Almaniya məhkəməsi ChatGPT-yə lisenziyasız mahnı sözlərini qadağan etdi


Almaniyada məhkəmə süni intellekt (Sİ) tətbiqləri tərəfindən mahnı sözlərinin lisenziyasız istifadəsinin Alman müəlliflik hüququ qanunvericiliyinin pozulması olduğuna qərar verib.

Almaniyanın müəllif hüquqları təşkilatı GEMA ABŞ mənşəli süni intellekt modeli ChatGPT-nin yaradıcı şirkəti OpenAI-ni sənətçilərin müəllif hüquqlarını pozmaqda ittiham edərək Münhen Regional Məhkəməsinə müraciət edib.

Məhkəmə GEMA-nın xeyrinə qərar qəbul edərək, ChatGPT-nin lisenziyasız mahnı sözlərindən istifadə edə bilməyəcəyinə hökm verib.

Qərarda OpenAI-nin 9 məşhur mahnının müəlliflik hüququnu pozduğu qeyd olunub və bildirilib ki, ChatGPT GEMA ilə lisenziya müqaviləsi bağlamadan GEMA-ya qeydiyyatda olan sənətçilərin mahnı sözlərindən istifadə edə bilməz.

Məhkəmə müəlliflik hüququnun pozulmasından irəli gələn bütün zərərlərə görə OpenAI-nin məsuliyyət daşıdığını bəyan edib.

Bundan əlavə, məhkəmə OpenAI-nin həmin mətnləri saxlamasını və modellərində istifadə etməsini qadağan edib, tərəflərin işi Avropa Ədalət Məhkəməsinə göndərmək tələbi isə rədd olunub.

Münhen Regional Məhkəməsi ChatGPT-nin mahnı sözlərini avtomatik şəkildə istifadə etməsinin icazəsiz çoxaltma və yayma mənasına gəldiyini irəli sürən GEMA-nın arqumentini böyük ölçüdə qəbul edib.

GEMA-nın mövqeyinə görə, ChatGPT mahnı sözlərindən istifadə edərək təlim keçərkən, bu, müəlliflik hüququ qanununa əsasən icazəsiz surət çıxarma sayılır. Bundan əlavə, ChatGPT-nin həmin sözlər əsasında yeni mətnlər yaratması da əlavə müəlliflik hüququ pozuntusu kimi qiymətləndirilir.

Qeyd edək ki, GEMA mahnı sözlərinin istifadəsinə tam qarşı çıxmayaraq, müəllif hüquqları sahibləri üçün lisenziya haqqı tələb etmişdi, lakin OpenAI bu ittihamları qəbul etməmişdi.

Münhen məhkəməsinin qərarının apelasiya mərhələsinə daşınması gözlənilir. Mütəxəssislər bildirirlər ki, əgər bu qərar qüvvədə qalarsa, nəticə yalnız musiqi sözləri ilə məhdudlaşmayacaq — ədəbiyyat, jurnalistika, musiqi, vizual sənətlər, fotoqrafiya və Generative AI texnologiyalarında istifadə olunan bütün yaradıcılıq məhsulları üçün hüquqi presedent yaradacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu