Tanınmış aktyor deputat olmaq istəyənlərdən yazdı: "BAŞQASINI GÖRMƏMƏK"




Rza RZAYEV, rejissor-aktyor

Sizdən asılı olan və olmayan, baş verən və verməyənlər var, sizdən asılı olanlara cavabdehlik daşıyırsınız…

Bildiyimiz kimi, Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Millət vəkili olmaq həvəsi məqsədlər toplusuna olan baxışı üstələyib. Həvəskar namizədlər çoxluğu yaranıb.

Seçkilərin növbədənkənar olması növbədə olmayanları da həvəsə gətirib. Elə başa düşüblər ki, növbədənkənar seçkilərdə Milli Məclisə növbədən kənar düşmək olar.

Millət vəkili olmaq şərəfverici haldır deyə, çoxu seçilməyəcəyini bilsə də, namizəd kimi olsa da, adının hallanmasını özünə şərəf bilir.

İctimai qınağın və əvvəl “seçilənlərin” çoxunun yerində olmaması, yeri gözdən salmaları – “Hər kəsdən millət vəkili olar” düşüncəsinin yaranması çox mətləblərə aydınlıq gətirir və cəmiyyətin düşüncə tərzini müəyyən edir.

Cəmiyyətə çox şey aydın olmadığı kimi, bütün aydınların millət vəkili olması da şərt deyil. Bir aydın kimi, Milli Məclisdə oturmadan da işıq saça bilərsən. Seçiləndə – “gözümüz aydın” kəlməsini eşitməmək üçün!

Bu vəziyyətin işığa həssas tərəfində görünən budur ki, çoxları məşğul olduğu peşə ilə ona görə məşğul olurmuş ki, gələcəkdə millət vəkili olsun. Məşğul olduqları mövcud peşəyə təminedici faktor kimi baxıblar.

Çoxlarını başa düşdük, başadüşülməyən bəzi jurnalistlərin, sənət adamlarının Milli Məclisə düşmək həvəsidi. Ümumiyyətlə, cəmiyyətin ictimai və siyasi həyatında aktiv iştirakı, siyasi düşüncəsi, analitik təfəkkürü olmayan şəxsin millət vəkili olmaq istəməsi və bu arzusunu mövcud məşğul olduğu peşənin insanlarının problemlərini həll etmə istəyi ilə əlaqələndirməsi çox acınacaqlı haldır və bu hal onu deməyə əsas verir ki, bu adamların millət vəkili haqda “təsəvvürləri” onların millət vəkili adını daşıya bilməyəcəkləri üçün əsas yaradır.

Bir baş redaktor bir rayonun icra başçısını və ya bir naziri və nazirliyi “mətbuatdan” qoruyurdu, həmin şəxslər və qurumlar haqda tənqidi və ifşaedici yazılara cavabdehlik daşıyırdı. Aldığı məbləğin az qismini bəzi mətbuat işçiləri arasında “aylıq” kimi bölürdü ki, həmin rayon, həmin nazirlik haqda mətbuatda “yazılar” olmasın. İndi təsəvvür edin, belə baş redaktorlar millət vəkili olsalar, nələr baş verəcək?!

Və yaxud bəzi xalq artistləri dövlət tərəfindən hərtərəfli təmin olunublar, dövlət əhəmiyyətli məsələlərdə isə susublar, amma hansısa təriqətçinin müdafiəçisi rolunda çıxış edirlər, ölkə rəhbərliyinə məktub yazırlar, gerçəkliyi təhrif edirlər və həmin adamlar namizəd olub millət vəkili seçilsələr, nələr baş verəcək…

Millət vəkili hansısa bir sahənin problemini həll edən adam deyil, millət vəkili ümumi problemləri, mövcud prosesləri dərk edən, gələcəkdə baş verə biləcək hadisələri hiss edən, analitik düşünmə qabiliyyətinə malik olan, standartları və hazır reseptləri bilməklə bərabər, xəyal gücü olan şəxs olmalıdı.

Milli Məclis elə bir yerdir ki, ora müxtəlif məqsədli adamların seçilməsi təhlükəlidir. Cəmiyyətin müxtəlif təbəqələrindən, müxtəlif siyasi partiyalardan millətinə, dövlətinə eyni münasibətdə olan şəxslər parlamentdə təmsil olunmalıdır. Yəni, fərqli baxışlı, amma məqsədi eyni olanları seçmək lazımdır. Çünki istənilən qanun səs çoxluğu ilə qəbul olunur.

Təsəvvür edin ki, 1918-20-ci illərdəki kimi, düşmən millətə məxsus adamlar təmsil olunur parlamentdə və gündəlikdə Qarabağ məsələsidir, onlar da həmin (qəbul olunan) məsələnin əleyhinə səs verirlər və bu, tarixə düşür. Həmin adamların müəyyən sayda seçicisi olduğu üçün gələcəkdə həmin qərarın qəbul olunmasındakı əleyhinə səslərdən gələcəkdə bizə qarşı istifadə ediləcək, deyəcəklər ki, müəyyən qrup seçici o vaxt belə düşünürmüş, ona görə seçdikləri millət vəkili belə qərarın əleyhinə səs verib. Söhbət tarixçilərdən gedir, qanunla, faktla yox, məntiq ilə hadisələrə yanaşanlardan. Biz bu gün belə tarixi səhvlərdən və tarixçilərdən əziyyət çəkirik.

Tələbi yaradan səbəblərin yeni olmaması namizədlər çoxluğu yaradır.

Bu vəziyyəti yaradan iki əsas səbəb var.

Birinci səbəb, bizim cəmiyyətin ən böyük problemlərindən biri – başqasını görməməkdir.

Başqasının baxdığı aynada da özümüzü görürük.


Çoxluq düşünür ki, istənilən halda ən yaxşısı odur. Bu vəziyyəti yaradan bizim “başqalarını göstərən” meydançamızın olmamasıdır. Biz bu günə qədər bu meydanı yarada bilməmişik. Hamı eyni meydanda olsa, hamıya eyni meydan verilsə, eyni baxılsa, hər kəs yerini bilər, hər kəs özün görər və başqaları ilə müqayisədə kimliyini müəyyən edə bilər.

Beynimizdə mövcud olan yaddaş bankı buna imkan vermir. Yaddaşda “hamıdan üstün sənsən” düşüncəsi birləşməyə, bütövləşməyə imkan tanımır. Çünki yerində olmayan, yerinə qoyulmayan heç nə bir-birilə uzlaşmır, tamlıq yaratmır və hər şey baş-ayaq olur.

Sındırılmış şüşəni bərpa etmək üçün, ən azı, ələ gələn qalıqları yerinə düz qoymaq lazımdır ki, yaranmış boşluqları dəqiq müəyyən etmək olsun.

Hər zaman, istənilən halda özümüzə yer etmək istəyirik, boyumuza uyğun olmayan yerdə əyilərək durmaqdan belə çəkinmirik və yaxud boyumuz çatmayan yerdə dayanıb ayaq barmaqlarımızın üstünə qalxırıq, sonra əllərimizi də uzadırıq, təki istədiyimiz, layiq olduğumuz və olmadığımızı əldə edək. Çünki bu günə qədər layiq olmayan şəxslərin çoxu önə çəkildi, məqsədli olaraq böyük yerlər onların vasitəsilə kiçildildi, “filankəs ola bilir, mən niyə ola bilmirəm” düşüncəsi yaradıldı, müqayisədə iddialı şəxslərin çoxu indi haqlı görünür.

İkinci səbəb – seçici üçün düzgün seçim etmək imkanları azdır cəmiyyətimizdə.

Biz ilk əvvəl seçicinin düzgün seçim etmək imkanlarını artırmalıyıq. Bu hal imkan verəcək ki, sən başqalarını görəsən, başqasının yanında durub boy göstərə biləsən.

Çoxluğun içindən ən yaxşısını seçmək imkanı yoxdur, çünki səslər istər-istəməz parçalanacaq, seçici istədiyi ən yaxşıya yox, “salam-əleyküm”ü olduğu şəxsə səs vermək məcburiyyətində qalacaq. Yaxud seçici fəhləsi işlədiyi şirkətin mühasibinə səs verməyə məcbur olacaq, çünki ayın axırına çatdıra bilmədiyi maaşı hər dəfə yarıda bitdiyindən, neçə dəfə gələn ayların maaşından borc istəmək üçün ona müraciət etmək məcburiyyətində qalıb.

Növbədənkənar seçkilər bir daha göstərdi ki, cəmiyyətimizdə ən böyük problem hələ də vətəndaş problemidir və biz nəzərdə tutulmayan, bizim üçün oynanıla bilən oyuna hələ də hazır deyilik. Necə ki, Qarabağ probleminə hazır deyildik, yaradılanda başımızı itirdik və sonra şahidi olduq ki, mövcud başla verilən qərarların hamısı əleyhimizə olub, o dövrün mövcud problemini həll etməyə başımız çatmayıb, çünki düşmən bizi hazırlıqsız yaxalamışdı, yəni Başsız!

Bu gün dünyada və ölkəmizdə gedən proseslər heç də xeyrimizə deyil, dünyada gedən proseslərə yenə hazırlıqsız yaxalanmışıq, dünya gücləri sübut etdi ki, çox şey sizdən asılı deyil, problem sizin deyil, yaradanındır, yaradan “OK” deməyənə qədər problem həll olmaz, özünüzü gücə salmayın.

Zaman-zaman söylədim, Dövlət Başçımızın qərarları düzgün şərh edilmir, yaxud bir şəxsə göstərdiyi xoş münasibət düzgün anlaşılmır, həmin adamlar xoşniyyətli münasibətdən istifadə edirlər. Prezident bir xalq artistinə zəng edir, qəlbin alır, həmin adam sonra Prezidentlə danışdığı telefonla kimlə necə gəldi, danışa biləcəyini düşünür.

İndi dövlət başçısı vəziyyəti düzgün qiymətləndirə biləcək, vəziyyətdən baş çıxara biləcək başlar istəyir, görünən isə budur ki, çoxu bunu düzgün dərk etməyib, başı olan da, olmayan da başını başından yekə boşluğa soxur və düşünür ki, “elə bu boşluq mənim başıma görədir”. Anlamır ki, boşluqda boş görünən başa yox, boşluqdan böyük başlara ehtiyac var!

Hə, bunu da deyim, sonrası sizlikdir.

Sovet dövrünü yaşayanlar bilir, o vaxtlar hamı “06” maşınından almaq istəyirdi. “Qaz-24” satışda olmadığı üçün ən bərk gedən maşın “06” sayılırdı, amma “06” motoru ilə. Çoxlarına “06” almaq qismət olsa da, “06” motoru ilə “06” sürmək qismət olmadı, çünki “06”-ların çoxu Azərbaycana “011” motoru ilə gəlirdi. “06”-nın kuzası ağır olduğundan “011” motorunun gücü çatmırdı “06” kuzasını daşımağa. “011” motoru ən çox özünü yayda göstərirdi, bir az gücə düşən kimi, qızdırırdı, “padyomlarda” çəkmirdi, xoddan düşürdü, sonra da “padyomda” yerdən götürmək bir dərdə çevrilirdi.

İndi demək istədiyim dərdim nədir? Namizədlərin çoxu “011” motoru ilə olan “06” kuzalı “Jiquli” kimidirlər.

Seçkiyə qədər gedəcəklər, çoxu seçki günü qızdıracaq. Qızdıran motor sonra lap gücdən düşür, bir neçə dəfə qızdıran motor heç ələ gəlmir. Yəni, deməyim odur ki, isti yerinizi soyuq eləməyin, motorunuzun gücünə baxın, “Məndə də “06” kuzasıdı” – deyib şirnikməyin, yolun əvvəlinin düz olmağına baxmayın, qabaqda yüksək yollar, “padyom”lar var, “padyom”larda “011” motoru “otkaz” edər, kəllə-mayallaq gedərsiniz dərəyə.

Həm də çoxluq bu günə qədər sizi də “06” maşın kimi tanıyıb, heç kim motorunuz ilə maraqlanmayıb. Nəyə lazım, zəif yerinizi göstərib “06” motoru ilə dayandığınız “06”-ların yanında yerinizi itirəsiniz? Hələ “011” motoru ilə qabağınız bir az da “06” motoru ilə olan kuzalardan yuxarı görsənir.

Döyüşmədən qələbəsini öncədən təmin edənlər var!

Namizədlər (içində hörmət etdiyim şəxslər də var, amma reallıq başqadır) üzrlü saysınlar, amma tanıyanlar bilir ki, söz gəldi və “yerinə” düşdü – deyəcəyəm.

Hamımız toylarda şahidi olmuşuq – bir “hörmətli” şəxs üçün mahnı sifariş edilir, həmin şəxs əsas mərkəzdə, yəni “oynamaq” üçün nəzərdə tutulan yerdə öz ətrafı ilə rəqs edir. “Mahnı” toyda iştirak edənlərdən çoxunun sümüyünə düşdüyü üçün bəziləri yerində, bəziləri də qalxıb “nəzərdə” tutulmayan yerdə hoppanıb-düşürlər. Millət vəkilliyinə namizədlərin çoxu həmin nəzərdə tutulmayan, amma ətrafda sümüyünə düşən mahnıya hoppanıb-düşənlərin və yaxud yerində oynayanların durumundadırlar. Əsas şəxsin mahnısına oynamaq onda qıcıq yaratmır, əksinə, meydançada çox adamın olmasından, başına çox adamın yığılmasından qürurlanırlar.

Namizədlərin siyahısından anlaşılan budur ki, çoxu seçilsə, Milli Məclisdə tez-tez valideyn iclası keçiriləcək! (Strateq.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu