Aİ İsrailin milli təhlükəsizlik nazirinə qarşı sanksiya tətbiq edə bilmir
Avropa İttifaqı (Aİ) üzv ölkələr arasında yekdil rəyin olmaması səbəbindən İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı sanksiyalar tətbiq edə bilmir.
AFN.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas Lüksemburqda icmaya üzv ölkələrin XİN başçılarının görüşünə gələrkən bəyan edib.
"Bəli, bir çox Aİ ölkəsi nazir Ben-Qvirə qarşı sanksiyaların tətbiqini təklif edir. Biz bunu müzakirə edəcəyik, lakin hazırda bu məsələdə lazımi birliyimiz yoxdur", - deyə Kallas bildirib.
"Politico" nəşrinin məlumatına görə, "Sumud" flotiliyası fəallarının saxlanılması fonunda Ben-Qvirə qarşı sanksiya təşəbbüsü Almaniya, Çexiya və Avstriya kimi ölkələrin müqaviməti ilə üzləşib. Belçikanın Baş naziri Bart De Vever isə müsahibəsində Aİ-nin İsrailə qarşı heç vaxt real sanksiyalar qəbul etməyəcəyini vurğulamışdı.
