Şeyxin videosundakı gizli detal – “Ərəb əlifbasına keçməliyik” çağırışının sirri açıldı


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin illər əvvəl dediyi sözlər yenidən gündəmə gəlib. Bu haqda video sosial şəbəkənin Azərbaycan seqmentində sürətlə yayılır.

1989-90-cı illərdə Azərbaycan əlifbası ilə bağlı müzakirələr aktuallaşmışdı. Allahşükür Paşazadə ərəb əlifbasına keçməyin zəruri olduğunu deyirdi. Dövrün aparıcı müxalifət təşkilatı olan Azərbaycan Xalq Cəbhəsi (AXC) isə bunu gerilik hesab edir, latın qrafikalı Azərbaycan əlifbasının üzərində dayanırdı.

O vaxt milli azadlıq hərəkatının lideri olan Əbülfəz Elçibəy, professor Firudin Cəlilov və başqa şəxslər Türkiyənin dini elitasından (nurçular, fətullahçılar), İrandan və Səudiyyədən gələn bu xətti müdafiə və təbliğ edən Şeyxlə toqquşurdu. Şeyx isə üçlü, hətta bəzən dördlü xətt yürüdürdü: Türkiyə, İran və Səudiyyə xətlərini müdafiə edir, arxa planda isə öz maraqlarını qoruyurdu. Sovet KQB-sinin də əlifba məsələsində öz mövqeyi var idi. Yəni Şeyx bir neçə cəbhə ilə anlaşaraq mövqeyini gücləndirirdi. Bəzi iddialara görə, onun bu fəaliyyəti maliyyə dəstəyi ilə ödülləndirilib. Təbii, bu bir iddiadır. Doğru olmaya da bilər.

Bir başqa iddia isə budur ki, Şeyx bu xətti Azərbaycana qarşı olan qüvvələrin aqressiyasını, açıq müdaxiləsini neytrallaşdırmaq, onları arxayın salmaq üçün müdafiə edib. Bir növ onların başının altına yastıq qoyub, əlifba məsələsində gizli şəkildə AXC-nin siyasətini müdafiə edib.

Allahşükür Paşazadə xüsusilə 20 Yanvar qırğınından sonra cəmiyyətdə ciddi nüfuz toplaya bildi. Sovet ordusunun Bakıya yeridilməsinə sərt etiraz edən Şeyxülislam SSRİ rəhbəri Mixail Qorbaçovu ittiham etdi. Bu, SSRİ tarixində din xadiminin dövlət başçısını ittiham edən ilk bəyanatı idi.

Şeyxin faciə qurbanlarının yas mərasimində təşəbbüsü üzərinə götürməsi tərəfdarlarının artmasına səbəb olmuşdu. AXC rəhbərliyinin də səhnədən müvəqqəti çəkilməsi onun alanını xeyli genişləndirmişdi. 70 illik sovet rejiminin dinlə bağlı sərt qadağasından sonra müsəlman ölkəsi olan Azərbaycanda islama marağı artırmışdı. Bu boşluqda İran başda olmaqla bir neçə ölkə Azərbaycanda dini maarifçilik adı altında özünün casus şəbəkəsini doldurmuşdu. Bu mərhələdə Şeyxin nüfuzu artdı, əhəmiyyəti çoxaldı.

Allahşükür Paşazadə ərəb əlifbasına keçmək üçün ilk baxışda məntiqli görünən bir arqument də tapmışdı: ərəb əlifbasını bilməsək, 100-150 il öncəki arxivlərdə nə yazıldığına vaqif olmayacağıq. İkinci arqument də vardı. Deyirdi ki, babalarımızın məzar daşında bütün yazılar ərəb əlifbası ilə yazılıb. Bu əlifbanı bilməsək, ölülərimizə, ata-babalarımızın qəbirlərinə sahib çıxa bilməyəcəyik. Ən təsirli və cəmiyyəti təsirləndirən arqument isə belə idi ki, Qurani-Kərim ərəb əlifbası ilə yazılıb, onu orijinaldan oxuyub, mənasını dərk etməliyik.

Lakin Şeyxin ərəb əlifbasına keçməklə bağlı cəhd və çağırışları nəticəsiz qaldı. Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra əlifba ilə bağlı konkret qərarlar verildi. 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı.

Üstündən 36 il keçir, amma İranın, FETÖ-nün təsirləri Azərbaycan cəmiyyətində hələ də qalır. Bunun əsası isə 80-ci illərin sonlarında, 90-cı illərin əvvəlində qoyuldu. Bu məsələdə “Ərəb əlifbasına keçməliyik” təbliğatını aparmış Allahşükür Paşazadənin də məsuliyyət payı yetərincədir…

Globalinfo.az




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu