləşmiş Krallıq adlı tam təhlükəsiz arxa cəbhəmizə qayıdırdıq. Təəssüf ki, o dövrlər artıq geridə qaldı", - deyə Stringer bildirib. O əlavə edib ki, Ukrayna münaqişəsi kütləvi PUA və raket hücumlarının təhlükəsini əyani göstərdi, ona görə də gələcəkdə NATO tək-tək obyektləri yox, bütövlükdə Avropa qitəsinin təhlükəsizliyini düşünməli olacaq.



