Fransa tərəfdaşları ilə ELSA uzaqmənzilli zərbə proqramını müzakirə etmək niyyətindədir
Fransa Avropa ölkələrinin uzaqmənzilli zərbə imkanlarını genişləndirməyə yönəlmiş və Avropa İttifaqı çərçivəsində başladılan ELSA (European Long-Range Strike Approach) təşəbbüsünün gələcək inkişafını tərəfdaşları ilə müzakirə etməyi planlaşdırır.
AFN.az xəbər verir ki, bu barədə ölkənin silahlı qüvvələr naziri Katrin Votren (Catherine Vautrin) "Les Echos" qəzetinə müsahibəsində məlumat verib.
"Yaxın vaxtlarda avropalı tərəfdaşlarımızla görüş keçirəcəyik. Məqsəd 500 kilometrdən 2500 kilometrədək uçuş məsafəsi olan raketlərə dair ehtiyacların təhlili əsasında ilk nəticələri çıxarmaqdır. Biz istehsalın təşkil olunması üzərində işləməyə hazırıq", - deyə nazir bildirib. Avropa ölkələrinin, o cümlədən raketlərin buraxılış sistemlərində ABŞ-dan asılılığına toxunan Votren, Parisin ilk növbədə yerli istehsal olan həll yollarını nəzərdən keçirdiyini vurğulayıb.
Qeyd edək ki, Paris Berlin, Varşava, London, Roma və Stokholm ilə birlikdə ELSA Avropa təşəbbüsündə iştirak edir. Proqramın məqsədi 1000-2000 kilometr mənzilə sahib, hələlik növü açıqlanmayan yüksək dəqiqlikli raketlərin hazırlanmasıdır.

