Passiv siqaret çəkmə 2023-cü ildə təxminən 1,7 milyon ölümə səbəb olub
The Lancet jurnalında dərc olunan yeni araşdırma 2023-cü ildə dünya üzrə 767 milyonu uşaq olmaqla, 2,7 milyarddan çox insanın passiv siqaret tüstüsünə məruz qaldığını və bunun təxminən 1,7 milyon ölümlə nəticələndiyini ortaya qoyub.
AFN.az xəbər verir ki, tütün istifadəsinin qlobal miqyasda əsas xəstəlik səbəblərindən biri olmaqda davam etdiyi bildirilib.
Araşdırmada 2023-cü ildə siqaretlə əlaqəli xəstəliklər səbəbindən həyatını itirən ümumilikdə 8 milyon insanın əhəmiyyətli hissəsini passiv siqaret çəkənlərin təşkil etdiyi vurğulanıb.
İşdə tütün tüstüsünə məruz qalmağın bütün dünyada tanınmış sağlamlıq riski olduğu və tüstünün tənəffüs edilməsi üçün təhlükəsiz həddin mövcud olmadığı qeyd edilib.
ABŞ Milli Sağlamlıq İnstitutlarının məlumat bazası PubMed-də dərc olunan araşdırmalar və əhali sorğularının təhlil edildiyi tədqiqatda 1990-2023-cü illər arasında 204 ölkə və regionda passiv siqaret tüstüsünə məruz qalmanın yayılma səviyyəsi və bununla bağlı xəstəlik yükü hesablanıb.
Araşdırmaya görə, 2023-cü ildə passiv siqaret tüstüsünə məruz qalan təxminən 2,7 milyard insanın 767 milyonunu 0-14 yaş arası uşaqlar təşkil edib. Passiv siqaret çəkmənin 1,66 milyon vaxtından əvvəl ölümə səbəb olduğu, xüsusilə işemik ürək xəstəliyi başda olmaqla, erkən əlillik və xəstəliklərə yol açdığı müəyyən edilib.
Uşaqlarda isə passiv siqaret tüstüsünə məruz qalmanın 2023-cü ildə 5,2 milyon tənəffüs yolu infeksiyasına səbəb olduğu bildirilib.
Siqaret çəkən şəxsin yaxınlığında olan insanların həm yanan tütün məhsulundan çıxan tüstüyə, həm də siqaret çəkənin nəfəs verdiyi tüstüyə məruz qaldığı açıqlanıb.
Passiv siqaret çəkənlərin nəfəs aldığı havanın böyük hissəsini təşkil edən tütün tüstüsünün filtrdən keçmədiyi, buna görə də aktiv siqaret çəkənin nəfəs aldığı tüstü ilə müqayisədə vahid həcmə daha yüksək konsentrasiyada zəhərli və kanserogen birləşmələr daşıdığı vurğulanıb.
1990-cı ildən etibarən dünyada siqaret çəkmə göstəricilərinin əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, əhali artımı, eləcə də Afrika və Yaxın Şərqdə məruz qalmanın artması səbəbindən tüstüyə məruz qalan insanların sayının sabit qaldığı bildirilib.
Xüsusilə siqaret çəkmə göstəricilərinin aşağı olduğu bölgələrdə qadınların passiv siqaret çəkmədən daha çox təsirləndiyi qeyd edilib. Bu böyük yükə baxmayaraq, passiv siqaret çəkmənin qadın sağlamlığı üçün əsas risk faktoru kimi qəbul edilmədiyi vurğulanıb.
Araşdırmada qadınları və uşaqları passiv siqaret tüstüsündən daha yaxşı qorumaq məqsədilə hökumətlərə ictimai yerlərdə və evlərdə daha güclü tütünə nəzarət tədbirlərini həyata keçirmək çağırışı edilib.

