Instagram-da yeni dələduzluq üsulu: Saxta müəllif hüquqları şikayətləri



Dələduzlar saxta müəllif hüquqları iddiaları ilə Instagram istifadəçilərindən pul tələb edirlər.

AFN.az xəbər verir ki, onlar Meta şirkətinin sahibi olduğu platformaya əsassız müəllif hüquqları bildirişləri göndərərək hesabların dayandırılmasına nail olur, daha sonra isə şikayətləri geri çəkmək müqabilində istifadəçilərdən pul istəyirlər.

BBC-nin məlumatına görə, 1,5 milyondan çox izləyicisi olan bir Instagram istifadəçisi 2026-cı ildə onlarla saxta müəllif hüquqları şikayəti ilə üzləşib.

Tarixi fotoşəkillər paylaşan istifadəçi məzmunlarının ictimai mülkiyyətə aid olduğunu və ya hüquq sahiblərindən lazımi icazələri aldığını bildirir. Buna baxmayaraq, eyni elektron poçt ünvanından göndərilən çoxsaylı müəllif hüquqları şikayətləri səbəbindən bəzi paylaşımları silinib və hesabı müvəqqəti olaraq bağlanıb.

Şikayətləri edən şəxslər daha sonra istifadəçidən Telegram vasitəsilə əlaqə saxlamasını və iddiaları geri çəkmək müqabilində pul ödəməsini istəyiblər.

İstifadəçi hesabını daha tez geri qaytara bilmək üçün şantajçılardan birinə kriptovalyuta ilə 50 dollar ödəyib. Lakin ödəniş etdikdən qısa müddət sonra yeni müəllif hüquqları şikayətləri ilə üzləşib.

Məzmun yaradıcıları Meta-nın saxta müəllif hüquqları şikayətlərini müəyyənləşdirməkdə yetərsiz qaldığını və etiraz proseslərinin uzun çəkdiyini bildirirlər.

Bəzi istifadəçilər platformanın dəstək komandasına sürətli çıxış əldə etmək üçün ödənişli təsdiqləmə xidmətinə ehtiyac duyduqlarını deyirlər. Yaşanan problemlərin bəzi məzmun yaradıcılarının gəlirlərini itirməsinə və brend müqavilələrini əldən verməsinə səbəb olduğu qeyd edilir.

Meta isə sistemlərinin bu cür sui-istifadələrin qarşısını almaq üçün hazırlandığını bildirərək, BBC-nin təqdim etdiyi nümunələrdən sonra bəzi hesablara əlavə qoruma tədbirləri tətbiq etdiyini açıqlayıb.

Ekspertlərin fikrincə, saxta müəllif hüquqları şikayətləri yeni üsul deyil. Oxşar dələduzluqlar əvvəllər internet saytları və YouTube istifadəçiləri üzərindən də həyata keçirilib.

Sussex Universitetinin rəqəmsal müəllif hüquqları üzrə mütəxəssisi Andres Quadamuz süni intellektin bu üsulun daha geniş miqyasda tətbiqini asanlaşdırdığına diqqət çəkib.

Quadamuz milyardlarla istifadəçisi olan sosial media platformalarının həqiqi müəllif hüquqları pozuntuları ilə saxta şikayətləri bir-birindən ayırmasının getdikcə çətinləşdiyini bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu