Qəzaya uğrayan yük təyyarəsinin qara qutuları tapıldı



ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) Mayami Beynəlxalq Hava Limanında qəzaya uğrayan Amazon karqo təyyarəsindən uçuş qeyd cihazlarının tapıldığını açıqlayıb.

AFN.az xəbər verir ki, ABŞ-ın Florida ştatındakı Mayami Beynəlxalq Hava Limanında Amazon adından 21 Air şirkəti tərəfindən idarə olunan “Boeing 767-300” tipli yük təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxıb.

San-Xuan–Mayami reysini həyata keçirən təyyarə uçuş-enmə zolağını keçərək hava limanının ətrafındakı hasarları dağıdıb və hava limanının yaxınlığında olan avtomobillərə çırpılıb. Qəza nəticəsində 5 nəfər həyatını itirib.

Təyyarənin çırpıldığı avtomobillər arasında içərisində təmizlik işçilərinin olduğu mikroavtobus və şəxsi minik avtomobilinin də olduğu bildirilib.

Toqquşmadan sonra yanğın baş verib, təyyarənin pilotu və köməkçi pilotu kabində sıxılıb qalıb. Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları göndərilib, onlar yanğına müdaxilə edib və axtarış-xilasetmə işləri həyata keçiriblər.

Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) rəhbəri Cennifer Homendi keçirdiyi mətbuat konfransında qəzanın səbəbi ilə bağlı hələlik qəti nəticəyə gəlməyin tez olduğunu və hadisənin araşdırıldığını açıqlayıb.

Təyyarəyə aid uçuş məlumat qeyd cihazının (FDR) və kabin səs qeyd cihazının (CVR) çıxarıldığı və ətraflı araşdırma üçün Vaşinqtondakı NTSB mərkəzinə göndərildiyi bildirilib.

Araşdırma çərçivəsində təyyarənin uçuş tarixçəsi, ekipajın təcrübəsi, radar məlumatları və hava şəraiti ətraflı şəkildə araşdırılacaq.

Həmçinin uçuş-enmə zolağının sonunda təyyarəni yavaşlatmağa xidmət edən mühəndislik materialından hazırlanmış dayandırma sisteminin (EMAS) olub-olmadığı da araşdırılacaq.

İlkin araşdırmalara görə, eniş zamanı bölgədə güclü külək və fırtına təsirli olub.

Qəza səbəbindən hava limanındakı iki uçuş-enmə zolağı istifadəyə bağlanıb, sıx səyahət dövrünə təsadüf edən hadisə səbəbindən yüzlərlə reys gecikib və ləğv edilib.

Amazon və 21 Air şirkətləri başsağlığı mesajları yayımlayaraq rəsmi qurumlarla tam əməkdaşlıq etdiklərini bildiriblər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu