Yer kürəsinin 40 faizindən çoxu quraq əraziyə çevrilə bilər
Dünya üzrə temperatur yüksələrkən, planetin ən quraq bölgələrinin daha da quraqlaşacağı gözlənilir.
AFN.az xəbər verir ki, “Environmental Research Letters” ətraf mühit elmləri jurnalında dərc olunan yeni araşdırma XXI əsrin sonuna qədər Yer kürəsinin quru ərazilərinin 40 faizindən çoxunun quraq əraziyə çevrilə biləcəyini ortaya qoyub.
Çin Meşəçilik Akademiyasının alimlərinin rəhbərliyi ilə aparılan araşdırmada yenilənmiş iqlim modellərindən istifadə edilərək qlobal quraq ərazilərin mövcud yayılma xəritəsi hazırlanıb və gələcəkdəki genişlənməsi proqnozlaşdırılıb. Araşdırmada bir bölgənin yağıntı miqdarının buxarlanma və transpirasiya yolu ilə potensial su itkisinə bölünməsi ilə əldə edilən quraqlıq indeksindən (AI) istifadə olunub.
Tədqiqatçılar iqlim dəyişikliyinin əsas səbəbi olan atmosferdəki yüksək karbon qazı (CO2) səviyyəsinin bitkilərin məsamələrini bağlayaraq daha az su itirməsinə şərait yaratdığını və bunun quraq ərazilərin gözləniləndən daha yavaş genişlənməsinə səbəb olduğunu müəyyənləşdiriblər.
Bu amil nəzərə alınaraq aparılan hesablamalara görə, 1994-2023-cü illər arasında Antarktida istisna olmaqla, qlobal quru ərazilərin 38,58 faizini əhatə edən quraq sahələrin 2071-2100-cü illər arasında istixana qazı emissiyası ssenarilərindən asılı olaraq 39,31-40,28 faiz səviyyəsinə çatacağı proqnozlaşdırılıb.
Karbon qazının təsiri nəzərə alınmadan aparılan əvvəlki araşdırmalarda isə bu nisbətin 2100-cü ilə qədər 56 faizə yüksələ biləcəyi təxmin edilirdi.
Lakin ən yüksək ssenari üzrə 40,28 faizlik göstərici belə Əlcəzairin ərazisinə və ya Avstraliyanın təxminən 30 faizinə bərabər olan 2,37 milyon kvadratkilometr yeni quru ərazinin quraqlaşması deməkdir.
Proqnozlara görə, əsr ərzində ən nəzərəçarpan quraqlaşma prosesi Avstraliyada yaşanacaq, bundan sonra Braziliya və Afrikanın müəyyən bölgələri gələcək.
Mövcud məlumatlara görə, dünyadakı quraq ərazilərin böyük hissəsini yarı quraq bölgələr təşkil edir. Çin və Avstraliyada quraq bölgələr, Əlcəzair, Liviya və Səudiyyə Ərəbistanı kimi ölkələrdə isə həddindən artıq quraq ərazilər üstünlük təşkil edir.
Gələcəyə dair ssenarilərdə ən böyük artımın həddindən artıq quraq ərazilərdə yaşanacağı gözlənilir.
