ABŞ-də kargo təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxdı: 5 nəfər öldü



ABŞ-də “Amazon” şirkətinə məxsus “Boeing 767” tipli kargo təyyarəsinin Florida ştatındakı Mayami Beynəlxalq Hava Limanına eniş zamanı uçuş-enmə zolağından çıxması nəticəsində 5 nəfərin həyatını itirdiyi bildirilib.

AFN.az xəbər verir ki, Mayami-Deyd Şerifi Rosie Cordero-Stutz keçirdiyi mətbuat konfransında “Amazon”a məxsus kargo təyyarəsinin yerli vaxtla dünən saat 13:58-də hava limanına enişi zamanı uçuş-enmə zolağından çıxdıqdan sonra qəzaya uğradığını bildirib.

Cordero-Stutz qəza nəticəsində 5 nəfərin həyatını itirdiyini, yaralanan 5 nəfərin isə ətrafdakı xəstəxanalara aparıldığını qeyd edib.

Yerli mediaya danışan mənbələr yaralıların əksəriyyətinin pilot olduğunu bildirərkən, kargo təyyarəsinin qəza zamanı yoldakı bəzi avtomobillərə çırpıldığını qeyd ediblər.

Səlahiyyətli şəxslər ölən və yaralananların kimliyi barədə açıqlama verməyib, qəza ilə bağlı araşdırmanın davam etdiyini bildiriblər.

“Amazon”un sözçüsü Kelly Nantel CNN-ə açıqlamasında qəzanı təsdiqləyərək, “Bu, sürətlə inkişaf edən bir vəziyyətdir və biz hələ də təfərrüatları toplayırıq. Tam olaraq nə baş verdiyini anlamaq üçün yerli hakimiyyət orqanları və əməkdaşlarla yaxından işləyirik” deyib.

Sosial mediada yayılan ilk görüntülərdə nəhəng kargo təyyarəsinin uçuş-enmə zolağından kənardakı yolun ortasında yan vəziyyətdə dayandığı və hələ də bütöv qalan gövdəsindən qara tüstünün yüksəldiyi görülüb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu